Gec, ya tez Ermənistan sülh masası arxasında oturmağa məcbur olacaqdır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edib.
Dost ölkələrin xüsusi xidmət orqanlarının rəhbərlərini salamlayan dövlət başçısı  daim operativ informasiya mübadiləsi aparmaq zəruriliyini qeyd etmişdir.
Ölkəmizin başçısı demişdir: “Azərbaycana gəldikdə, artıq bizim daxili təhdidlərimiz yoxdur. Üç həftə əvvəl həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olunub. Əlbəttə, bu, regionumuzda təhlükəsizliyin möhkəmlənməsi və sülhə nail olunması üçün imkanlar yaradır. Biz buna çalışırıq və hesab edirik ki, başqa alternativ yoxdur. Son həftələrdə baş verən hadisələrin mətbuatda, ilk növbədə, Qərb mediasında müxtəlif cür, deyərdim ki, birtərəfli, qərəzli və nə məsələnin tarixini, nə də bugünkü reallıqları tamamilə əks etdirmədən təqdim olunduğunu nəzərə alaraq, son üç ildə baş verənlər barədə sizi qısaca məlumatlandırmaq istəyirəm. Amma mənim informasiyamın, necə deyərlər, daha dolğun olması üçün tarixə qısa ekskursiya etmək istəyirəm.”
Cənab Prezident Qarabağda erməni əhalinin məskunlaşma tarixindən, Qarabağ xanlığının Azərbaycanın xanlıqlarından biri olduğunu və sovetləşmə dövründə burada muxtar vilayətin yaradılması tarixinə ekskurs edərək 100 ildən artıq müddətdə ermənilərin məkrli siyasətinə aydınlıq gətirmiş, münaqişənin başa çatmasından sonra da bu siyasətin davam etdiyini bildirmişdir: “Azərbaycana qarşı ərazi iddialarına son qoymaqla bağlı Ermənistana edilən çoxsaylı çağırışlar qəribə reaksiyaya səbəb olub ki, həm də bununla bağlı sizi məlumatlandırmaq istərdim. Bir il əvvəl – ötən ilin oktyabr ayında Ermənistan və Azərbaycan rəhbərlərinin beynəlxalq tərəfdaşlarla görüşündə Bəyanat qəbul edildi. Bu sənədə əsasən hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını və ölkələrimizin ərazi bütövlüyünü təsdiqləyən 1991-ci il Alma-Ata bəyannaməsinin tərəfdarı olduqlarını bəyan etdilər. Biz bunu Ermənistan tərəfindən atılan mühüm addım hesab etdik, Azərbaycana qarşı ərazi iddialarından nəhayət əl çəkəcəyini zənn etdik. Lakin təəssüf ki, ümidlərimiz doğrulmadı. Azərbaycanın ərazi bütövlüyünü sözdə və kağız üzərində tanıyan Ermənistan rəhbərliyi əməldə hər şeyin əksini edirdi. Təxribat hərəkətlərinə son qoymaqla bağlı Azərbaycanın etdiyi çoxsaylı çağırışlar təəssüf ki, bütün ciddiliyi ilə qəbul edilmədi. Vəziyyət daha da gərginləşdi, çünki bu il sentyabrın 2-də Ermənistanın baş naziri qondarma “Dağlıq Qarabağ respublikasının” yaradılmasının ildönümü ilə bağlı təbrik məktubu göndərdi. Bu, qırmızı xətti keçmək demək idi və təbii ki, Azərbaycan buna dözə bilməzdi. Bu, bizim ərazimizə qarşı açıq-aşkar iddia irəli sürülməsi idi. Sentyabrın 9-da qondarma “Dağlıq Qarabağ”ın qondarma hakimiyyət orqanları “seçki” keçirdilər, özlərinə yeni başçı seçdilər, bu isə mövcud reallıqların tam şəkildə inkar edilməsi demək idi və sentyabrın 19-da Azərbaycana antiterror tədbirləri keçirmək və öz suverenliyini tam şəkildə bərpa etmək üçün başqa seçim yolu qoymadı. Bir sutkadan da az davam edən tədbirlər nəticəsində Ermənistanın Qarabağdakı ordusu tamamilə tərk-silah edildi, 10-15 min nəfərlik çoxminli kontingent silahsızlaşdırıldı və ərazimizin üzərində tam nəzarət bərpa olundu. “
