8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Böhran Milli Məclisə təsir etməyəcək
Gələn il Milli Məclis üzrə əməyin ödənişi xərclərinə 16 mln. 664,8 min manat və ya ümumi xərclərin 72,2%-i həcmində vəsait yönəldilməsi nəzərdə tutulub. Eyni zamanda bu 2016-cı ilin gözlənilən icrasından 1 mln. 979,1 min manat və ya 13,5% çoxdur. Bu barədə Hesablama Palatasının "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəyə qeyd olunub. Gözlənilən artım isə əsasən yeni komitələrin yaradılması ilə bağlı ştat vahidinin artımı ilə əlaqədar əməyin ödənişi xərclərinin artması hesabınadır. Ümumiyyətlə götürdükdə isə gələn il Milli Məclisin aparatının saxlanılması xərcləri də artacaq. Hətta malların (işlərin və xidmətlərin) satın alınması da daxil bütün sahələr üzrə Milli Məclisin xərclərinin artacağı gözlənilir. Belə görünür ki, ölkəni bürüyən iqtisadi böhran Milli Məclisə təsir etməyəcək. Məlum olduğu kimi, dövlət aparatında artıq bir sıra ciddi ixtisarlar başlayıb. Maliyyə nazirliyinin 64 yerli idarəsi ləğv olunacaq. Mədəniyyət və turizm nazirliyi də yerli idarələrini ləğv edəcək. İxtisarlar, hətta xarici işlər nazirliyinə və Azərbaycanın xaricdəki səfirliklərinə çatıb. Məlumata görə, gələn il Azərbaycan xaricdəki səfirliklərindən ən azı onunu bağlamaq niyyətindədir. Bəzi hökumət qurumlarının ləğvi, birləşdirilməsi də gözlənilir. Ancaq belə görünür ki, bütün bu ixtisarların deputatlara aidiyyatı yoxdur. Bunun səbəblərinə indi aydınlıq gətirmək mümkün deyil. Hökumətin Milli Məclisin, deputatların könlünü ələ almasından söhbət gedə bilməz. Hər kəsə məlumdur ki, deputatlara, hətta əmək haqqı verilməsə belə, onlar hökuməti tənqid etməyəcəklər. Digər tərəfdən, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov, "Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin sədri Ağalar Vəliyev kimi deputatların əmək haqqının artırılması bir yana, həmin əmək haqqının özünə ehtiyacının olmadığı hər kəsə məlumdur. Əgər, sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun aylıq xərcinin 200-300 min manat olduğu üzə çıxırsa, Milli Məclsin oliqarx deptatlarının aylıq xərcini müəyyən etmək çətin deyil. Belə olduğu halda həmin deputat maaşları bu oliqarxların bir-iki günlük xərclərindən başqa bir şey deyil. Doğrudur, deputat maaşının ona yetmədiyini iddia edən Milli Məclis üzvüləri də var. Bu fikir deputat Vahid Əhmədovun müsahibəsində səslənmişdi. Ancaq onun başqa bir həmkarı , Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli bildirmişdi ki, müəllimlərin, həkimlərin, elm, mədəniyyət, incəsənət və sair bu kimi sahələrdə çalışanların çoxunun maaşlarının 200-300 manat arasında olduğu bir şəraitdə deputatların əmək haqqının qaldırılması yolverilməzdir. Qeyd edək, müəllim və həkimlərin 200-300 manat əmək haqqı aldığı ölkədə deputatlar 2 min 200 manat maaş alırlar. Üstəlik onların əksəriyyətinin biznesləri mövcuddur. Yəni, bu gün nazir və ya deputatların əmək haqqının artırılması sadəcə olaraq böhran içində boğulan xalqa bunu normal izah etmək olmaz. Ancaq son zamanlar hökumətin atdığı addımları məntiqlə izah etmək mümkün olmadığı kimi, deputatların əmək haqqının artırılmasını da izah etmək mümkün deyil. Digər tərəfdən yeni ştatlar yaradılması ilə bağlı məsələ də anlaşılmaz qalır. Milli Məclisə qanunlar bir qayda olaraq Prezident Adminstrasiyasından hazır şəkildə gəldiyindən, parlamentimizin üzərinə də ağır yük düşmür. Buna görə yeni ştatların yaradılmasının hansı zərurətdən yarandığı qaranlıq qalır.
Deputatlara bu lütvikarlığı göstərən maliyyə nazirliyinin hökumət üzvülərinə hansı bəxşişləri edəcəyi hələ məlum deyil. Ancaq bəzi nazirliklərin öz avtomobil qarajını zənginləşdirmək niyyətində olması haqqında məlumatlar var. Bu məlumatları araşdırmağa çalışacağıq. Hələlik isə qeyd edək ki, maliyyə nazirliyinin qərarlarına təsir etmək gücü olan nazirlərin rəhbərlik etdikləri qurumların maliyyələşməsində ixtisarlar olmayacaq. Əksinə, bəzi nazirliklər 2016-cı ilə nisbətən 2017-ci ildə daha çox maliyyə ala biləcəklər. Məsələn, gənclər və idman nazirliyinin gələn ilki büdcəsi bu ilkindən daha böyük olacaq. Maliyyə nazirliyindəki mənbə bildirir ki, hökumət 2017-ci il dövlət büdcəsində "İslam oyunları və Formula-1 yarışlarının keçirilməsi ilə bağlı 317 milyon manatdan artqı vəsaitin ayrılmasını proqnozlaşdırılıb. Bundan başqa məlumata görə fövqəladə hallar nazirliyinə də ayrılan vəsaitin həcmi artacaq. Əmək haqqı artması gözlənilən qurumların sırasında güc strukturları da var. Ehtimal edilir ki, gələn ilin ikinci yarsında polis və ədliyyə işçilərinin əmək haqqı artacaq. Yerli icra orqanlarının əmək haqqını isə hökumət 2018-ci ildə artırmağı planlaşdırır. Səhiyyə və təhsil işçilərinin əmək haqqının artırılması isə hətta prespektivdə belə təəsvvür edilmir. Manatın qaçılmaz devalvasiyası isə həkim və müəllimlərin onsuz da az olan əmək haqqının alıcılıq qabiliyyətini daha da azaldacaq. Ancaq bütün bunlar belə görünür ki, nə maliyyə nazirliyini, nə də nazirlər kabinetini narahat etmir. Hökumət hələlik deputatların sosial vəziyyətini gücləndirməyi düşünür.
A.Nəbiyev,
Sozcu.info