Marketlərdə barkod üçün rüşvət tələbi iddiası – bahalaşmanın daha bir səbəbi...


Ölkədə ərzaq və qeyri-ərzaq malları bahalaşmaqda davam edir. Bunun obyektiv səbəbləri ilə yanaşı, subyektiv və aradan qaldırılması mümkün olan cəhətlər də var. Bunlardan biri də iri supermarket şəbəkələrinin, habelə böyük marketlərin istehsalçıların mallarını satmaq üçün əcaib bir qayda tətbiq etmələri göstərilir.

Belə ki, marketlər malı topdansatış qiymətə alıb pərakəndə qiymətə satmaqla kifayətlənmir, marketə daxil olan hər bir malın vitrinə qoyulması – barkod verilməsi üçün “başlıq” – başqa sözlə “haqq”, rüşvət tələb edirlər. Bunun üçün heç bir qəbz, çek verilmir. Məsələn, tutaq ki, bir sahibkar su, yaxud kənd təsərrüfatı məhsulu istehsal edib. Onun satışı üçün “barkod haqqı” deyilən bir qayda formalaşıb. Məbləğ isə maldan asılı olaraq 2000-5000 manat civarında dəyişir. Əgər istehsalçı eyni maldan iki növ təqdim edirsə, (məsələn, qazlı və qazsız su, qablaşdırılmış kartof və açıq halda ) onların hər biri üçün ayrılıqda “barkod haqqı” ödəməlidir. Yoxsa market onun malını götürmür. Bu zaman isə istehsalçı məcbur olub, qiyməti bir qədər yüksək deyir, market də təbii olaraq öz faizini azaltmır və beləcə malın pərakəndə satışında 5-8 faiz arasında artım baş verir. Antiinhisar Xidməti bu qaydanı aradan qaldırsa, qadağa qoysa, süni artıma səbəb olan ciddi amillərdən biri aradan qalxar, bir sıra mallarda müəyyən ucuzlaşma baş verər. Bunu tənzimləmək üçün hansı addımlar atılmalıdır?

Varlılar işləyir, kasıblar əylənir və istirahət edir - Ekspert bayram  günlərinin azaldılmasını təklif etdi Pravda.az

Eyyub Kərimli: “Bu cür hallarla mübarizə aparmaq asan deyil, pərakəndə ticarət, reklam  haqqında qanunlara dəyişikliklər edilməlidir”

İqtisadçı ekspert Eyyub Kərimli “Yeni Müsavat”a bildirdi ki, bu qayda böyük supermarketlərdə, marketlərdə müştərilərin diqqətini daha çox cəlb edən rəflər üçün keçərlidir: “Marketinqdə buna tez-tez rast gəlinir. Fikir vermisinizsə, çörək rəfi marketlərin daha dərin yerində, kənd təsərrüfatı məhsulları isə girişdə qoyulur. Bəzən supermarketlər belə cəlbedici yerləri əlavə bonus, icarə haqqı üçün şirkətlərə təqdim edə bilirlər. Bu, dünya təcrübəsində qəbul edilmiş ticarət qaydalarından biridir. Sahibkarların xüsusi hüququdur. Supermarketlər kənd təsərrüfatı məhsullarını fermerlərdən özləri əldə edirlər, buna görə də sözügedən məhsullar girişdə qoyulur. Bu cür hallarla mübarizə aparmaq asan deyil. Bunun üçün pərakəndə ticarət, reklam  haqqında qanunlara dəyişikliklər edilməlidir. Digər tərəfdən ticarət şəbəkələrinin fermerlər, ərzaq məhsulları istehsalçıları ilə əlaqələri tənzimləməsi məqsədəuyğun olar. Bu, bahalaşmanın qarşısını müəyyən dərəcədə ala bilər. Bu gün kənd təsərrüfatı məhsullarının bazara girişi məhduddur, marketlərə girişi isə sərfəli deyil. Marketlər iri topdan satış ticarətçiləri ilə əməkdaşlıqda maraqlıdırlar, kiçik fermer təsərrüfatları isə kənarda qalır. Bu halda vasitəçilər böyük gəlir əldə edirlər”.

Ekspertin fikrincə,  sahibkarların vergidən yayınmasının qarşısını almaq üçün bu qayda rəsmiləşdirilməlidir. “Bu sahədən gələn gəlir dövriyyədən gizlədilir. Bu halda vergi ödənişi çətinləşir. Əsas nəzarət bu sahəyə olmalıdır” - deyə, E.Kərimli əlavə etdi.

