Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə

Dünyada tarix haqqında yazanlar çox olsa da, tarix yaradanların sayı olduqca azdır. Çünki tarix yaratmaq onu yazmaqdan qat-qat çətin və məsuliyyətlidir. Ulu öndərimiz Heydər Əliyev də tarix yaradan müdrik şəxsiyyətlərdəndir.
Nəzər yetirsək görərik ki, hər bir xalqın tarixində xilaskar rolunu oynamış dahi bir insan vardır. Azərbaycan xalqının tarixində isə öz müstəsna xidmətləri ilə ümummilli lider Heydər Əliyev əbədilik qazanmışdır.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olmuşdur. O da hamı kimi doğuldu, hamı kimi iməklədi, yıxıla-yıxıla yeriməyi öyrəndi. O zaman kim deyərdi ki, bu körpə gələcəyin sərkərdəsi, müdriki, elinin,millətinin, dilinin xilaskarı, tarixində əzəmətli bir dağ kimi ucalan şah babam-Şah Xətainin davamçısı olacaq. O zaman kim inana bilərdi ki, dünyanın ən tanınmış siyasətçiləri belə Xətai qüdrətli, Koroğlu əzəmətli, Nizami müdrikliyinin sintezi olan bu dühanın ərafında fırlanacaqdır. Məhz bu dühanın sayəsində bu gün biz azad, müstəqil, suverən bir dövlətin vətəndaşları-gəncləriyikHəyatımızın elə bir sahəsi yoxdur ki,bu parlaq zəkanın nur selinə qərq olmasın.
Ədəbiyyat və incəsənət, elm və mədəniyyət, musiqi, millətin taleyində qoşa qanad adlanan fiziki və mənəvi sağlamlıq-səhiyyə və təhsil, ağır və yüngül sənaye, iqtisadiyyat, ordu qurculuğu daha nələr nələr... Onun qartal baxışlarının, iti zəkasının daimi hədəfləri idi.
Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Ümummilli lider Heydər Əliyevin xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik hələ gənc yaşlarından özünü göstərirdi. Naxçıvanda sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan bu böyük insan hələ gəncliyindən yüksək vəzifələr tutmuş, çiyinlərində böyük bir ölkənin yükünü daşımışdır.
Ulu Öndərin 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri kimi gördüyü işlər xalqın yaddaşında daim qalacaqdır. Onun vəzifədə olduğu müddətdə ölkəmizdə köklü dəyişikliklər, belə desək inqilab baş verdi. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atıldı, hər il yüzlərlə gənc müxtəlif mühüm, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərildi, azərbaycanlılar mühüm dövlət vəzifələrinə irəli çəkildilər. 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi və orada Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi ümummilli lider Heydər Əliyevin xidmətləridir. Totalitar sovet rejiminin hökm sürdüyü o dövrdə respublikanın ali qanununda xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsasların müəyyən edilməsi olduqca cəsarətli addım kimi dəyərləndirilir. Sovet milli siyasətinin tələbləri ilə tam bir ziddiyyət təşkil edən bu çətin vəzifənin öhdəsindən məhz Heydər Əliyev gələ bilmişdir. "Qoy ədalət zəfər çalsın!" – o zaman Heydər Əliyevin söylədiyi və bütün işlərinin mahiyyətini təşkil edən bu sözlər xalqın dilində şüara çevrildi.
