İbranicənin yenidən doğuşu

 

İsrail dövlətinin quruluşunun 69-cu ili münasibəti ilə günümüzdə bu dövlətin rəsmi dili olan İbranicənin uzun əsrlər sonra yenidən  canlı bir dilə çevrildiyi haqqındakı kiçik bir araşdırma.

 

İbrani dilinin yenidən doğuşu çağdaş dünyamızın sosial lingvistik nöqteyi–nəzərindən ən əsrarəngiz olaylarından biridir. Belə ki, İbrani dili 17 əsr sadəcə dini ayinlərin və ruhani ədəbiyatın dili olmuşdur. 20-ci yüzilə gəldiyimizdə isə bu dil bir xalqın canlı, ədəbi və bədii dilinə çevrilmişdir. İbranicənin bu səviyyəyə çatmasında isə şübhəsiz ki, Elizzer ben Yehudanın böyük rolu və zəhməti olmuşdur. O, özü haqqında hər zaman belə deyirdi: "Hər bir yenilik üçün ilk addım atacaq birisi lazımdır və o addım atacaq şəxs geri çəkilmənin nə olduğunu bilməməlidir”. 1858-ci ildə Polşada anadan olan Elizzer ben Yehuda, yəhudi yaddaşının dil vasitəsilə oyanacağına inanaraq, kiçik yaşlarından İbranicəni öyrənməyə başlayır. Daha sonra İbranicəni daha mükəmməl öyrənmək məqsədilə 1881-ci ildə Fələstinə gəlir. Öncə, həyat yoldaşı ilə birliktə yalnızca İbranicə danışmağı qərara alırlar. Dünyaya İtamar isimli övladları gəldiyində isə, Ben Yehuda həyat yoldaşı ilə birliktə övladlarının istifadə edəcəyi ana dilinin İbranicə olacağına dair and içirlər. İbranicə danışan uşağın sadə sözlərə ehtiyacı vardı. Bunun üçün Ben Yehuda velosiped, kukla, dondurma və digər sözlərin İbranicə qarşılığını yaradır. Bununla birliktə o, "İbranicə evdə”, "İbranicə məktəbdə”, "Lüğət ehtiyatı” kimi dərsliklər yazıb, İbranicə qəzetlər çap etməyə başlayır. Bunun nəticəsində isə artıq 19-cu əsrin sonlarına doğru Fələstindəki yəhudilər xüsusi zəhmət çəkmədən İbranicə qəzet oxuyub anlamağa başlayırlar. Təbii ki, bu bir o qədər asan deyildi. Günlük 18 saat çalışaraq 17 cildlik "Qədim və müasir İbranicənin bütöv lüğəti” isimli əsərini ərsəyə gətirdi. 1890-cı ildə Ben Yehuda İbranicə Məsləhət Mərkəzini yaradır. Günümüzdəki İbrani Akademiyası həmin İbranicə Məsləhət Mərkəzinin bir növ davamıdır. Beləliklə, Elizzer Ben Yehudanın qayəsi və çalışqanlığı nəticəsində İbranicə tarixin qədim qatlarından və əski yazılardan gün işığına çıxaraq günümüzdə dünyanın canlı dillərindən birinə çevrildi.

Oğuz Məmmədli



Oxşar Xəbərlər

Xəbər lenti