8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Heyvanların və quşların kəsilib satılması üçün yaxın zamanlarda xüsusi yerlər yaradılacaq.Hurriyyet.org xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Risklər İdarəsinin şöbə rəisi Xalid Bayramlı Beynəlxalq İstehlakçılar Günü münasibətilə keçirilən tədbirdə deyib.
"Hər bir rayonda qəbul olunmuş standartlara uyğun sallaqxanalar fəaliyyət göstərəcək. Sallaqxananın yerləşdiyi yerin minimal kvadratı, avadanlıqlar nəzərə alınacaq, eləcə də ətin keyfiyyətinin müəyyən edilməsi üçün laboratoriya fəaliyyətdə olacaq” - deyə Bayramlı bildirib.
Agentliyin nümayəndəsi qeyd edib ki, bir çox alıcılar gözləri qabağında kəsilən əti almağa üstünlük verirlər: "Lakin bu zaman heyvanın nə dərəcədə sağlam olduğunu, onun ətinin istehlak üçün yararlı olub-olmadığını müəyyən etmək mümkün deyil”.
"Qəbul olunmuş həll yolu hazırda fəaliyyət göstərən sallaqxanaların sahibkarlarına qarşı yönəlməyib, istehlakçıların hüquqlarının müdafiəsi məqsədi daşıyır. Onlar heyvanları sallaqxanaya gətirəcək, orada kəsdikdən sonra istədikləri yerdə aparıb sata biləcəklər”-deyə şöbə rəisi əlavə edib.
X. Bayramlının sözlərinə görə, agentlik heyvanların identifikasiyasını da həyata keçirəcək:"Bundan sonra heyvanın haradan alındığı, baytarlıq diaqnostikasından keçib-keçmədiyi barədə ətraflı informasiya əldə etmək mümkün olacaq”.
Bayramlı onu da vurğulayıb ki, ət və balıq yüksək riskli ərzaqlar kateqoriyasına daxildir:"Müvafiq laboratoriyaların rəyini almadan onlar istehlak bazarına çıxarılmayacaq”
Qeyd edək ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 13 noyabr 2017-ci ildə Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Həmin fərmana əsasən "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”nin və "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin strukturu”nun təsdiqi nəzərdə tutulub. Burada həmçinin AR-nın Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində publik hüquqi şəxs statuslu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun yaradılması əksini tapıb.
Xatırladaq ki, 15-mart-bu gün Beynəlxalq İstehlakçılar Günüdür. Əslində, nəinki stehlakçıların hüquqlarının müdafiəsi günü hər zaman istehlakçıların hüquqlarının pozulması ilə bağlı addımlar atılmalı, tədbirlər keçirilməlidir. Çünki bu insanların sağlam qida ilə qidalanmağına xidmət etmiş addım olardı.
Şamo EMİN, Hurriyyet.org