Tehranda 180 nəfərin öldüyü təyyarə qəzası barədə şok versiyalar

 

Qəzada həlak olan bort üzvü Yekaterina Statnikin evlərinə zəng edərək təyyarəyə silahla atəş açıldığını bildirib, prezident Zelenski  fərziyyələrdən çəkinməyə çağırdı, İran Mülki Aviasiya Təşkilatı hesabat yaydı; Asim Mollazadə: "Müəmmalıdır...”

Yanvarın 8-də Tehrandan Kiyevə uçan "Boeing 737" Ukrayna təyyarəsinin yerə çırpıldığı anı əks etdirən görüntülər yayılıb. Partlayış anı küçədə yerləşdirilən videomüşahidə kameralarına düşüb.

"Komissiya tərəfindən Tehran yaxınlığındakı qəzanın araşdırılması ilə bağlı ilkin hesabatı gözləməyə və fərziyyələrdən çəkinməyə çağırıram”. "Yeni Müsavat” xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski belə deyib. Onun sözlərinə görə, hazırda informasiya məkanı faciə ilə bağlı bir çox nəzəriyyə və versiyalarla doludur:

"Aydın məsələdir ki, hamımız həqiqəti mümkün qədər tez öyrənmək istəyirik, amma bu kimi məsələlərdə sürət həqiqətə mane ola bilər. Komissiyanın araşdırma ilə bağlı hesabatını gözləmək lazımdır. Ukraynanın ”informasiya müharibəsi"ndə olduğu bir şəraitdə hər kəsdən xahiş edirəm ki, manipulyasiyalardan, fərziyyələrdən, sui-qəsd nəzəriyyələrindən və yoxlanılmamış məlumatlardan uzaq dursun". Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası İranda təyyarənin qəzaya uğraması ilə bağlı bir neçə versiyanın nəzərdən keçirildiyini açıqlayıb.

Sozcu.info xəbər verir ki, bu barədə RİA "Novosti” məlumat yayıb.

Bildirilib ki, əsas versiyalar kimi təyyarənin zenit raketi ilə vurulması, terror aktı, eləcə də texniki səbəblərdən mühərriyin partlaması göstərilir.

Ukraynaya məxsus sərnişin təyyarəsinin qəzaya uğraması səbəbləri müxtəlif cür izah edilir. Təyyarə ekipajı arasında 27 yaşlı uçuş işçisi Yekaterina Statnikin evlərinə telefon zəngi diqqəti xüsusilə çəkib.

Belə ki, o, Xerson bölgəsindən qohumlarına zəng vurub təyyarəyə atəş açıldığını söyləməyə vaxt tapa bilir. Bundan sonra əlaqə kəsilib.

İranda qəzaya uğrayan ile ilgili görsel sonucu

Bu haqda Modern.az xarici mediaya istinadən yazır ki, atəşin kiçik silahlardan atıldığını güman etmək olar, nəticədə mühərrik yanıb və partlayıb.

"Boeing 737" tipli sərnişin təyyarəsinin qəzadan öncə hava limanına dönməyə cəhd etdiyi və kömək üçün radio çağırış etmədiyi açıqlanıb. ”Associated Press"in verdiyi xəbərə görə, bu barədə İranın Mülki Aviasiya İdarəsinin  ilkin hesabatında bildirilib. Təyyarənin qəzaya uğramazdan əvvəl alovlanmağa başladığı bildirilib.

Qeyd olunub ki, təyyarənin yerə çırpıldığı zaman böyük partlayışa səbəb olması onun yanacaqla tam dolu olması ilə bağlıdır. Tədqiqatçılar təyyarənin "qara qutular”ının hər ikisinin bərpa edildiyini, lakin qutulardakı bəzi məlumatların itdiyini də bildiriblər.

