Ali Məhkəmədən biabırçı qərarı haqda tənqidlərə yarımcavab gəldi


Tanınmış vəkil Əkrəm Həsənovun Ali Məhkəmənin Plenumunun Qərardadını sərt tənqid etməsi, biabırçı adlandırması haqda yazmışdıq.
https://musavat.com/news/taninmis-vekil-ali-mehkemedeki-novbeti-biabirciliqdan-yazdi_945614.html

Musavat.com xəbər verir ki, dekabrın 27-də Ali Məhkəmənin saytında (https://supremecourt.gov.az/post/view/1518) vəkilin tənqidinə reaksiya verilib.

Yada salaq ki, söhbət ipoteka predmetinin hərracda 2 dəfə satılmadığı halda tələbkarın onu 30 gün ərzində əldə etməsi (əks halda, ipotekaya xitam verilir) ilə bağlı təcrübədəki problemlərin həlli üzrə Ali Məhkəmənin Qərardadından gedir.

Əkrəm Həsənov Plenumun Qərardadı ilə bağlı açıqlamasında qeyd etmişdi ki, 12-ci bəndində vurğulanan “bütün prosedurların 30 gün ərzində başa çatması” məsələsinə aydınlıq gətirilməyib. Konkret olaraq həmin müddət ərzində tələbkar tərəfindən ipoteka predmetinin qalıq dəyərinin mülkiyyətçiyə ödənilməsi məsələsi açıq qalıb. Bu da tələbkarların özbaşınalıq etməsinə (ödənişdən qeyri-müəyyən müddətə yayınmasına) yol açır.

"Ali Məhkəmənin dekabrın 27-də yaydığı açıqlamasında deyilir ki, guya mən Qərardaddakı mövqeyi təhrif etmişəm. Belə ki, orada deyilir: “hüquqi mövqe, bu əldə etmənin ipoteka predmetinin dəyəri ilə bağlı qarşılıqlı hesablaşmaların aparılması şərti ilə həyata keçirilməsini istisna etmir.” Xüsusi ilə vurğulanır ki, “ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri gördüyü və protokolu qanunla müəyyən edilmiş şərtlərlə imzalamağa razılığını ifadə etdiyi halda mümkündür, habelə buna dair qəbul edilmiş məhkəmə aktında da əmlakın ipoteka saxlayan tərəfindən hansı şərtlərlə əldə edildiyi dəqiq göstərilməlidir. Göründüyü kimi, Qərardadda ipoteka saxlayanın hərrac protokolunun qarşılıqlı hesablaşmaya dair şərtlərə cavab verən qaydada imzalanmalı olmasına hər hansı əks hüquqi mövqe bildirilməmişdir" - deyə Əkrəm Həsənov qeyd edir.

Bildirir ki, Ali Məhkəmənin bu cür münasibəti təəccüblüdür: "Mən heç yerdə deməmişəm ki, Qərardaddakı mövqe hesblaşma şərtini istisna edir. İstisna etmir, əlbəttə. Amma ödənişin mütləq edilməsinə dair birmənalı tələb də müəyyən etmir axı. Buradakı “müddət ərzində bütün zəruri tədbirləri gördüyü” ifadəsi də qeyri-müəyyəndir. Hansı tədbirləri? Deməli, məsələ açıq qalıb və məhkəmələr, icra məmurları, hərrac təşkilatları və Daşınmaz Əmlakın Dövlət Reyestri yenə də konkret işlərdə ona istədikləri kimi yanaşa biləcəklər. Axı biz Qərardaddan problemin birmənalı və tam həllini gözləyirdik!

Suallar qalacaqsa, belə qərardadların qəbulunun mənası nədir?

Elə Ali Məhkəmənin bugünkü açıqlaması da dolayısı ilə onu göstərir ki, Qərardadda aydın olmayan məqamlar var. Ən dəhşətlisi isə odur ki, bugünkü açıqlamada qaldırdığım məsələyə yenə də birmənalı münasibət bildirilməyib. Çünki “hüquqi mövqe, bu əldə etmənin ipoteka predmetinin dəyəri ilə bağlı qarşılıqlı hesablaşmaların aparılması şərti ilə həyata keçirilməsini istisna etmir” ifadəsi dispozitivdir. Birini istisna etmirsə, deməli, əks yanaşmanı da istisna etmir. Bu baxımdan bugünkü açıqlama təəssüf doğurur: heç olmasa indi məsələyə tam aydınlıq gətirə bilərdilər də!

