Azərbaycanın bugünkü qələbəsi Cənubi Qafqazın gələcək taleyini həll edir

Məlum olduğu kimi, İkinci Qarabağ savaşında ağır məğlubiyyətə uğradıldıqdan və rəsmi İrəvan üçün kapitulyasiya aktı olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı imzaladıqdan sonra belə Ermənistan Azərbaycana qarşı təxribatlarından, qərəzli mövqeyindən əl çəkmədi, sözdə Azərbaycanın ərazi bütövlüyünü tanısa da, əməldə Qarabağdakı qondarma rejimin qalıqlarını dəstəkləməyə və orada qeyri-qanuni olaraq yerləşdirdiyi ordu hissələrini Azərbaycan ərazilərində saxlamaqda davam etdi.
44 günlük Vətən müharibəsinin başa çatmasından sonra Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə Ermənistana və onun Qarabağda bəslədiyi separatçı ünsürlərə xəbərdarlıq edərək, Azərbaycanın suveren ərazisi olan Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiyasına mane olmamağa, Azərbaycanın ərazi bütövlüyünü və təhlükəsizliyini təhdid edən yanaşma və fəaliyyətdən əl çəkməyə, “dəmir yumruğu” yaddan çıxarmamağa çağırmışdır.
Lakin buna baxmayaraq, müəyyən xarici havadarlarına güvənən Ermənistan yenidən Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməyə, şərti sərhəddə hərbi təxribatlar törətməyə, Qarabağdakı separatçı xunta rejimini hərtərəfli dəstəkləməyə başladı. Son günlərdə isə separatçıların bölgədə Azərbaycan vətəndaşlarına qarşı mina terrorunun genişləndirilməsi və sentyabrın 19-da Qarabağda ikisi mülki şəxs olmaqla 6 nəfər Azərbaycan vətəndaşının erməni terrorunun qurbanı olması Azərbaycanı BMT Nizamnaməsində təsbit olunmuş suveren özünümüdafiə hüququndan yararlanaraq bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlamağa vadar etdi. Lokal miqyaslı antiterror tədbirləri zamanı yaralanan və şəhid olan Azərbaycan hərbçilərinin qanı və canı bahasına xalqımız daha bir tarixi və həlledici qələbəqazandı.
Azərbaycan hərbçilərinin şücaəti və dəmir yumruğun” əzici gücü cəmi 24 saat ərzində Qarabağdakı separatçıları ağ bayraq qaldırmağa, rəsmi Bakının tərksilahla bağlı tələblərini qəbul edərək Azərbaycan rəsmiləri ilə Yevlaxda görüşməyə məcbur etdi. Qeyd edək ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycan Ordusu antiterror tədbirləri zamanı ərazidə yaşayan mülki erməni sakinlərin zərər çəkməməsinə xüsusi diqqət yetirib, bu məqsədlə hətta hədəfə alınmış bəzi hərbi obyektlərin zərərsizləşdirilməsindən son anda imtina edilib. Bu, bir tərəfdən Azərbaycan dövlətinin ənənəvi humanist siyasətinin göstəricisidirsə, digər tərəfdən hökumətin Qarabağda yaşayan erməni sakinlərə öz vətəndaşı kimi yanaşaraq, onların təhlükəsizliyinin qayğısına qalmasının sübutudur. Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror tədbirlərinin hüquqi cəhətdən tam əsaslı olmasının və yalnız legitim hərbi hədəflərə yönələrək yüksək peşəkarlıqla həyata keçirilməsinin nəticəsidir ki, Ermənistanın və separatçıların havadarları belə bu məsələdən ölkəmizə qarşı ciddi beynəlxalq təzyiq göstərmək üçün yararlana bilmədi, rəsmi İrəvanınəsassız ittihamları və dezinformasiyası isə iflasa uğradı.
Prezident İlham Əliyevin sentyabrın 20-də Azərbaycan xalqına müraciətində səsləndirdiyi fikirlər Azərbaycan Ordusunun terrorçu xunta rejimi üzərindəki qələbəsinin əhəmiyyətini, regionda yaratdığı yeni vəziyyəti aydın təsvir edir. Dövlət başçımızın qeyd etdiyi kimi, kriminal xunta rejimi təslim olandan sonra bu gərginlik mənbəyi artıq tarixdə qalır və Qarabağda yaşayan erməni əhalisi də nəhayət rahat nəfəs ala bilər: Bunu mən demişəm və bir daha demək istəyirəm, Qarabağın erməni əhalisi bizim vətəndaşlarımızdır. Sadəcə olaraq, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası rəhbərləri o insanları girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi... Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur. Elə bunun təsdiqi olaraq, Yevlaxdakı danışıqlardan bir gün sonra - sentyabrın 22-dən etibarən Azərbaycanın humanitar yardımları Ağdam-Xankəndi yolu vasitəsilə Qarabağdakı erməni əhaliyə göndərilməyə başlanılıb.
Xüsusi vurğulamaq lazımdır ki, Prezident İlham Əliyev sözügedən müraciətində təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqaz regionunun lideri kimi çıxış etdi. Dövlət başçısı Cənubi Qafqaz bölgəsində öz maraqları naminə nifaq salan,erməni xalqından alət kimi istifadə edən, davamlı sülhün bərqərar olmasına mane olan kənar qüvvələrə aydın mesaj göndərərək, onları bölgə dövlətlərinin işinə qarışmamağa, regionu rahat buraxmağa çağırdı: “Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq! Biz bunu tələb edirik və bir daha demək istəyirəm, Ermənistan dövlətinin dünən və bu gün sərgilədiyi mövqe ümidlər verir. Ümidlər verir ki, o gün uzaqda deyil - Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri tənzimləyəcək, sülh müqaviləsi imzalayacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar”.
Beləliklə şübhə yoxdur ki, Azərbaycan Ordusunun uğurlu antiterror tədbirləri Cənubi Qafqazda yeni reallıq yaradacaq, uzunmüddətli sülhü təmin edəcək. Eyni zamanda, Azərbaycan heç zaman sayıqlığını itirməyəcək, ölkəmizə qarşı çirkin niyyətlərini gələcəkdə də həyata keçirməyə çalışanların layiqlicəzasını verəcək, “dəmir yumruğu” yenidən işə salacaq.
Qeyd olunduğu kimi, Azərbaycanın qalibiyyəti bu gün Cənubi Qafqazda yeni inkişaf, əməkdaşlıq imkanları yaradıb. Bundan regionun bütün dövlətləri və xalqları o cümlədən, Ermənistan və Azərbaycanın erməni sakinləri tarixi bir şans kimi yararlana bilər. Ona görə də yüzilliklər boyu müharibələr və xarici müdaxilələr meydanına çevrilmiş bölgəmizə nəhayət uzunmüddətli sülh gətirəcək bir tarixi şəxsiyyətin - Prezidentİlham Əliyevin siyasətini regionda sülh, sabitlik və inkişaf istəyən hər kəs dəstəkləməlidir. 
Hülya Məmmədli

Politoloq

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti