8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Naxçıvanda köklü dəyişikliklər gözlənilir
Vasif Talıbov 1995-ci ilin dekabrında Naxçıvan Ali Məclisinin sədri seçiləndə heç kim qarşıdakı iyirmi dörd il ərzində onun öz vəzifəsini qoruyub-saxlaya biləcəyini proqnozlaşdıra bilməzdi. Siyasi təfəkkürü, idarəetmə səviyyəsi siyasi oponentləri tərəfindən şübhə altına alınan Vasif Talıbov isə, bütün əleyhidarlarını məğlub edərək, Naxçıvanda mütləq hakimiyyətini yarada bildi. İndi bəzən mətbuatda onu hətta "Naxçıvan xanı” adlnadırırlar ki, bu da Vasif Talıbovun Muxtar Respublika üzərində mütləq hakimiyyətinə işarədir. 1995-ci ildə Naxçıvan Ali Məclisinin sədri olduqdan sonra Vasif Talıbovun siyasi karyerasına ilk təhlükə 2005-cü ildə yarandı. O zaman belə söhbətlər gəzirdi ki, Heydər Əliyevin vəfatından sonra Vasif Talıbovu Naxçıvan Ali Məclisinin sədrliyindən kənarlaşdırmaq niyyətləri yaranıb. Hətta o zaman Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsini tutan Nazim İbrahimovun Naxçıvan Ali Məclisinin sədrliyinə gətirilməsi cəhdləri də olub. Ancaq Vasif Talıbov Bakıdakı əleyhidarlarının planlarını həmişə poza bilib.
Son günər Naxçıvandakı idarəçilik, Muxtar Respublikada iqtisadiyyatın vəziyyəti ilə bağlı başladılan müzakirələri də Vasif Talıbovu Naxçıvan Ali Məclisinin sədrliyindən kənarlaşdırmaq cəhdləri kimi qiymətləndirənlər var. Bu müzakirələrdən az öncə isə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin deputatı olduğu Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı, idarə edilməsi və statusu ilə bağlı sensasiya dolu açıqlaması gündəmə bomba kimi düşdü. Qüdrət Həsənquliyevin müsahibəsində əsas iki məsələnin üzərinə vurğu salınırdı. Onlardan biri Naxçıvan MR-nin hüquqi statusunun və idarəçiliyinin Azərbaycanın konstitusiyası ilə uyğunlaşmaması barədə ortaya qoyulan iddia idi. Belə ki, ixtisasca hüquqşünas olan Qüdrət Həsənquliyev çox əsaslı dəlillərlə çıxış edərək, Naxçıvan Muxtar Respublikasında qanunverici orqanın rəhbərinin eyni zamanda icraedici orqana rəhbərlik funksiyasını da öz üzərinə götürməsinin ölkə qanunlarına zidd hərəkət olduğuna diqqət çəkir. Deputatın müsahibəsində vurğulanan ikinci məsələ isə, Naxçıvanda iqtisadi vəziyyətin ağır durumda olmasına dair iddialarla bağlı oldu. Aydındır ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrinin müsahibəsinə Vasif Talıbovun müdafiəçilərindən də dərhal cavab gəldi.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzov da YAP-ın rəsmi saytında yerləşdirdiyi məqaləsində Qüdrət Həsənquliyevə cavab verməyə çalışdı. Qeyd edək ki, bu iki deputatı birləşdirən ortaq məqamlar da var. Onların hər ikisi əslən Naxçıvandandırlar. Siyavuş Novruzov Babək rayonunun Cəhri kəndində anadan olub. Qüdrət Həsənquliyev isə Culfa rayonunun Əbrəqunus kəndində anadan olub. Onların hər ikisi Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin məzunlarıdır. Hər ikisi Naxçıvandan, Siyavuş Novruzov 5 saylı Şahbuz-Babək seçki dairəsindən, Qüdrət Həsənquliyev 7 saylı Ordubad-Culfa seçki dairəsindən Milli Məclisə deputat seçiliblər. Məlumatlı şəxs iddia edir ki, Naxçıvandan seçilən deputatların hər birinin kimliyi Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovla razılaşdırılır. Əks halda kimsə Naxçıvandan deputat seçilə bilməz. Deməli, Qüdrət Həsənquliyevin Naxçıvandan deputat seçilməsinə də Naxçıvanın rəhbəri razılıq verib. Qüdrət Həsənquliyev bu etimadı da həmişə doğruldub və bir çox çıxışlarında Naxçıvandakı rejimi müdafiə edən fikirlər səsləndirib. İndi isə vəziyyət köklü dəyişib. Buna görə də Qüdrət Həsənquliyev Vasif Talıbovu tənqid etməkdən çəkinmir və Naxçıvana bütün digər rayonların hamısına ayırıldığından üç dəfə çox – 300 milyon 360 min manat məbləğində dotasiya ayırılmasına diqqət çəkir. Onun bu dəlili isə Vasif Talıbova çox ciddi zərbədir. Qeyd edək ki, 2017-ci ildə büdcədən dotasiya almayan şəhər və rayonların sayını birdən-birə 6-dan 33-ə qaldırdılar. Yəni, 2017-ci ildə 27 şəhər və rayon büdcədən ayrılan dotasiyadan məhrum edildi. Büdcə dotasiyasından məhrum edilən rayonlardan biri də işğal altında olan Qubadlı rayonu idi. İndi belə çıxır ki, işğal altındakı Qubadlı rayonu büdcədən dotasiya almaqdan məhrum edilir, ancaq Naxçıvana 300 milyon 360 min manat dotasiya ayırılır. Qüdrət Həsənquliyev eyni zamanda Naxçıvanda iqtisadiyyatın inkişaf etməməsini və Muxtar Respublikanın büdcəyə cəmi 83 milyon manat vergi ödəməsini də vurğulayır. Bunula da faktiki olaraq Naxçıvanda iqtisadiyyatın olmaması gözlər önünə sərilir. Təbii ki, Naxçıvan Muxtar Respublikasına 1995-ci ildən Vasif Talıbovun rəhbərlik etdiyini nəzərə aldıqda, bütün bu sadalanan neqativ faktlara görə məsuliyyətin məhz kimin üzərinə düşməsi haqqında da çox dəqiq rəy yaranır. Bunu da deyək ki, irəli sürülən ittihamları rədd etmək üçün Naxçıvanın guya ki, blokada şəraitində olmasına dair gətirilən bəhanələrin də əslində heç bir əsası yoxdur. Belə ki, Naxçıvanın Türkiyə və İranla birbaşa sərhəddi var. Bu isə o deməkdir ki, Muxtar Respublikada istənilən məhsulun dünya bazarlarına çıxarılmaq imkanları çox genişdir. Sadəcə olaraq burada istehsal sahələri mövcud deyil. Eyni zamanda da Naxçıvanda gömrük və vergi orqanlarının şəffaf işləmələri ciddi şübhə altındadır.
Ancaq onun da fərqindəyik ki, Naxçıvandakı problemlərin qabardılması və Vasif Talıbovun tənqid hədəfinə çevrilməsi indi heç də təsadüfən gündəmə çıxarılmayıb. Görünür, 2005-ci ildə olduğu kimi, indi də Naxçıvanda Vasif Talıbovun mütləq hakimiyyətinə son qoymaq niyyətləri yenidən yaranıb. Ölkənin çox böyük dəyişikliklər ərəfəsində olduğunu nəzərə alsaq, Vasif Talıbovun karyerasının 2005-ci ildən fərqli olaraq indi daha ciddi təhlükə qarşısında olduğunu görə bilərik. Çox böyük ehtimalla növbəti parlament seçkilərində Vasif Talıbovun deputat seçilməsinin qarşısı alınacaq və bununla da o, Naxçıvan üzərində 1995-ci ildən bərqərar olmuş mütləq hakimiyyətini itirəcək. Onu bu vəzifədə kimin əvəz edəcəyi isə, artıq başqa bir araşdırmanın mövzusudur.
Arzuman Loğmanoğlu,
"Yeni Sözçü”qəzeti