Heydər Əliyev 1982 ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi. M.Qarbaçov hakimiyyətə gəldikdən sonra isə Heydər Əliyevə qarşı həsəd və qısqanclıq hisslərinin baş qaldırması, Azərbaycan əleyhinə çirkin niyyətlərin həyata keçirilməsi Ulu Öndərin vəzifədən uzaqlaşdırılması ilə nəticələndi. Çünki Heydər Əliyevin varlığı M.Qarbaçova öz mənfur planlarını rahat həyata keçirməyə imkan vermirdi. 1990-cı ilin yanvarında keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qərəzli münasibətinin təzahürü olaraq, dinc etirazçılara qarşı Bakıya sovet ordusunun yeridilməsi misli görünməmiş qanlı faciə ilə nəticələndi. Əfsuslar olsun ki, həm SSRİ, həm də o vaxtkı Azərbaycan rəhbərliyi bu qanlı cinayətin bilavasitə təşkilatçısı və iştirakçısı olduğundan nəinki onun açılması və cinayətkarların məsuliyyətə cəlb olunmasından ötrü tədbirlər görmədi, əksinə bu vəhşiliyi gizlətmək üçün əlindən gələni etdi. 20 Yanvar faciəsindən bir gün sonra ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək xalqımızın kədərini bölüşdü,sovet hakimiyyətinin ölkəmizdə həyata keçirdiyi qanlı aksiyanı ifşa etdi və təqsirkarların cəzalandırılmasını tələb etdi. Xalq o ağır günlərdə köməksiz olmadığını hiss etdi. Vətənin ağır günündə xalqının yanında olmaq istəyən Heydər Əliyev bütün maneələrə baxmayaraq ölkəyə qayıtdı. Onun gəlişi xalqda böyük ümid və ruh yüksəkliyi yaratdı. Ulu Öndər yekdilliklə Muxtar Respublikanın Ali Məclisinin sədri seçildi.
1991-1993-cü illərdə Naxçıvana rəhbərliyi dövründə Heydər Əliyev tərəfindən respublikamızın müstəqilliyi yolunda mühüm addımlar atıldı, Muxtar Respublikanın adından «sovet sosialist» sözləri çıxarıldı, üç rəngli milli bayrağımız ilk dəfə Naxçıvanda dövlət bayrağı kimi qəbul olundu, dünya azərbaycanlılarının həmrəyliyi günü müəyyən edildi, 20 yanvar faciəsinə siyasi qiymət verildi, SSRİ-nin saxlanılması barədə referendumdan imtina edildi, mühüm imperiya strukturlarının fəaliyyəti dayandırıldı, ilk dəfə olaraq sovet qoşun hissələri Muxtar Respublikadan çıxarıldı. Lakin 1991-ci ildə dövlət müstəqilliyini yenicə bərpa etmiş ölkəmiz onu itirmək təhlükəsi qarşısında qalmışdı. Ölkədə müharibə gedirdi. İdarəçilik isə yox dərəcəsində idi. Respublikada xaos, anarxiya hökm sürürdü.Azərbaycan xalqının tək ümidi Heydər Əliyev idi1993-cü ilin iyun hadisələrinə qiymət verməyi bacaran hər bir insan dərindən dərk edir ki, ulu öndər o dövrdə qardaş qırğınının, vətəndaş müharibəsinin qarşısını almağa həyatını təhlükəyə atmaqla, ölümündən çəkinməyərək nail oldu.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi ilə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etmək, müstəqil Azərbaycan dövlətini qurmaq missiyasını “ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” söyləməklə başlayan Heydər Əliyev nadir və iti dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə Azərbaycanda keçmiş Sovetlər Birliyindən miras qalmış rejimlə daban-dabana zidd olan demokratik-hüquqi dövlət yaratmağı bacardı. Eyni zamanda, ölkəmizdə siyasi partiyaların, ictimai təşkilatların azad fəaliyyəti, senzuranın aradan qaldırılması, yüzlərlə mətbuat orqanının sərbəst nəşr olunması, özəl radio və televiziya kanallarının yayımlanması siyasi plüralizmin, azad fikrin, demokratiyanın və vətəndaş cəmiyyətinin inkişafına böyük təkan verdi.
İnsan haqlarının etibarlı qorunması dövlətin prioriteti kimi müəyyən edilərək respublikamız insan hüquq və azadlıqlarının təminatı sahəsində bütün əsas beynəlxalq konvensiyalara qoşuldu, 1993-cü ildən ölüm cəzasının icrasına veto qoyuldu, 1998-ci ildə isə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növü tamamilə ləğv edildi, əfv və amnistiya institutları geniş tətbiq edilməyə başlandı. Ölkəmizdə insan haqlarının müdafiəsinə dair mühüm normativ aktlar qəbul olundu, bu sahədə xüsusi Dövlət Proqramı hazırlanaraq həyata keçirilməyə başlandı və İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) institutu yaradıldı.
