Bu gün, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Xəqani Cəfərli,
politoloq
Rusiyanın Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan haqları üzrə Şurasındakı yerini itirməsi ötən həftənin ən ciddi beynəlxalq hadisəsi sayıla bilər.
Qeyd edək ki, oktyabrın 28-də BMT-nin Baş Assambleyasında keçirilən səsvermənin nəticələri rəsmi Moskvada ciddi narahatlıq yaratsa da, insan haqları fəallarının sevincinə səbəb olub. İnsan haqları müdafiəçilərinin bu sevinci isə səbəbsiz deyil.
Xatırladaq ki, BMT-nin Baş Assambleyasında keçirilən səsvermədən əvvəl aralarında "Human Rights Watch” və "Care İnternational” kimi nüfuzlu qurumların yer aldığı 80-dən artıq beynəlxalq insan haqlarını müdafiə təşkilatı Baş Assambleyaya müraciət edərək Rusiyanın BMT-nin İnsan haqları üzrə Şurasından çıxarılmasını istəmişdilər. Rusiya isə bu ilin sonunda BMT-nin İnsan haqları üzrə Şurasında başa çatan üzvülük hüququnu daha üç il uzatmağa çalışırdı. Ancaq 80-dən artıq beynəlxalq təşkilatın Baş Assambleyaya müraciəti sonda öz nəticəsini verdi və Rusiya Macarısatan və Xorvatiyaya uduzaraq BMT-nin İnsan haqları üzrə Şurasında təmsilçilik hüququnu itirdi.
Macarıstan bu məqsədlə BMT-nin 193 üzvündən 144 ölkənin səsini qazanarkən, Rusiya cəmi 112 dövlətin dəstəyini ala bildi. Rusiyanın hətta Xorvatiya ilə rəqabətdə uduzaraq ondan daha az dövlətin dəstəyini qazanması şimal qonşumuzun dünyada nüfuzunu itirdiyini göstərir.
İnsan haqları fəalları isə hesab edirlər ki, Rusiyanın BMT-nin İnsan haqları üzrə Şurasından çıxarılması Moskvanın Suriyada tərətdiyi cinayətlərə verilən ilk cavabdır.
Bir çox nüfuzlu beynəlxalq insan haqları təşkilatı Rusiyanın Suriyada törətdiyi qətliamları insanlıq əleyhinə cinayət kimi xarakterizə edirlər. Buna görə də onlar Rusiyanın BMT-nin İnsan haqları üzrə Şurasında qalmasını bəşəriyyət üçün utancverici hesab edirdilər.
Rəsmi Moskva isə baş verənləri fəlakət saymasa da, ancaq Rusiya üçün də yaxşı hal hesab etmir. Rusiya rəsmiləri öz "ənənələrinə” saiq qalaraq ölkənin bütün dünyadan təcrid olunmaqda olduğunu etiraf etməkdən yayınaraq, baş verən hər bir hadisəni kiçiltməyə çalışır. Onların oktyabrın 28-də baş verənlərin əhəmiyyətini azaltmağa çalışmasını anlamaq çətin olmasa da, qeyd etməliyik ki, bu, ciddi hadisədir və Rusiya rəsmilərinin yanaşamasından asılı olmayaraq, onun əhəmiyyətini azaltmaq mümkün deyil. Bu proses hər şeydən öncə Rusiyanın nüfuzunu itirməkdə davam edərək, artıq arzuolunmaz dövlətə çevrildiyini göstərir.
İkincisi, Moskvada anlayırlar ki, Rusiyaya qarşı sərt ittihamlar bundan sonra BMT-nin İnsan haqları üzrə Şurasının tribunlarından səslənəcək. Rusiyanın bu qurumda təmsilçiliyi isə bir sıra təşəbbüslərin qarşısını almağa imkan verirdi. Artıq bundan sonra Rusiyanın təcavüzkar hərəkətlərinin bu qurumda müzakirəsi mümkün olacaq. Bu müzakirələr Rusiyanın əməllərinə görə beynəlxalq hərbi məhkəmədə cavab verməsini sürətləndirə bilər.
Rusiyanı bürümüş hərbi-vətənpərvəlik hay-küyünə baxmayaraq, Moskvada baş verənlərin əhəmiyyətini anlayanlar kifayət qədərdir. Görünür, hərbçilərin tələblərinə rəğmən, prezident Vladimir Putinin Hələbin bombalanmasına icazə verməməsi də məhz Rusiyanın BMT-nin İnsan haqları üzrə Şurasındakı yerini itirməsindən qaynaqlanır. Ümumiyyətlə, Putinin son günlər təcavüzkar siyasətindən bir qədər geri çəkilməyə meyillənməsi müşahidə olunur.
Onu da qeyd edək ki, oktyabrın 28-də baş verən hadisə yaxın üç ildə dünyada, xüsusilə də Avrasiya məkanında demokratik proseslərin inkişafına müsbət təsir edəcək və Rusiyanın təcridini sürətləndirəcək.