Aydın Hüseynov: Uydurma hadisələrin "soyqırım" kimi qələmə verilməsi ikili  standartların təzahürüdür - "İki sahil"

Deputat Aydın Hüseynov: “Dövlət ərzaq təminatını etibarlı şəkildə həll etmək və qiymətlərə nəzarət etmək üçün kifayət qədər resurslara malikdir”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov qeyd etdi ki, süni qiymət artımına qarşı ardıcıl tədbirlər görülür:  “Dünyada enerji daşıyıcılarının və xammal resurslarının bahalaşması ərzaq və qeyri-ərzaq məhsullarının qiymət artımına təsirlərini göstərməkdədir. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) bu günlərdə açıqladığı məlumatda da qeyd edilir ki, ərzaq qiymətləri indeksi 2022-ci ilin ötən 6 ayı ərzində əvvəlki ilin eyni dövrü ilə müqayisədə 35%-dən çox artıb. Eyni zamanda, regionda yaşanan proseslər, logistika, daşınan xərclərin artması, eləcə də Rusiya və Ukrayna arasında baş verən hərbi münaqişə qlobal miqyasda təchizat zəncirinə öz mənfi təsirlərini göstərir və nəticədə bütün ölkələrdə əsas istehlak məhsullarının bahalaşması baş verir. Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır və xaricdən idxal edilən məhsulların qiymət artımları Azərbaycanda da müşahidə edilməkdədir. Müvafiq hökumət qurumları daxili bazarın qorunması istiqamətində koordinasiyalı şəkildə zəruri addımlar atmaqdadırlar. Ölkə rəhbərliyi tərəfindən istehlak bazarının tənzimlənməsi, qiymətlərə nəzarətin gücləndirilməsi, süni qiymət artımına yol verilməməsi hökumətin və ölkənin müvafiq iqtisadi qurumlarının qarşısına çox ciddi vəzifələr kimi qoyulub. Bu məqsədlə əsas hədəflərdən biri yerli qida məhsulları istehsalını artırmaqla ərzaq bazarında tələb və təklifin tarazlaşdırılmasına, eləcə də özünütəminetmə səviyyəsinin artırılmasına nail olmaqdır. Daxili istehsal imkanları əhalinin əsas ərzaq məhsullarına tələbatını ödəmək səviyyəsinə çatdırılmalıdır. Dövlət ərzaq təminatını etibarlı şəkildə həll etmək və qiymətlərə nəzarət etmək üçün kifayət qədər resurslara malikdir. Əhalinin həyat səviyyəsi və ərzaqla etibarlı təminatı bazarların səmərəli fəaliyyətindən bilavasitə asılıdır. Buna görə də ərzaq bazarının səmərəli təşkili və tənzimlənməsi diqqət mərkəzində olacaq”.

Millət vəkili istehlakçıları qanunsuzluqla qarşılaşdıqda müvafiq dövlət qurumlarına müraciət etməyi təklif edir: “Bir sıra marketlərdə məhsulun vitrindəki satış qiymətləri ilə kassadakı qəbzlərindəki qiymətlər arasında uyğunsuzluq olduqda şikayət edilsin. Çünki Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti satış mərkəzlərində və bazarda süni qiymət artımı və haqsız rəqabət halları barədə məlumat verilməsi üçün istehlakçılara davamlı müraciətlər edir, bu qanunazidd halların qarşısının alınması üçün təbliğat xarakterli maarifləndirmə işləri aparır. Süni qiymət artımı ilə əlaqədar bütün qabaqlayıcı tədbirlər görülməkdədir. Xidmət tərəfindən müvafiq qurumlarla birgə respublikanın 68 şəhər və rayonunda müxtəlif mal qrupları üzrə çəki, keyfiyyət, qiymət tarifləri ilə bağlı

gündəlik ciddi monitorinqlər aparılır. İstehlakçıların hüquqlarının müdafiəsi kimi məsələlərə ciddi nəzarət edilir və antiinhisar qanunvericiliyinin pozulması hallarına qarşı mütəmadi tədbirlər görülür”.

Qeyd edək ki, daha öncə də kiçik sahibkarlar belə bir iddia irəli sürmüşdülər. Onlar bildirmişdilər ki, məhsulun yalnız market sistemindəki satışda olan malların siyahısına daxil edilməsi, yəni barkod alınması üçün pul tələb edilmir. Barkod üçün ödəniş sistemdə məhsulu tanıtmaq üçün istənilir. Məhsulun yerləşdiyi rəflər üçün icarə haqqı isə ayrıca hesablanır. Söhbət təkcə bir məhsuldan getmir. Bir marketdə təmsil olunmaq üçün minimum 10-15 məhsul çıxarmaq lazımdır. Bunların hər biri üçün də barkod almaq lazımdır. Başqa sözlə, 10 adda məhsulun marketdə təkcə satışa çıxarılması üçün bir neçə min manat tələb olunur...

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbəri Orxan Məmmədov çıxışlarının birində təsdiq etmişdi ki, kiçik sahibkarların iri market şəbəkələrinə girişində problemlər mövcuddur: “Ortada bəzi obyektiv və subyektiv səbəblər var. Bunun qarşısını almaq üçün tənzimləmə mexinzmlərinə və dövlət dəstək mexanizminin tətbiqinə ehtiyac var”.
“Yeni Müsavat”

 



Oxşar Xəbərlər

Xəbər lenti