“Bir neçə aya 5-ci binadır ki, yanıb...” - Əli Əhmədov

“Bir neçə aya 5-ci binadır ki, yanıb...” - Əli Əhmədov

 

Baş nazirin müavini Əli Əhmədov da yanan binada məskunlaşan məcburi köçkünlərlə görüşüb.

Sozcu.info  xəbər verir ki, Əhmədov bildirib ki, binada yaşayanlar müvəqqəti yaşayış yeri ilə təmin olunacaqlar:

"Hadisə araşdırılacaq. Gərək yanğının nədən baş verdiyi araşdırılsın. Hansı şəraitdə yaşadıqları ilə tanış olduq. Etiraf etmək lazımdır ki, ağır şəraitdə yaşayırlar. Bilirsiniz ki, Azərbaycan hökuməti məcburi köçkünlərin məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görür. Srağagün böyük bir yaşayış massivinin açılışı oldu və insanlar növbə ilə köçürüləcək. Binalara birinci növbədə daha ağır şəraitdə yaşayan vətəndaşlar köçürüləcək. Bu, həm də ədalətli, məntiqli yoldur. Bir günün içində hamını mənzillərlə təmin edə bilmərik. Hədəfimiz ehtiyacı olan hər kəsin köçürülməsidir. Eyni zamanda köçkünlərin məskunlaşdığı binada təhlükəsizlik problemləri də var. Bir çıxış var, yaşayış şəraiti çox ağırdı. Məsələ araşdırılana qədər ailələr müvəqqəti yaşayış yerləri ilə təmin olunacaq. Bir məsələni də vurğulamaq istəyirəm. Artıq bir neçə ay ərzində məcburi köçkünlərin məskunlaşdığı 5-ci binadır ki, yanğın hadisəsi baş verib. Təbii ki, mən bununla nəsə deməyə çalışmıram. Hələ araşdırma aparılacaq və nəsə demək üçün çox tezdir. Bir nəfər yıxılıb, ancaq vəziyyəti yaxşıdır. Bizim üçün də əsas olan budur ki, salamatçılıq olsun. Heç kim narahat olmasın. Hazırda mənzilə ehtiyacı olan məcburi köçkünlərin sayı da çoxdur. 100 minlərlə rəqəmlərlə ölçülürlər və bütün bunların hamısını həll etmək üçün zaman lazımdır. Yaxın bir neçə il ərzində problemin əhəmiyyətli dərəcədə kəskinliyini azaltmaq niyyətindəyik. Amma bundan ötrü on minlərlə yeni mənzillər tikilməlidir. Bunlar asan şeylər deyil və zaman tələb edir ki, Azərbaycan hökuməti bunları ardıcıl şəkildə həyata keçirə bilsin".



Oxşar Xəbərlər

Xəbər lenti