Müstəqilliyimizin on ili - 1993-2003-cü illər ərzində dahi Heydər Əliyev “siyasət mümkün olanı etmək deyil, mümkünsüzü bacarmaq sənətidir” məşhur kəlamda söylənildiyi kimi, düşünülmüş və uzaqgörən siyasəti sayəsində Azərbaycan üçün, xalqımız üçün mümkünsüz görünən hər şeyin öhdəsindən uğurla gəldi, ölkəmizin müstəqilliyini dönməz, əbədi və daimi etdi, Azərbaycan demokratik hüquqi dövlət quruculuğu yolu ilə əzmlə irəlilədi və gələcək inkişafın strateji hədəflərini müəyyən etdi. O inkişaf ki, sonrakı illərdə müstəqil Azərbaycanın daha da qüdrətlənməsi və tərəqqisi üçün möhkəm təməl və potensial rolunu oynadı. Heydər Əliyev fəaliyyətinin 1993-2003-cü illəri də bir ömrün qızıl salnaməsidir. Azərbaycanı daimi müstəqil, azad, demokratik ölkə kimi görmək istəyən dahi şəxsiyyətin öz məqsədlərini uğurla həyata keçirdiyi illərin unudulmaz səhifələridir.
Ümummilli lider həmin illərdə Azərbaycanı yalnız parçalanmaqdan, dövlət çevrilişlərindən, özbaşınalıqlardan xilas etmədi, həm də xalqımıza yeni, firavan, ildən ilə gözəlləşən bir həyat, müstəqil Azərbaycanı bəxş etdi.
Heydər Əliyevin Azərbaycan, xalqımız qarşısında ən böyük tarixi xidmətlərindən biri də onun varisliyin prinsiplərini, mahiyyətini və əhəmiyyətini çox düzgün qiymətləndirməsi və reallıqlarla əsaslandırmasıdır.
Ulu öndər "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" söyləyərkən ilk növbədə xalqın, ölkənin gələcək taleyini, ölməz ideyalarının, məqsəd və arzularının həyata keçirilməsinin vacibliyini nəzərdə tutur və bu yolda İlham Əliyev şəxsiyyətinə inamını ifadə edirdi. Sevindirici haldır ki, bu inam cənab İlham Əliyevin fəaliyyətində özünü doğrultdu və Azərbaycanın sosial-iqtisadi, mədəni inkişafında, beynəlxalq aləmdə qazanılan uğurlarda özünü göstərməklə ulu öndərin müdrikliyinin bir daha əyani ifadəsinə çevrildi. Heydər Əliyev siyasətinin zamanın sınaqlarından qaynaqlandığını, dərin zəka və ağıla söykəndiyini, xalqa və ölkənin tərəqqisinə, xoşbəxtliyinə yönəldiyini sübuta yetirdi.
Öz xeyirxahlığı,səmimiliyi,əvəzsiz xidmətləri ilə millətinin məhəbbətini qazanmış Ümumilli Lider Heydər Əliyev uzun sürən xəstəlik səbəbindən 2003-cü il dekabrın 12-də dünyasını dəyişdi. Bütün ömrünü xalqına həsr edən bu dahi insan Azərbaycan xalqının yaddaşında əbədi olaraq yaşayacaq.
Heydər Əliyevin hələ xalqımızla bağlı çox böyük arzuları vardı. Son nəfəsində belə ürəyi xalqı ilə döyünən ulu öndərin həyata keçirməyə ömrünün yetmədiyi arzularını davamçısı İlham Əliyev gərçəkləşdirdi. 30 ildən çoxdur işğal altında olan torpaqlarımız İlham Əliyevin komandanlığı ilə şanlı ordumuz tərəfindən 44 gün ərzində düşməndən azad edildi.

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan “dəmir yumruq”əməliyyatı nəticəsində ulu öndərin ən böyük arzusu həyata keçdi- Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi.Şəhidlərimizin qisası alındı.
İçin rahat olsun ulu öndər! Sənin böyük ümid bəslədiyin gənclər onlara olan inamını doğrultdu və səndən miras qalan vətəni göz bəbəkləri kimi qoruyurlar.
Ruhun şad olsun öndərim! Nur içində yat... 
Xatirə Cəfərova 
Bakı şəhəri Ələddin Məmmədov adına 76 №li tam ortaməktəbin tarix müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti