Bu gün, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Qabil Hüseynli: "Sonda peşman olan Gürcüstan tərəfi olacaq”
Nemət Əliyev: "SOCAR-ı sıxışdırıb çıxarmaq istiqamətində Rusiyanın özünün də sürprizləri olacaq”
Xəbər verildiyi kimi, Gürcüstan hökuməti Rusiyanın "Qazprom” şirkəti ilə ölkənin qaz təchizatının şaxələndirilməsi üçün danışıqlar aparır. Gürcü rəsmilərin bildirdiyinə görə, danışıqlar yekunlaşmaq üzrədir və əldə edilmiş razılaşmaya əsasən, Gürcüstan Rusiyadan müəyyən həcmdə qaz alaraq, Azərbaycan qazından asılılığı azaldacaq.
Ötən gün belə bəyanatla Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Georgi Kobuliya çıxış edib. Onun sözlərinə görə, "Qazprom”la müqavilənin uzadılması ölkənin qaz bazarında Azərbaycanın inhisarçı mövqeyi ilə mübarizə aparmaq məqsədi güdür: "Biz istəmirik ki, bazarda inhisarçılıq yaransın və yeganə qaz təchizatçısı Azərbaycan olsun. Azərbaycanın da olmağını istəyirik, amma müəyyən həcmdə qazı Rusiyadan almaq lazımdır”.
Nazir Georgi Kobuliya deyib ki, Gürcüstanın qaz təchizatının 90 faizini həyata keçirən "SOCAR Georgia Gas” şirkəti martın 1-dən kommersiya abonentləri üçün qazın qiymətini 10.5 faiz qaldıracağını elan edib.
"SOCAR Georgia Gas” şirkətinin nümayəndəsi Anton Samsonidze isə bunu belə izah edir: "Qiymətin korrektə edilməsi larinin ABŞ dollarına münasibətdə ucuzlaşması və qazın paylanılması tarifləri ilə bağlıdır”.
Amma hökumətdə hesab edirlər ki, bu bahalaşma "Qazprom”u bazara daxil etmək üçün kifayət qədər tutarlı əsasdır.
Parlamentdə olan müxalif deputatlar isə hökumətin bu şaxələndirmə cəhdini ölkənin milli maraqlarını satmaq adlandırıb. "Avropa Gürcüstanı” fraksiyasının üzvü Elene Xoştariya bildirib ki, bununla hökumət Tbilisini Moskvanın orbitinə çəkir: "Rusiya işğalçıdır, o qaz iynəsini öz siyasi məqsədlərinə çatmaq üçün istifadə edir. Rusiya şaxələndirmə mexanizminə xidmət edə bilməz. İndi illər lazım olacaq ki, Rusiyadan asılılıq azalsın. Bu yazılı həqiqətləri nə vaxta qədər təkrarlamaq olar?!”
Bu situasiyadan keçmiş Gürcüstan prezidenti Mixail Saakaşvili də istifadə edib və özünün "feysbuk” səhifəsindən hakimiyyətin ünvanına sərt bəyanatla çıxış edib.
"Sənin strateji tərəfdaşın Azərbaycan heç vaxt, hətta ən kritik məqamlarda belə qaz təchizatından imtina etməyib, o biri tərəfdə isə qaz kəmərini partladan və Gürcüstanı qışın ortasında qazsız qoyan Rusiya dayanıb. Üstəlik Azərbaycan qazı Rusiya qazından ən azı 20 faiz ucuzdur” - Saakaşvili bildirib.
Enerji ombudsmanı Salome Vardiaşvili isə hesab edir ki, Azərbaycan şirkəti tarifləri niyə artırdığını daha dəqiq əsaslandırmalıdır: "İstənilən tarif artımı yaxşı əsaslandırılmalıdır və sənədlərlə təsdiqlənməlidir. Mən SOCAR-ın mövqeyi haqda eşitmişəm, amma bu kifayət deyil. Tariflərin artırılması ilk növbədə kiçik və orta biznesə təsir edəcək, qaz təchizatçıları insanların vəziyyətini nəzərə almalıdır”.
"Gürcüstan bu gün də Azərbaycandan aldığı elektirik enerjisinin pullarını axıra qədər ödəyə bilməyib”
Gürcüstan hökumətinin Rusiyanın "Qazprom” şirkəti ilə müqavilə bağlamasına münsaibət bildirən keçmiş dövlət katibi, politoloq Qabil Hüseynli "Hürriyyət”ə dedi ki, Gürcüstan yıxıldığı yerə bir də yıxılmaq istəyir: "Eyni zamanda Azərbaycanın ona etdikləri yaxşılıqların hamısının üstündən sanki xətt çəkmək istəyir. Bu gün Gürcüstan büdcəsinin az qala yarıya qədəri Azərbaycanın gerçəkləşdirdiyi tranzit layihələr əsasında formalaşdırılır. Yəni Azərbaycan Gürcüstan üçün həyati əhəmiyyətə malik olan müxtəlif enerji və nəqliyyat layihələrini gerçəkləşdirir və bundan Gürcüstan böyük mənfəət götürür. Azərbaycanı qaz bazarında inhisarçı adlandırmaq ən azından korazehinlik və edilənlərin haqqını verməməkdir. Gürcüstan bu gün də Azərbaycandan aldığı elektirik enerjisinin pullarını axıra qədər ödəyə bilməyib. Azərbaycan tərəfini qaz bazarında inhisarçı adlandırmaq həm Azərbaycanın gördüyü işlərə kölgə salmaq, həm də Rusiyanın bu bölgədə guya, inhisarçı olmadığı kimi təsəvvürlər yaratmağa xidmət edir. Yalnız xeyirxahlıq hisslərini itirmiş insanlar belə danışa bilər”.
"Gürcüstana satdığımız qiymətdən xeyli baha qiymətə Yunanıstana və İtaliyaya satmaq imkanlarımız var”
"Hələ ki, TANAP yenicə reallaşdırılmaqdadır, Azərbaycan indiyə qədər istehsal etdiyi qazın böyük hissəsini Gürcüstana, bir hissəsini isə Türkiyəyə satırdı. İndi bizim artıq qazımız olmağa başlayıb. Bizim bunu Gürcüstana satdığımız qiymətdən xeyli baha qiymətə Yunanıstana və İtaliyaya satmaq imkanlarımız var. İndi Gürcüstan əgər manevr etmək istəyir və Rusiyaya yaltaqlanan bir möve tutmağa çalışırsa, bu, onun öz işidir. Çünki bir azdan qaz bazarında çox sıxlıq olacaq. Yəni TANAP layihəsi tam işə düşdükdən, Azərbaycanın "Şahdəniz-2” qaz yatağı tam gücü ilə işlədikdən sonra biz qazın böyük miqdarını TAP layihəsi ilə Yunanıstana, İtaliyaya, Albaniyaya, ola bilsin Serbiyaya və digər Avropa ölkələrinə nəql edəcəyik. Amma sonradan Gürcüstan fikrini dəyişib və yaxud Rusiya ilə arasında hər hansı bir soyuqluq yaranandan sonra yəqin ki, Azərbaycandan qazın artırılmasını tələb edəcək, o zaman Azərbaycanın bunu etməyə imkanı olmayacaq.
Bax, beləcə Bidzina İvanişvli deyilən bir tip iki xalq arasında münasibətləri korlayan addımlar atmaqda davam edir. Əvvəl erməni terroristinə abidə qoyulmasına göz yumur, indi isə Azərbaycanla qaz məsələsində yalançı sözlər yaymaqla, Azərbaycanın enerji layihələrinin müəllifi kimi imicinə müəyyən xələl gətirmək istəyir. Bu, baş tutmayacaq və sonda peşman olan məncə, Gürcüstan tərəfi olacaq”,-deyə politoloq vurğuladı.
"SOCAR-ın satdığı qazın həcmi azalacaqsa, Gürcüstandan əldə etdiyi qazanc da aşağı düşəcək”
İqtisadçı Nemət Əliyev isə "Hürriyyət”ə dedi ki, son vaxtlar Rusiya və Gürcüstan arasında müəyyən bir yaxınlaşma hiss olunur: " Yəqin ki, bu yaxınlaşma fonunda Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstana qaz satışın bahalaşdırlması haqqında etdiyi ananos öz təsirini göstərib. Gürcüstan Rusiya ilə müqavilə bağlayıb, Rusiyadan qaz idxal edəcəksə, heç şübhəsiz ki, Gürcüstan ağırlığı həmin qazın satışına verəcəkdir. Yəqin ki, Gürcüstan bazarından SOCAR-ı sıxışdırıb çıxarmaq istiqamətində Rusiyanın özünün də sürprizləri olacaqdır. Bu, böyük ehtimala SOCAR-la müqayisədə qiymətlərin aşağı salınmasında, daha yaxşı xidmət göstəriməsində özünü göstərəcəkdir. Doğrusu, inanmıram ki, tam şəkildə SOCAR-ı da oyundan kənar vəziyyətdə qoysunlar. Ancaq Gürcüstanın tələbatının müəyyən bir hissəsinin ödənilməsində Rusiya bəlli bir paya sahib olacaq. Əgər Rusiya Azərbaycanla müqayisədə daha əlverişli qiymətlər təklif edəcəksə və SOCAR buna uyğunlaşmayacaqsa, o zaman SOCAR-ın ümumiyyətlə Gürcüstanın qaz bazarından tam şəkildə sıxışdırılıb çıxarılması ehtimalı çox böyükdür. Çünki sərf etməyən bir ticarətə niyə baş qoşsunlar ki? Yox, əgər qiymət sarıdan problem olmayacaqsa, yəni Rusiya və Azərbaycan şirkətləri eyni bir qiymət siyasəti yürüdəcəklərsə, o zaman SOCAR Gürcüstanda qaz satışı bazarında müəyyən qədər öz missiyasını yerinə yetirəcək. Amma bu, şübhəsiz ki, SOCAR-ın satdığı qazın həcminə təsir göstərəcək, təsir göstərəcəksə, həcm azalacaqsa, SOCAR-ın Gürcüstandan əldə etdiyi qazanc da aşağı düşəcəkdir”.