"Mən siyasətə qoşulmağı planlaşdırmıram" - Emin Ağalarov

"Mən siyasətə qoşulmağı planlaşdırmıram"

 

 Rusiyanın tanınmış azərbaycanlı iş adamı, "Crocus Qrupu"un vitse-prezidenti, Azərbaycanın Xalq artisti Emin Ağalarov APA -nın Moskva müxbirinə müsahibə verib.
Sozcu.info həmin müsahibəni oxucularına təqdim edir.

- Rusiyanın "Birinci kanalı"nın yeni mövsümündə Müslüm Maqomayev haqqında 8 seriyalı film nümayiş olunacaq. Bu serialın yaranması ideyasının Sizə məxsus olduğu deyilir. Bu ideya necə yarandı?

- Əslində, bu ideya təkcə mənə məxsus deyil. Müslüm Maqomayev haqqında film çəkilməsi ideyasınınçoxsaylı insana məxsusolduğunu desək, yəqin ki, yanımarıq. Hansı ki, həmin insanlar kino dünyasında Müslüm Maqomayev haqqında film və ya filmlərin yaranmasının vacibliyi haqında düşünürlər. Təbii ki, bu təkliflərin hamısı Tamara Sinyavskayaya gəlirdi. O da həmin təkliflərin icra olunması, danışıqlar prosesinin aparılması üçün məni yönləndirdi. Çünki danışıqlar prosesi olduqca çətin idi. Bura müqavilənin bağlanılması, ssenariyə nəzarət və digər vacib məsələlər daxildir. Mən bu məsələdə Tamara İliniçnanın köməkçisi vəzifəsini icra etmişəm. Biz istəyirdik ki, Müslüm Maqomayevin obrazı hansı səviyyədə olmalıdırsa, elə də olsun. Biz "Birinci kanal"la müqaviləyə bağlayan, bu layihə üzərində işləyəcək çəkilişi qrupunu təsdiqləyən zaman Rusiya televiziya kanalları arasında mübarizə başladı. Həmin kanallar da Müslüm Maqomayev haqqında serial çəkmək istəyirdi. Mən, bu zaman çətin vəziyyətə düşdüm. Elə alındı ki, çoxlu sayda vacib insana "yox" deməli oldum. Çünki "Birinci kanal"la əvvəldən razılığımız vardı. Mən bir arqumentin üzərində dayandım ki, əvvəldən kiminləsə razılaşmışamsa, o zaman bu layihəni başqasına verə bilmərəm.

Daha sonra əsas məsələ - ssenarinin yazılması mərhələsi gəldi. Burada artıq Tamara Sinyavskaya özü iştirak edirdi. Çünki bir çox nüans var ki, bunu ancaq Tamara İliniçna xatırlaya bilər. Misal üçün, Müslüm ağ şlyapanı 1969-cu ildə deyil, 1972-ci ildə geyinib. Belə nüansları ancaq Tamara İliniçna bilir. Təbii ki, Tamara Sinyavskayanın əməyi bu sserialın ərsəyə gəlməsində böyükdür.

- Seriala çəkiləcək aktyorların seçilməsində də iştirak etmisiniz?

- Bəli. Əsas məsələ baş rolun ifaçılarını seçmək idi. Bu, çox çətin idi. Müslüm Maqomayevi və Tamara Sinyavskayanı oynayacaq aktyorları seçmək təbii ki, əsas məsələ sayılırdı. Tamara İliniçna rolunu oynayacaq aktrisanın seçimində iştirak etmədim. Mənə elə gəlir ki, bu rola seçiləcək aktrisanı Tamara Sinyavskayanın özündən başqa heç kəs təsdiq edə bilməzdi. Lakin Müslüm Maqomedoviç rolunu oynayacaq aktyorun seçiminə görə çox narahatlıq keçirdik. Lakin həmin aktyor tapıldı. Mənə elə gəlir ki, Miloş Bıkoviç bu rolu oynamaq üçün ən yaxşı seçim idi. Miloşu Maqomayev roluna təsdiq etməklə biz "10-luğ"a vurmuş olduq. İlk kastinqdən sonra gördüklərimiz onu deməyə əsas verdi ki, seçimimiz uğurludur. Sınaq çəkilişini Tamara İliniçna özü görməmişdi. Zəng edib ona dedim ki, aktyor seçimi fenomenaldır. Məncə, bu məqam serialı daha ciddi edir.

- Layihəni də Siz maliyyələşdirmisiniz?

- Xeyir. Serialı mən maliyyələşdirməmişəm. Burada mürəkkəb maliyyə sxemi var. Layihəni serialı çəkən prodakşn maliyyələşdirir və onun telekanalla öz münasibətləri var. Mən burada təşkilatçı rolunu oynamışam. Kanalla çəkiliş qrupu və Tamara Sinyavskaya arasında əlaqələrin qurulmasına kömək etmişəm. Heç bir halda mən bu prosesin əsas iştirakçısı deyiləm. Köməkçi vəzifəsini və bu layihənin yüksək səviyyədə ərsəyə gəlməsinin təmanatçısı rolunu oynamışam.

- Bakıda keçirilən "Jara" beynəlxalq musiqi festivalı haqqında soruşmaq istəyirəm. Bu festival artıq brendə çevrilib. "Jara"nı Azərbaycanla Rusiya arasında mədəniyyət körpüsü də adlandırırlar. Bu festivalı keçirməyi planlaşdıran zaman "Jara"nın iki ölkə arasında humanitar-mədəni əlaqələrin inkişafına töhfə verəcəyini düşünürdünüzmü?

- Təbii ki, bu haqda düşünürdüm. Başa düşürdum ki, Azərbaycan paytaxtında keçirdiyim hər hansı mədəniyyət tədbirinin yəqin ki, iki ölkə arasında münasibətlərə hansısa müsbət təsiri olacaq. Lakin əvvəldən mənim buna adi yanaşmam vardı. Sadəcə olaraq, bu tədbiri keçirmək istəyirdim. Qonaqları çağırıb onlara öz ölkəmi göstərmək, onunla öyünmək mənə xoşdur. Hər şey bundan başladı. "Jara" festivalını yaradan zaman ora Rusiyanın müəyyən sayda tanınmış artistlərini dəvət etmək imkanı qazandım. Digər artistlər isə özləri bu festivalda iştirak etmək təklifi ilə çıxış etdilər. Əlbəttə, qonaqpərvər ev sahibi kimi heç kimə "yox" deyə bilməzdim. Çıxış etmək istəyən hər kəsi bu festivala dəvət etdim. Təbii ki, bu zaman çəkiliş qrupu, təşkilatçılar qrupu çox böyüdü. Ötən yay keçirdiyimiz festivala Bakıya 2000 nəfərdən çox adam gətirmişdik. Dörd gündə 250 artist beş səhnədə çıxış etdilər. Bu səhnələrdən dördü "Jara"da, biri isə "Muz TV" konsert proqramında idi, "Muz TV" səhnəsində pulsuz konsert "Jara"ya gələ bilməyən paytaxt sakinlərinə mənim hədiyyəm oldu. Çünki çox insan vardı ki, "Jara"nın keçirildiyi məkan Bakıdan bir qədər aralı olduğu, biletlər müxtəlif qiymətlərə olduğu üçün festivala gələ bilməmişdi. Ona görə də qərara gəldim ki, "Jara"ya gələ bilməyən həmvətənlərim üçün hər il pulsuz konsert proqramı təşkil edim. "Muz TV" də federal şəbəkədə fəaliyyət göstərən kanaldır. Bu kanal bütün Rusiyada, Qazaxıstanda və digər ölkələrdə göstərilir. Bu kanalın milyonlarla izləyicisi var. "Jara"nı isə Rusiyanın "Birinci Kanal"ı nümayiş etdirirdi.

- Sirr deyilsə, "Jara"ya indiyə qədər nə qədər pul xərcləmisiz və nə qədər qazanc əldə etmisiniz?

- Təəssüflər olsun ki, hələlik, bu festivaldan maddi anlamda heç nə qazanmamışam. İndiyə qədər keçirdiyim dörd "Jara" festivalında ziyana getmişəm. Əgər müqayisə etsək, ötən yay keçirdiyim "Jara" digərlərindən qazanclı olub. Festivalın məşhurluğu artdıqca, təbii ki, ziyan da azalır. Əgər rəqəmlərlə götürsək, indiyə qədər dörd festivalın keçirilməsinə 12 milyon ABŞ dollarına yaxın vəsait xərcləmişəm. Kimsə özünə gəmi, təyyarə, bahalı avtomobil alır. Avtomobilim var, təyyarə və gəmim yoxdur. Məmnuniyyətlə festivala pul xərcləyirəm. Mənə elə gəlir ki, bu mənim "pulla ala biləcəyim" ən bahalı şeydir. Təbii ki, bunun arxasında böyük təşkilatçılıq prosesi durur. Bununla yanaşı, "Jara"nın keçirildiyi Nardaran sahilini, "Sea Breeze"i inkişaf etdirərək perspektivdə orada hotellər, apartamentlər tikməyi planlaşdırıram. Ümid edirəm ki, nə vaxtsa bunları satıb maddi zərərimi qarşılayıb, qazanc əldə edəcəm. Gələcəkdə bu layihələrdən qazanc əldə etməsəm belə, mən, bunu böyük məmnuniyyətlə edirəm.

- Emin, son iki ildə dünya mətbuatında Sizin adınız ABŞ prezidenti Donald Trampla yanaşı çəkilir. Necə fikirləşirsiz, bu məqam Sizin müğənni və ya biznesmen kimi məşhur olmağınıza kömək edibmi? Sizcə, bu məqamın imicinizə müsbət təsiri olubmu?

- Belə deyərdim, yəqin ki, bu, o məşhurluq deyil ki, bunu hansısa musiqiçi özünə arzulasın. Mənim adım bu məsələdə ABŞ-dakı seçkiləri düzənləyən, hansısa məxfi sənədləri ötürən və gizli görüşləri təşkil edən adam rolunda hallanırdı. Bu xatırlatmalar "CNN", "Fox News" "Euronews" və digər kanallarda gedən zaman bu, sənin musiqiçi karyerana kömək etmir. Ona görə ki, sən artıq musiqiçi kimi maraqlı olmursan, həmin anda siyasi mövzu kimi maraqlı olursan. Mən siyasətdən çox uzaq adamam, hər zaman da uzaq olmuşam. Siyasətə qoşulmağı da heç cür planlaşdırmıram. Mən biznesmen və musiqiçiyəm. Qlobal səviyyədə yəqin ki, bunlar mənim beynəlxalq musiqi karyerama maneə oldu. Təbii ki, bu, səni yaradıcılıqdan edir. Təsəvvür edin ki, hər hansısa musiqi nəşri səndən müsahibə alır. Onu birinci növbədə sənin Trampla əlaqələrin maraqlandırır, nəyinki musiqi sənətin, yeni albomun, konsert turnelərin... Ona görə də, hesab edirəm ki, adımın bu məsələlərdə hallanmağı imicimə mənfi təsir edib. O ki qaldı bununla daha da məşhur oldunmu sualına, deyərdim, yəqin ki, hə. Adımı "Google"da yazsaq, bunun şahidi olarıq. Bu cür məşhurluğu istəyirdimmi? Xeyir.

- Bildiyimiz kimi, prokuror Müllerin təhqiqatı səbəbindən Siz ABŞ-a gedə bilmirdiniz. Hətta konsertlərinizi belə təxirə saldınız. İndi vəziyyət necədir? ABŞ-a gedə bilirsinizmi? Bu ilin əvvəlində "The Bell" nəşrinə müsahibənizdə payızda ABŞ-a turneyə gedəcəyinizi bildirmişdiniz. ABŞ-da konsert vermək planı yenə də gündəmdədirmi?

