Dünən, 19:14
24-12-2024, 09:46
24-12-2024, 09:32
21-12-2024, 10:25
27-11-2024, 17:30
Həkim-psixiatr, ictimai-tibbi analitik Abdulla Şıxlinski “Hürriyyət”in əməkdaşı ilə söhbətində Azərbaycan səhiyyəsində mövcud olan problemlər haqda danışıb. Onun sözlərinə görə Azərbaycan səhiyyəsində problemlər həddindən artıq çoxdur və bunun da bir çox obyektiv səbəbləri var:
“1991-ci ildə Sovetlər Birliyi dağıldı və Azərbaycanda səhiyyə sistemi də, təbii olaraq, çökdü. Beləliklə, Azərbaycan səhiyyə sistemində çaşqınlıq yarandı. Yəni bu dağılmış səhiyyənin üzərində nəsə qurmaq lazım idi. Bu məqsədlə 1991-ci ildən başlayan proses hardasa 2000-ci ilə qədər davam etdi və mən deyərdim ki, hətta hələ də başa çatmayıb. Bu çaşqınlıq prosesi şəraitində səhiyyə sisteminin yenidən qurulması ilə məşğul olan adamlar belə tezislər irəli sürməyə başladılar ki, birinci növbədə xarici mütəxəssisləri Azərbaycana cəlb etmək lazımdır. İkinci tezis isə ondan ibarət oldu ki, pullu səhiyyə sistemini inkişaf etdirək. Bəs, pullu səhiyyə sistemini hansı model üzrə, necə və hansı istiqamətdə inkişaf etdirmək lazım idi? Onlar dedilər ki, kapitalist modeli üzərində inkişaf etdirilsin. Guya, biz kapitalizm sisteminə keçmişik. Amma kapitalizm sisteminin özündə də səhiyyə sistemi tamamilə başqa cürdür...”.
Ekspert deyir ki, həmin vaxt təklif olunan birinci tezis, əslində, özünü doğrultmadı: “Bu tezisin əsas hədəfi o idi ki, guya, xaricdən gələn həkimlər Azərbaycanda xəstələrə yüksək səviyyədə qulluq göstərəcəkdilər. Lakin zamanla belə bir nəticə ortaya çıxır ki, sən demə, xarici mütəxəsislərin səviyyəsi Sovet İttifaqının tədris proqramları ilə təhsil almış həkimlərin səviyyəsindən qat-qat aşağıdır. Mən özüm həmin illərdə Azərbaycan Tibb Universitetinin (o vaxtkı Tibb İnistitunun) son kurslarında oxuyurdum və qəribə bir faktla rastlaşdım. Belə ki həmin vaxt xaricdən Azərbaycana mütəxəsislər gəlirdi və onlar tibb müəssisələrində təhsil almış, bütün ixtisasları tamamlamış, yəni əllərində həkimlik sənədləri olan insanlar idi. Amma, əslində, onlar Azərbaycana yenidən hazırlanmaq üçün göndərilirdilər. Burda belə bir ziddiyətli proses yarandı. Bir tərəfdə bu tezisi inkişaf etdirmək istəyirdilər ki, guya xarici ölkələrdən, kapitalist ölkələrindən dəvət olunmuş mütəxəssislər Azərbaycan səhiyyəsini düzələdəcək, amma sonra məlum oldu ki, SSRİ dövründə Azərbaycan səhiyyəsi ideal vəziyyətdə olub. 1991-ci ildə insanların pulsuz tibbi yardım almaq hüququ real şəkildə həyata keçirilirdi. Xarici ölkələrdə səhiyyə orqanaları, dövlət qurumlar isə öz mütəxəssilərini Azərbaycana göndərirdilər ki, onlar Azərbaycanda Sovet səhiyyəsində yetişmiş mütəxəssislərdən dərs alsınlar. Mən şəxsən bu prosesin iştirakçısı olmuşam.
Misal olaraq, Türkiyədə təhsil almış həkimlər, uzmanlar Azərbaycana ayaq açmağa başlamışdı. Bilirsiniz ki, Sovet ittifaqı dövründə Türkiyə ilə Azərbaycanın arasında elə sərbəst gediş-gəliş yox idi. Yəni bu münasibətlər təzə-təzə qurulurdu və Türkiyədən gələn həkimlər Azərbaycana təcrübə toplamağa, öyrənməyə gəlirdilər. Burada isə belə deyirdilər ki, guya biz kimlərdənsə öyrənməliyik. Amma bizim həkimlər heç nə öyrənmirdilər. Çünki bura gələn həkimlərin özləri tibb baxımından geridə qalmışdılar, onlar bizdən öyrənməyə gəlirdilər.
