8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Son günlər Azərbaycanda İranın casus şəbəkəsinin üzvləri kimi təqdim edilən şəxslərə qarşı əməliyyatların keçirildiyi, bəzilərinin saxlanılaraq həbs olunduqlarına dair məlumatlar yayılır. Bəhs edilən məlumatlar, əsasən, teleqram platformasında yayılır və daha sonra digər sosial şəbəkələrdə paylaşılır, hətta Kütləvi İnformasiya Vasitələrində, informasiya agentliklərində xəbər materialı kimi dərc edilir. Sözügedən məlumatlarda əməliyyat keçirən orqan kimi bir çox hallarda Daxili İşlər Nazirliyinin adı hallanır. DİN-dən isə yayılan məlumatlardan xəbərdar olmadıqları bildirilir.Bəs, görəsən, teleqram kanallarında dövlət orqanları, o cümlədən Daxili İşlər Nazirliyi adından məlumat yayan şəxs və ya şəxslər kimlərdir?Mövzu ilə bağlı Sozcu.info-a danışan hüquq müdafiəçisi Xalid Ağalı bildirdi ki, “İnformasiya əldə etmək haqqında” Qanun hər bir dövlət qurumu və dövlət vəsaiti hesabına iş görən qurumların üzərinə onlarda olan ictimai informasiyaları davamlı olaraq ictimaiyyətə açıqlamaq vəzifəsi qoyur:“Dövlət qurumları özlərində olan informasiyaları sorğular, onlara telefon zəngləri – bu vasitələrlə jurnalistlərə verməlidirlər. Eyni zamanda bütün dövlət qurumları onlarda olan ictimai informasiyalara hər kəsin rahat, bərabər şərtlərlə çata bilməsini təmin emtək üçün internet saytları yaratmalıdırlar. Və həmin informasiyaları hamının əldə edə bilməsi üçün həmin internet saytlarına daxil etməlidirlər. İnternet saytının yaradılması və fəaliyyətləri ilə bağlı informasiyaların ora daxil edilməsi qanunun dövlət qurumlarının üzərinə qoyduğu vəzifədir. Amma dövlət qurumları informasiyalara hər kəsin daha yaxşı, rahat, tez çata bilməsini təmin etmək üçün digər vasitələrdən də istifadə edə bilərlər. Sözügedən teleqram kanalları, sosial şəbəkələr üzərindən informasiyaların yayılmasına da qanunvericilik hər hansı qadağa qoymur”.Məsələni şərh edən media eksperti və hüquq müdafiəçisi Ələsgər Məmmədli bu tip məlumatların rəsmi əhəmiyyət kəsb etmədiyini qeyd etdi:“İstənilən informasiya, əgər dövlət orqanlarının öz resurslarında yayılmayıbsa, onların adından yayılsa belə, onun heç bir rəsmi əhəmiyyəti olmur. Nəticə etibarilə media orqanı hansı mənbəyə istinad etməlidir sualı ortaya çıxırsa, bu halda bizim rəsmi mənbəyə istinad etmək öhdəliyimiz var. Bu media etikası baxımından da zəruridir. Və əgər rəsmi mənbələr həmin məlumatı göstərmirsə, demək, o mövcud deyil, saxta xəbərlər paylaşılır. Amma əgər məlumat geniş yayılırsa, dövlət orqanlarının öhdəliyidir ki, buna hüquqi aydınlıq gətirsinlər. Həmin resurslar, həqiqətən, dövlət qurumlarının hər hansı formada məlumatı olmayan və idarəsində olmayan, onlar tərəfindən təqdim olunmayan məlumatı yayırsa, dövlət qurumunu yalan məlumatla gözdən salırsa, onlara qarşı da hüquqi yollara baş vurmaq imkanları var. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda yalan məlumat yayan resursların həmin məlumatı götürmə və ən qısa müddətdə, əgər götürməzsə 8 saat içində onların bloklanması ilə bağlı da məhkəmə prosedurlarının başlanması nəzərdə tutulub. Dövlət orqanlarının öhdəliyi yalnız və yalnız özlərinə məxsus rəsmi şəkildə təsdiqlənmiş saytlarda, sosial şəbəkə hesablarında məlumat yaymaqdır. Dövlət orqanlarının rəsmi olmayan hər hansı resursa pul xərcləməsi mümkün deyil”.Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev isə qurumun adından məlumatların yayılması ilə bağlı bunları dedi:“Daxili İşlər Nazirliyinin Mətbuat xidmətində həmin məlumatları yayan şəxslərlə bağlı hər hansı məlumat yoxdur. Məlumat olsa, sizinlə bölüşəcəyəm. Hər bir halda bu kimi məqamlar yoxlanılır, araşdırılır”.