Ramiz Məmmədovu cəzalandıran tapılacaqmı?


 

Hakimiyyət bu məsələdə prinsipiallıq göstərməlidir

 

Gündəmin əsas müzakirə mövzularından biri də Azərbaycan Milli Elmlər Akademiyasının akademiki  H. Əliyev adına Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədovun jurnalistləri təhqir etməsi ilə bağlıdır. Məlum olduğu kimi modern.az saytının əməkdaşı Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədova küləkli hava şəraitinin hansı hallarda daha ciddi təhlükə yaratdığı və digər suallar ünvanlayıb. Amma akademik  suallara cavab vermək əvəzinə adına və nüfuzunauyğun olmayan  ağır təhqirlər səsləndirib. Bu azmış kimi Unikal.org-a açıqlamasında bildirib ki, Azərbaycan mətbuatında bir-iki "küçük” jurnalist varki, onu biabır etməklə məşğuldur: "Küçük sözünü demişəm, əcəb etmişəm. Gedib mənim dilimdən yalan-palan  yazırlar. Ona görə də, jurnalistlərdən özümə heç bir xeyir gözləmirəm. Məni tanıyan, tanıyır. Məni dünyanın əksər ölkələri Avropa, ABŞ və digər yerlərdə tanıyırlar.Amma bizim jurnalistlər  mənə pislik etməklə məşğuldur. Görünür qulağında problem var. Nə deyirəmsə əksini yazırlar”.

İnstitutunun direktorunun jurnalistləri təhqir etməsinə Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov da müansibət bildirib:"Mən şəxsən hadisənin təfərrüratları, hadisənin  necə və hansı şəraitdə baş verməsinə dair dəqiq bilgiyə malik deyiləm. Ancaq hər  hesab edirəm ki, yazılanlar doğrudursa, yəni peşə fəaliyyətini yerinə yetirən jurnalist Ramiz Məmmədova hansısa məsələ ilə əlaqədar fikir öyrənmək məqsədilə  müraciət edibsə, qarşılığında söyüş və təhqir eşidibsə, bu,  elm adamı üçün qətiyyən yolverilməzdir, qəbuledilməzdir, biabırçılıqdır, alimə yaraşmayan hərəkətdir”. Mətbuat Şurasının sədri Əflatun Amaşov əminliklə bildirib ki,Azərbaycan  Milli Elmlər Akademiyasının rəhbərliyi bununla bağlı ciddi ölçü götürəcək.

Akademik H.Əliyev adına Coğrafiya İnstitutunun rəsmi saytında yerləşdirilmiş "Bəzi jurnalistlərlə yaranmış anlaşılmazlıq” başlıqlı məlumatda isə akademik R. Məmmədovun"Modern.az-ın əməkdaşına kobud cavab verməsinin kökündə həmin vaxt alimin çox əsəbi olması və həmin hadisədən bir neçə gün əvvəl onun fikirlərinin mətbuatda bir qədər təhrif olunması ilə izah edilib.

Akademik R. Məmmədovun jurnaisti təhqir etməsi həqiqətən də çox uyğunsuz zamana tuş gəlib. Başqa zaman olsa kimsə akademik,  Coğrafiya İnstitutunun direktorunu tənqid etməyə, haqsız çıxarmağa çalışmazdı. Bu hadisə bir neçə həftə əvvəl olsaydı, jurnalisti günahkar elan edəcəkdilər, hər kəs də susacaqdı. Ancaq indi vəziyyət bir qədər fərqlidir. Hakimiyyət təmsilçiləri Avropda yaşayan bəzi həmvətənlilərimizin dövlət başçısının, onun ailə üzvülərinin, hakimiyyətdə təmsil olunan rəsmi şəxslərinin bir çoxunun ünvanına səsləndirdikləri təhqir və böhtanlara qarşı cəmiyyəti səfərbər etməyə çalışırlar. Avropda yaşayan bəzi həmvətənlilərimizin hakimiyyətdə təmsil olunan rəsmilərinşəxslərinin bir çoxunun ünvanına səsləndirdikləri təhqir və böhtanların qəbuledilməzolduğu ilə bağlı "Yeni Sözçü” qəzetinin bu günki sayında ayrıca məqalə dərc olunduğu üçün, bu mövzuya geniş toxunmuruq. Ancaq qeyd etmək istərdik ki, hakimiyyət təmsilçilərinin narahatlıqları çox doğru olsa da, bu hər kəsə münasibətdə belə olmalıdır. Bir çox məmurların insanları təhqir etməkdən çəkinməməsi çox adi hala çevrilib. Hətta şəhid ailələri, Qarabağ müharibəsində sağlamlığını itirən insanları da təhqir edən məmurlar var. Bəzi məmurlar, xüsusilə də əməlində korrupsiya elementləri aşkar görünən vəzifəli şəxslər jurnalistləri özlərinə düşmən hesab edir və onları təhqir etməkdən çəkinmirlər. Fikirimizcə hakimiyyət Avropadakı mühacirlərin "söyüş kompaniyası”nı zərərsizləşdirmək istəyirsə, ölkə daxilində belə hallara son qoymalıdır. Əks halda hakimiyyət təmsilçilərinin mövqeyinin obyektivliyi şübhəli görünəcək. Fikirimizcə, akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru hansı formada olsa da mütləq cəzalandırılmalıdır. Bu bir yandan hakimiyyətin obyektiv mövqedə olduğunu təsdiq edər, digər tərəfdən bəzi  məmurlara bir siqnal olacaq.

"Yeni Sözçü” qəzetinin Araşdırma qrupu isə hesab edir ki, jurnalistlər Azərbaycan Milli Elmlər Akademiyasının bəzi institutlarında korrupsiya hallarını araşdırmaqla prosesə öz tövhələrini verə bilərlər. Həm də bu zaman onlar Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin dəstəyinə də bel bağlaya bilərlər. Azərbaycanın görkəmli alimlərindən biri olan akademik Akif Əlizadə həm də prinsipiallığı ilə ad çıxarmış insandır. Əgər onun tabeçiliyində olan bir şəxsin hansısa neqativ əməli sübut olunsa, akademik Akif Əlizadənin etinasız qalamayacağına hər kəs inana bilər. Məsələn, "Yeni Sözçü” qəzetinin Araşdırma qrupu Milli Elmlər Akademiyası, akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu ilə "AZERİCOMP İT COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyət arasında ötən il həyata keçirdiyi iki əməliyyatı araşdırmağa səy göstərəcək. Araşdırmanın nəticələri ilə bağlı oxucularımıza növbəti saylarımızda məlumat verməyə çalışacağıq. Eyni zamanda Prezidenti yanında Bilik Fondundan Milli Elmlər Akademiyası,  Coğrafiya İnstitutuna qrant ayrılıb-ayrılmaması ilə bağlı məqamlara da aydınlıq gətirməyə çalışacağıq.

"Yeni Sözçü” qəzetinin Araşdırma qrupu



Oxşar Xəbərlər

Xəbər lenti