- ABŞ-a gedə bilərdim. Bu ölkəyə girişim açıq idi. Məsələ onda idi ki, Müllerin təhqiqatı il yarımdan çox, iki ilə yaxın çəkdi. Əgər mən həmin müddətdə ABŞ-a getsəydim və Müller mənə çağırış vərəqəsini təqdim etsəydi, o zaman istintaq bitənə kimi ABŞ ərazisini tərk edə bilməzdim. Təbii ki, bu mənim tur və konsertlərimi zərbə altına qoyurdu. Mənim dörd uşağım var. Ona görə də qərara aldım ki, ABŞ-a turumu və beş konsertimi təxirə salım. Təhqiqat artıq bitib. Gələn ilin əvvəlində, fevral ayında ABŞ-a gedirəm. Bu dəfə daha böyük konsert proqramı ilə çıxış edəcəyəm.

- O vaxtdan ABŞ-da olmamısız?

- Olmuşam. Bu yay getmişdim.

- Siz təkcə uğurlu müğənni deyil, həm də kifayət qədər uğurlu biznesmensiz. Moskvada, imkanlar şəhərində öz bizneslərini qurmaq istəyən gənclərə nə məsləhət verərdiniz?

- Bizneslə bağlı məsləhət vermək çətindir. Təkcə Moskvada deyil, elə hər yerdə biznes hər zaman riskdir. Hər biznesmen hər zaman uğur qazana bilmir. Mənə elə gəlir ki, biznesdə uğur qazanmaq üçün ən başlıcası öz ideyana inanmaqdır. Onu yaxşı fikirləşmək lazımdır. Təbii ki, bu ideyanın həyata keçməsi üçün bütün gücünü və vaxtını sərf etməlisən. Çalışmalısan ki, bu ideyadan əl çəkməyəsən, hətta reallaşması çətin ideya olsa belə...Bəzən elə olur ki, bir ideyanın həyata keçirilməsi üçün aylar, illər, hətta deyərdim ki, on illər lazım olur. Ona görə də səyləri dayanmadan davam etdirmək lazımdır. Mənim atama uğurlu iş adamı kimi baxan insanlar bilməlidirlər ki, atam bu uğura heç də asan nail olmayıb. Elə hallar yaranıb ki, şirkətimiz müflisliyin bir addımlığında olub. Böyük əmək, böyük iş sayəsində bütün çətinliklərin öhdəsindən gəlinib. Mən hər zaman atamı müşahidə edərək öyrənmişəm ki, ancaq işləmək və işləmək lazımdır. Bu gün kifayət qədər imkanlı şəxs kimi mən prinsipcə işə gəlməyə də bilərəm. Lakin biznesimin inkişaf etməsi üçün həyatımın 90 faizi bu ofisdə keçir. Gördüyünüz kimi, bu ofis heç də o qədər də ürək açan yer deyil, ağ divarlar, masa, stullar və kağızlar. Bəli, indi hansısa bir adada uşaqlarımla bilikdə olmaq istəyərdim, lakin burda, işdə olmaq lazımdır. Artıq 20 ildir ki, burdayam.

- Emin, sonuncu sualım Rusiyadakı Azərbaycan diasporu haqqındadır. Sizin diasporumuza, Azərbaycan diasporu ilə bağlı gedən proseslərə münasibətinizi bilmək istərdik. Atanız Araz Ağalarov bir vaxtlar Azərbaycan diasporunun qurulmasında iştirak edən iş adamlarından olub.

- Bəli, atam bir vaxtlar Azərbaycan diasporunun işində aktiv iştirak edib. O zamanlar atamla yanaşı, Rusiyadakı digər tanınmış azərbaycanlı iş adamları da bu işdə iştirak edirdilər. İndi deyə bilmərəm ki, mənim Azərbaycan diasporuna münasibətim necədir. Mənə elə gəlir ki, hazırda azərbaycanlılar Rusiyada dağılmış formadadırlar. Burada haradasa azərbaycanlıların öz günahı da var ki, birləşə bilmirlər. Mənim bu məsələdə çox sadə mövqeyim var. Bu mövqe ondan ibarətdir ki, mən bizi birləşdirən bütün tədbirlərin keçirilməsini dəstəkləməyə çalışıram, dəstəkləyirəm də. Keçirdiyim "Jara" festivalı da buna nümunədir. Məncə, "Jara" bizi birləşdirən, azərbaycanlıların Rusiyadakı həyatını az da olsa, daha aydın edən böyük hadisədir.



Oxşar Xəbərlər

Xəbər lenti