25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Azərbaycan siyasi hakimiyyətinin müharibədən sonra separatçı rejim nümayəndələriylə danışıqlara getməyəcəyini dilə gətirməsi qondarma qurumda “kadr islahalatları” ilə nəticələndi.
Erməni əsilli rusiyalı emissar, “filantrop” Ruben Vardanyanın bölgəyə gəlməsi və özünü “dövlət naziri” qismində Qarabağ ermənilərinin təmsilçisi kimi göstərməsi də rəsmi Bakı tərəfindən qəbul olunmadı. Bundan savayı tanınmamış “DQR”dəki “köhnə qvardiya”nın “hakimiyyət”dən uzaqlaşdırılmasına baxmayaraq, Bakı yenə də öz mövqeyində qətiyyətini qorudu.
Ötən gün isə erməni KİV-lərinin Qarabağda olan mənbələri belə bir məlumatla çıxış etdilər ki, Rusiyanın bölgədəki sonuncu ssenarisi olan Ruben Vardanyan bu yaxınlarda öz “vəzifəsi”ndən gedə bilər.
Maraqlıdır, Bakı ilə təmasa keçəcək şəxs növbəti perspektivdə kim olacaq?
Suallarımızı cavablayan politoloq Orxan Amaşov Yenisabah.az-la söhbətində bəzi məsələlərə aydınlıq gətirib. Onun sözlərinə görə, Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında mühafizə olunan separatçılar arasındakı bu ziddiyətin yaranması sözsüz ki, son hadisələrlə bağlıdır:
“Ən əsas da Laçın yolu ətrafında baş verən hadisələr. Çünki orada keçirilən ekoprotest bir neçə məqamı üzə çıxardı. Bu, onu üzə çıxardı ki, Ruben Vardanyan gözlənildiyi qədər effektiv adam deyil. Maraqlıdır ki, Ruben Vardanyan Qərb mətbuatına bu yaxınlarda verdiyi açıqlamada qeyd etmişdi ki, Xankəndi və ətrafındakı vəziyyət bir o qədər də kritik deyil. Çünki Rusiya sülhməramlılarının vasitəsilə oraya qida gətirilir, eyni zamanda Beynəlxalq Qızıl Xaç Komitəsinin yardımlarıı vasitəsilə Xankəndidəki xəstə şəxslər İrəvana göndərilir. Bu da humanitar blokada səfsəfəsini ortaya atan insanlar tərəfindən cidid qıcıqla qarşılandı”.
Siyasi analitikin təhlilinə görə, hazırda Ruben Vardanyanın Araik Arutyunyan və Vitali Balasanyanla münasibətlərinin pis olması daxildə ona qarşı böyük bir qəzəb yaratdı:
Bu qəzəbin yaranmasının səbəbi Azərbaycanın qətiyyətli mövqeyi olsa da, daha konkret olaraq Laçın yolu ətrafında yaranmış vəziyyətin Qarabağ erməniləri üçün yaratdığı seçim imkanları fonunda qiymətləndirilməlidir. Vardanyanın İrəvandakı hakimiyyət orqanlarıyla da münasibətləri pisdir. Amma Vardanyanın müsahibələrinə baxsaq, görərik ki, o, sona qədər burada qalmağı düşünür”.
O.Amaşov onu da söyləyib ki, Rusiya-Azərbaycan-Ermənistan üçbucağında bu gün Ermənistanla Rusiyanın münasibətləri pisləşib:
“O cümlədən Ermənistanın belə bir bəyanatla çıxış etməsi ki, Laçın yolu ətrafındakı məsələlərdə Ermənistan tərəf olmaq istəmir və rəsmi Bakı birbaşa Xankəndiylə danışmalıdır və s. Bu da onu göstərir ki, İrəvan istəyir ki, Qarabağ erməniləriylə rəsmi Bakı arasında dialoq olsun. Bu dialoqun pozulmasının səbəbi isə Vardanyanın bölgəyə Moskva tərəfindən göndərilməsi idi. Vardanyan bu işdə müəyən bir müvəffəqiyyətə də nail oldu”.
O, bir məsələyə də aydınlıq gətirib:
“İndi isə söhbət ondan gedir ki, Azərbaycanın rəsmi dövlət orqanları İrəvanla olan danışıqlara fərqli istiqamətdə baxır, Qarabağ erməniləriylə danışıqlara isə ayrı. Amma Bakı ilə Qarabağ erməniləri arasındakı danışıq əsla oradakı separatçı rejimlə olan danışıqlar deyil. Xatırlayırsınızsa, bu yaxınlarda Balasanyan azərbaycanlılarla görüşdə iştirak etmişdi. Üstəlik, o, bizim tərəfimizdən Qarabağ erməniləri arasında nüfuz sahibi olan bir şəxs kimi görülürdü. Lakin sonradan o, qondarma rejimdəki “təhlükəsizlik şurası katibliyi” vəzifəsini itirdi”.
Mütəxəssis iddia edib ki, Azərbaycan heç bir halda Vardanyanla danışıqlara getməyəcək:
“Lakin tədricən separatçı rejimin içərisində haçalanmalar ola bilər və ola bilər ki, oradan bir qrup ayrılsın və Qarabağın erməni icması qismində Azərbaycanla danışıqlara getsinlər. Bu, Azərbaycanın maraqlarına uyğundur və bu baxımdan, burada qeyri-adi bir şey yoxdur. Bu, ölkənin daxili məsələsidir və bu daxili məsələdə Ermənistan da məlum məsələlərə qarışmamaq istiqamətində mövqe göstərir”.
“O ki qaldı konkret o şəxs kim olacaq, bunu söyləmək çox çətindir. Birmənalı şəkildə hazırda Vardanyanın heç bir şansı yoxdur. Eləcə də hesab etmirəm ki, burada həmin şəxsin kimliyi önəmli olsun. Məncə, daha çox həmin şəxsin hansı qiyafədə bizimlə danışması əsas məsələ olacaq. Bugünkü separatçı rejimdə təmsil olunan şəxslər də həmin rejimin hüdudlarından kənara çıxıb bizimlə danışıqlara gedə bilərlər. Bu, hazırda Xankəndidə Rusiya sülhməramlılarının nəzarəti altında olan şəxslərdən biri də ola bilər. Söhbət onun adının və soyadının kim olmasından yox, onun hansı qiyafədə bizimlə danışmasından gedir”, – siyasi şərhçi yekunlaşdırıb.