"Təyyarə əvvəlcə 8000 fut hündürlüyə qalxıb, bundan sonra radarlardan itib, yerlə toqquşub və alışıb. Şahidlərin (yerdəki insanlar və digər uçuş vasitələrinin ekipaj üzvləri) məlumatına əsasən, təyyarədə havada ikən yanğın başlayıb, təyyarənin yerlə toqquşmasından sonra partlayış baş verib”, - deyə İran Mülki Aviasiya Təşkilatının hesabatında bildirilib.

İranda qəzaya uğrayan ile ilgili görsel sonucu

Təyyarənin "qara qutu”sunun zərər gördüyü və oxunması üçün ekspertizaya təhvil verildiyi də vurğulanıb. Qəza İran və ABŞ arasında yüksək gərginlik yaşandığı vaxtda, İranın ABŞ qüvvələrinin yerləşdiyi iki hava bazasına raket zərbələri endirdikdən bir neçə saat sonra baş versə də, iki hadisənin əlaqəli olması barədə dəlil yoxdur.

"Mehr” agentliyinə görə, İranın Mülki Aviasiya Təşkilatının (CAO) rəhbəri Əli Abedzadə "qara qutu”nu istehsalçıya və amerikalılara verməyəcəyik" deyib. "Bu qəza İranın aviasiya təşkilatı tərəfindən araşdırılacaq, ancaq ukraynalılar da iştirak edə bilər” deyə, o qeyd edib.

Milli Məclisin V çağırış üzrə deputatı Asim Mollazadə "Yeni Müsavat”a bildirdi ki, təyyarə qəzası ilə İranın Amerika bazalarına raket zərbəsi endirməsi arasında bağlılıq olduğunu ehtimal etmək üçün araşdırmaları gözləmək lazımdır. Onun sözlərinə görə, beynəlxalq mütəxəssislərin qəza ilə bağlı araşdırmalarından sonra şərh vermək mümkündür və indiki halda məsələ müəmmalı olaraq qalır. A.Mollazadə hesab edir ki, ABŞ-İran arasındakı gərginlik səngiməyə doğru gedir və bölgədə yeni münaqişələr olmayacağına ümid olunur.

İranda qəzaya uğrayan ile ilgili görsel sonucu

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə "Yeni Müsavat”a söylədi ki, şayiələrə yox, faktlara inanmaq lazımdır.  Onun fikrincə, təyyarənin vurulması barədə şübhələrin, mülahizələrin olması başadüşüləndir: "Çünki sual yaranır ki, niyə məhz indi İran ərazisində təyyarə qəza etdi? Nə üçün başqa vaxta bu hadisə təsadüf etmədi?  Bununla belə, Qərb və Ukrayna mütəxəssisləri təsdiqləyirlər ki, hadisəyə səbəb təyyarədəki nasazlıqdır”.

Politoloqun fikrincə, təyyarə Ukraynaya məxsus olsa da, texniki baxış İranda keçirilib: "İranın öz təyyarələri də tez-tez texniki qəzalar edir. Sanksiyalara görə yeni avadanlıqlar ala bilmirlər. Digər tərəfdən, Amerikanın təyyarəni vurmaq kimi bir əməliyyata qol qoyacağına inanmıram. Nəzərə almaq lazımdır ki, təyyarədə iranlılarla yanaşı ukraynalı, britaniyalı, kanadalı sərnişinlər də olub. Amerika təyyarəni niyə vursun? Bu gün İranı vurmaq üçün başqa imkanları var”.

Qeyd edək ki, 167 sərnişin və 9 heyət üzvü ölüb. Ölənlər arasında 82 iranlı, 63 kanadalı, 10 isveçli, 4 əfqan, 3 britaniyalı, 3 alman, uçuş heyəti daxil olmaqla, 11 ukraynalı olub. Ukraynanın Tehrandakı səfirliyi bildirib ki, hadisəyə səbəb mühərrikdəki nasazlıq olub və hadisənin terrorla heç bir əlaqəsi yoxdur.



Oxşar Xəbərlər

Xəbər lenti