Yeri gəlmişkən, statusumda digər məsələlərə də toxunmuşdum. Məsələn, münasibət bildirilən qanun normasının qəbul olunma tarixinin Qərardadda səhv yazılmasına və s. Onlarla bağlı Ali Məhkəmə bu gün açıqlmanı belə verib: “Qərardadla bağlı yazıda ifadə edilmiş və heç bir hüquqi əsası olmayan digər fikirlərə dair münasibətin bildirilməsinə lüzum görülməyərək”. Lüzum görmürlərsə, mən də israr etmirəm. Sadəcə digər məqamların da olduğunu xatırladıram.

Öz növbəmdə, bugünkü açıqlamanın 2 məqamına diqqət çəkmək istəyirəm.

1. Ali Məhkəmə deyir: “Ali Məhkəmə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyi və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqelərin proqnozlaşdırılan olması baxımından fəaliyyəti barədə hüquq ictimaiyyətini mütəmadi məlumatlandırmaqla, şəffaflığın və ictimaiyyətə açıqlığın təmin olunmasına böyük önəm verir. Şəffaflıq qərarlar

ın dərc edilməsi, qərarlar üzrə açıq elektron axtarış sisteminin təqdim edilməsi, müxtəlif hüquqi məsələlərin müzakirəsində ictimaiyyətin iştirakının təmin olunması, habelə ictimai maraq doğuran məsələlərin kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə yayılması və digər yollarla həyata keçirilir.”

Çox yaxşı! Mən də şəffaflığın tərəfdarıyam.

Elə isə Ali Məhkəmədən soruşuram: niyə əlavə kassasiya və s. icraatlarda baxılan işlər üzrə Plenum qərarları dərc olunmur?

Axı Ali Məhkəmənin ən yüksək orqanı Plenumdur. Niyə digər qərarlar dərc olunur, amma Plenumun qərarları dərc olunmur? Şəffaflıq tərəfdarları belə etməməlidir!

2. Ali Məhkəmə deyir ki, guya mən Ali Məhkəmənin hakimlərinin nüfuzuna xələl gətirən ifadələr yaymışam. “Ali Məhkəmənin hakimlərinin təyin olunması qanunvericiliklə hər 3 hakimiyyət qolunun iştirakı” ilə həyata keçirildiyi üçün guya “hakimlərin kompetentliyinin müzakirə predmetinə çevrilməsi məhkəmə hakimiyyətinin nüfuzuna və cəmiyyətdə məhkəmələrə etimada ciddi zərbə vurmaqla, həm də hakimlərin seçim prosedurunun legitimliyini əsassız olaraq şübhə altına alır”.

Əvvəla, mən heç kəsin şəxsiyyətinə toxunmamışam. Ali Məhkəmənin 2 kollegiyasının aktına münasibət bildirmişəm. Vətəndaş kimi, hüquqşünas kimi, bu, mənim haqqımdır. Ali Məhkəmə mənim vəkil olduğumu xüsusilə vurğulayır. Lakin ictimai mövqeyim vəkil fəaliyyətimin tərkib hissəsi deyil. "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunun 18-ci maddəsi ("Vəkil etikası") elə belə də başlayır: "Vəkil peşə fəaliyyətini həyata keçirərkən..." Digər maddələrdə də yanaşma belədir. Vəkil kimi fəaliyyətimin qanundakı çərçivəsi var.

Malı mala qatmaq lazım deyil!

Mən ilk növbədə vətəndaş və hüquqşünasam. Vətəndaş mövqeyim var! Cənab Prezident dəfələrlə xalqı dövlət qurumları üzərində ictimai nəzarəti həyata keçirməyə səsləyib. Mən də bunu edirəm. Özü də yalnız məhkəmə sisteminə münasibətdə yox. Yəni hər hansı qərəzlilikdən söhbət belə gedə bilməz.

Hakimlərin təyinatı əlbəttə ki, legitimdir. Bütün digər vəzifəlilərin təyinatı kimi (kompetentliyə gəldikdə isə elə ötən həftə bəzi deputatlar təyin olunan hakimlərə dair şübhələrini səsləndirdilər). Lakin bu, onların məsum olmasına dəlalət etmir. Hamı səhv edə bilər. Əks halda, vəzifəlilərin xeyli hissəsi son dövrdə istefaya göndərilməzdi. Elə Ali Məhkəmənin bəzi hakimləri də bu günlərdə vəzifəsindən azad edildi.

Sonda bir daha bildirirəm ki, hər zaman konstruktiv müzakirələrə açığam. Yalnız bir istəyim var: 1918-1920-ci illərdə mövcud olmuş Cümhuriyyətimizin varisi olan Azərbaycanda hüquqi dövlətin bərqərar olması!
Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}