1991-ci ildə Türkiyədən gələn həkimlərin bilik səviyyəsi bizim həkimlərə baxanda çox aşağı idi. Mən bunun canlı şahidi olmuşam. Deməli, bir neçə türk həkim yenidən ixtisaslaşmaq üçün mənim təhsil aldığım Azərbaycan Tibb İnistitutunda gəlib-gedirdilər. Biz tələbələr çox təəccüblə onlara baxırdıq. Onların əksəriyyəti təbabəti ümumiyyətlə bilmirdilər. Onların bildikləri təbabət tamamilə başqa bir sahə idi və bu, xəstələrin müalicəsini lazım olan qaydada təmin etmirdi. Yəni bu adamlar həkim kimi tamamilə savadsız idilər. Doğrudur, Türkiyə bizə yaxın ölkədir, qardaş ölkədir, dost ölkədir, amma bunları deməliyəm”.
Abdulla Şıxlinski deyir ki, SSRİ dağılandan sonra post-sovet ölkələrində fəaliyyət göstərən həkimlərin xarici mütəxəssislərdən öyrənməyə ehtiyacları yox idi: “Həqiqətən də Sovet dövründə təhsil almış həkimlər başqa ölkələrin həkimlərindən daha çox savada malik idilər. Hətta bizim ən məsuliyyətsiz həkimimiz onların ən məsuliyyətli həkimindən daha çox savadlı idi.
Məlumat üçün deyim ki, fəaliyyətimin ilk illərində Bakı şəhər Təcili Yardım Stansiyasında həkim işləyirdim. O vaxt Türkiyənin müxtəlif şirkətləri, strukturları Azərbaycanda pullu təcili yardım məntəqələri açmışdılar. Biz dəfələrlə həmin pullu təcili yardım məntəqələrinə çağırışa gedəndə, bizə qədər ora gəlmiş adamlar elə başa düşürdülər ki, türklər daha savadlı, daha istedadlı həkimlərdirlər. Əslində, acı həqiqət olsa da, bu gün üçün də belədir. Biz o vaxt xəstəyə edilən müalicənin tamamilə səhv olduğunu dəfələrlə görmüşük. Xəstələr öz seçib gəldikləri xəstəxanadan narazı qalırdılar ki, həm pul ödədik, həm canımız sağ olmadı. Sonradan bəzi xəstələr Səhiyyə Nazirliyinin tabeçiliyində olan Təcili Yardım Stansiyasına briqada çağırırdılar. Bu faktları şəxsən mən özüm yaşamışam. Hətta vəziyyət o qədər gərgin idi ki, huşsuz xəstəyə diaqnoz qoya bilmirdilər”.
Ekspert Azərbaycanın Türkiyə səhiyyəsinin standartlarını götürməsi da yanlış olub: “Deməli, sonradan Azərbaycan tamamilə Türkiyyə səhiyyəsinin standartlarını götürməyə başladı. Bunun niyə, nəyə görə olduğunu hələ də başa düşə bilmirəm. Üstəlik, Azərbaycan vətəndaşları öz uşaqlarını ali tibbi təhsil almaq üçün Türkiyəyə göndərməyə başladılar. Hal-hazırda Azərbaycanda Türkiyədə təhsil almaq bahalı bir brendə çevrilib, yaxşı pulu, imkanı olan adam öz uşağını bu ölkəyə təhsil almağa göndərir. Xərclənən xeyli pula səbəb, həmin uşaqlar orada oxuyur və uzman adını alıb, Azərbaycana gəlirlər. Bura qayıdan uzmanların 80 faizinin bilik səviyyəsi sıfıra bərabərdir. Burdan belə aydın olur ki, xaricdə təhsil alıb gəlmiş həkimlər, uzmanlar Azərbaycan əhalisiylə dil tapa bilmir. Onların Azərbaycan əhalisiylə kommunikasiyası alınmır. Çünki orada təhsil alıb gələnlərin özlərinin dediklərinə görə, Türkiyədə Ali tibb müəssisələrində onlara təbabətdən çox, marketalogiya öyrədirlər. Yəni xəstələrdən necə pul alınmalıdır, necə pullu təbabət prinsiplərini həyata keçirmək lazımdır və s. Bu məsələlər xaricdə, xüsusilə Türkiyədə oxuyanlara daha yaxşı öyrədilir, nəinki insanlara real tibbi yardım göstərmələri. Mənim fikrimə görə, həmin “uzman” deyilən mütəxəssislər Azərbaycan səhiyyəsini dağıdan birinci qüvvədir. Ordan gələn həkimlərlə həmsöhbət olduqda adama elə gəlir ki, sanki bunlar ümumiyyətlə tibbi təhsil almayıblar. Onların xəstəliklərə, terminologiyaya baxışı fərqlidir və insanlara qarşı həddindən artıq eybəcər münasibət bu həkimlərdə hiss olunur.
Türkiyyədən gəlmiş həkimlərin birinci vəzifəsi səhiyyədə biznes qurmaq olur. Yəni xəstənin taleyi, düzgün müalicəsi, onun düzgün reabilitasiya prinsipləri həkimləri demək olar ki, maraqlandırmır. Bu həyatın həqiqətidir, bəlkə də kimlərsə bunlarla razılaşmayacaq, amma bu belə də var”.
(Ardı var)
Söhbətləşdi: Jalə FAMİLQIZI