Hazırda Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinin aparıldığını, 30 ildən artıq müddətdə öz yurd-yuvasından didərgin düşmüş əhalinin yenidən məskunlaşmasını  qeyd edən cənab Prezident  sülh prosesinə mane olan qüvvələrin konkret ünvanını göstərmişdir: “Bununla belə, Qərbdəki erməni havadarları Azərbaycana qarşı iyrənc təxribata və yalançı kampaniyaya əl ataraq hər şeydə bizi ittiham edirlər. Burada əsas skripkanı çalan Fransadır və bu, həm sözügedən ölkənin rəsmi şəxslərinin bəyanatlarında, həm Azərbaycanın diskreditasiya edilməsi cəhdlərində, həm də Azərbaycana qarşı aparılan və hər şeyin alt-üst şəkildə təqdim edildiyi media kampaniyasında özünü büruzə verir. Azərbaycan işğalçı kimi təqdim edilir, Ermənistan isə qurban kimi qələmə verilir. Otuzillik işğalın tarixi, bütün şəhər və kəndlərimizin yerlə-yeksan edilməsi, Xocalı soyqırımı – bütün bunların hamısı, təbii ki, inkar edilir, tamamilə yalanla dolu hekayələr uydurulur. Lakin yeri gəlmişkən, onu da deməliyəm ki, elə dünən mənə bir videosüjet təqdim etdilər. Həmin videoda ABŞ prezidentliyinə namizəd Azərbaycana qarşı ittihamlarla çıxış edir və bu zaman ermənilər tərəfindən Gəncə şəhərinin raket atəşinə tutulması ilə bağlı kadrları nümayiş etdirir. Belə saxtakarlığa və həyasızlığa yol verəcək qədər simasızlaşmaq qeyri-mümkündür.
Fransanın canfəşanlıqla, özü də heç bir həqiqətə söykənmədən ermənilərə havadarlıq etməsi onu göstərir ki, bu ölkə nəyin bahasına olursa-olsun bölgədə yerləşmək istəyir. Guya ki ermənilərin halına acıdığını bəyan edən Fransa hətta BMT missiyasının müəyyən etdiyi faktları belə görməzdən gəlir. Əslində özünə yeni ağalar axtaran ermənilərin əli ilə Qafqazda sülh prosesini pozmaq, regionda  söz sahibinə çevrilmək istəyir.
Hələ də Qarabağda quldurluq edən erməni silahlı birləşmələrinin tör-töküntülərinin qaldığını, lakin tezliklə bu quldur dəstələrinin də ləğv ediləcəyini diqqətə çatdıran ölkə başçısı bir daha Ermənistana və onun ağalarına mövcud reallıqla barışıb sülh prosesinə başlamağı tövsiyə etmişdir: “Təbii ki, ölkələrimiz arasında münasibətlərin tarixi, əlbəttə, Rusiya tərəfinin vasitəçiliyini nəzərdə tutur. Biz bu təklifi müsbət qarşıladıq və xarici işlər nazirimiz Rusiya və erməni həmkarları ilə görüşməyə hazır idi. Təəssüf ki, erməni tərəfi bu görüşdən imtina etdi. İndi sual yaranır: Ermənistan sülh istəyirmi? Zənnimcə, xeyr, çünki əgər sülh istəsəydi, bu imkandan imtina etməzdi. Ermənistanın baş naziri 6 saata Qranadaya uçur, orada Azərbaycansız Azərbaycanın müzakirə edildiyi mənasız görüşdə iştirak edir, amma 2-3 saata Bişkekə uça bilmir, onun mühüm işləri varmış. Bax, biz bütün bunları açıq deməliyik. Bütün bunları hamı görür, ancaq bunu danışmaq və nəzərə almaq lazımdır.”
Ermənistanın Azərbaycanla sülh sazişi imzalaması bir çox qlobal güclərə də lazım deyil. Çünki, Ermənistan xüsusi təyinatlı terror dövlətidir. Ermənistanın yaradılma səbəbi də regionda dövlət səviyyəsində terror həyata keçirməkdir. Bu missiyadan əl çəkmək Ermənistanın sonu deməkdir. Çünki bu ölkə apardığı terrorçuluq fəaliyyətinə görə qlobal güclərdən qrant alır. Təkcə Ermənistan yox, dünyadakı əksər ermənilər məhz bu xidmətlərinə görə ayaqda qalırlar. 
Lakin günün reallığı başqadır. İndi Azərbaycan kifayət qədər güclü mövqeyi və siyasi iradəsi ilə xarakterizə olunur. Cənab Prezident İlham əliyevin həyata keçirdiyi xarici siyasət Azərbaycanı təklənmə və izolyasiya problemindən xilas etmişdir. Bunu ermənilər də, onların havadarları da yaxşı anlayırlar. Ona görə də gec ya tez Azərbaycanın tələblərinə boyun əymək zorunda qalacaqlar.
Arzu Miriyev
Bakı şəhəri 65 nömrəli tam orta məktəbin direktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}