ABŞ İranı “zəif yerlərindən” vurur - son kritik olayların pərdəarxası

 

İranın Mahşəhr şəhər hava limanında təyyarə eniş edərkən zolaqdan kənara çıxıb. APA-nın Tehran bürosunun məlumatına görə, hadisə yanvarın 27-də səhər saatlarında baş verib. İranın  "Kaspian” hava yolları şirkətinə məxsus, Tehrandan Mahşəhər şəhərinə uçan təyyarə texniki nasazlıq səbəbindən eniş zamanı zolaqdan çıxıb.

İlkin məlumata görə, hadisə nəticəsində sərnişinlər arasında xəsarət alanlar var. Lakin təyyarədə neçə sərnişin olduğu, neçə nəfərin xəsarət aldığı açıqlanmayıb.

Qeyd edək ki, son günlər İranda sərnişin təyyarələri ilə əlaqəli bir neçə həyəcanlı hadisələr baş verib. Belə ki, yanvarın 25-də İranın "İran Air Tour” aviaşirkətinə məxsus təyyarə Tehranın Mehrabad hava limanında təcili eniş etməli olub. İmam Xomeyni adına hava limanının idarəetmə şirkətinin mətbuat katibi Əli Kaşani bildirib ki, Tehran-İstanbul marşrutu üzrə hərəkət edən təyyarə hava limanından qalxıb, ancaq texniki nasazlıq səbəbindən geri qayıtmağa məcbur olub. Növbəti insident isə yanvarın 26-da qeydə alınıb. Ölkənin şimalındakı Qorqan şəhərindən Tehrana uçan təyyarənin mühərrikində yanğın başlayıb. Pilot təyyarəni aeroporta endirməyi bacarıb.

İrandakı son təyyarə olayları cənub qonşumuzu daxildən silkələyir. Getdikcə bu cür hadisələrin ard-arda təkrarlanması suallar doğurub. Burada "Amerika izi” axtaranlar kifayət qədərdir. Buna səbəb iranlı general Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsindən sonra yaşanan qarşıdurmalardır. Bəzi ekspertlər hesab edirlər ki, Amerika insan itkisi olmadan rəsmi Tehrana bu cür yollarla öz mesajlarını çatdırır. Eyni zamanda yanvarın 8-də vurulan və 200-ə yaxın sərnişinin həyatını itirdiyi Ukraynaya məxsus təyyarə də xatırladılır və son günlərdəki təyyarə olayları ilə bağlılıq axtarılır.

Elçin Mirzəbəyli: ile ilgili görsel sonucu

Elçin Mirzəbəyli: "Bu hadisədə ABŞ-ın dolayısı ilə izi var”

Siyasi şərhçi Elçin Mirzəbəyli "Yeni Müsavat”da hadisələrə bu cür şərh verdi: "İranın dövlət şirkəti olan ”İran Air"in istismarında olan sərnişin təyyarələrinin əksəriyyəti köhnədir. Sanksiyalar və iqtisadi böhran təyyarə parkının yenilənməsinə maneə yaradır. 2018-ci ildə Beynəlxalq Məhkəmə İranın mülki aviasiyası üçün gərəkli olan ehtiyat hissələrinin sanksiyalar altından çıxarılması barədə qərar çıxarsa da, bu istiqamətdə ciddi addımlar atılmayıb. Digər tərəfdən, həm sanksiyalar, həm də dərin iqtisadi böhran nəticəsində yaranmış maliyyə çatışmazlığı İran AİR-lə Fransanın "Airbus” şirkəti arasında imzalanmış müqavilənin icrasına ciddi maneə yaradır. Qeyd edim ki, "İran Air”in təyyarə parkını əsasən Fransa istehsalı olan "Airbus” və ATR təyyarələri təşkil edir. ABŞ-ın "Boeing” aerokosmik şirkəti ilə Fransanın "Airbus” şirkəti rəqibdir və İranın mülki aviasıyasını da əhatə edən sanksiyalar həm də ABŞ şirkətinin dünya bazarındakı mövqelərinin möhkəmləndirilməsinə xidmət edir. Bu baxımdan İranda təyyarə nasazlığı ilə bağlı baş verən son hadisədə ABŞ-ın dolayısı ilə izi var. Bu izi isə sanksiyalar və İranın öz potensialından dəfələrlə böyük olan iddiaları yaradıb. Onu da xatırladım ki, İranın nüvə proqramı ilə bağlı başladılan sanksiyalardan öncə də bu ölkədə mülki aviasiyanın ciddi problemləri vardı. Hazırda isə bu problemlər daha da dərinləşib. İndi hətta mülki aviasiya üçün təyyarə hissələrinin alınması üzərindən sanksiyalar qaldırılsa belə, "İran AİR”in öz təyyarə parkını yeniləmək üçün maliyyə imkanları yoxdur. Əgər belə olmasaydı, "Airbus” şirkətinə 100 yeni təyyarənin alınması ilə bağlı sifariş yerinə yetirilərdi. Ukrayna Beynəlxalq Hava Yolları təyyarəsinin vurulmasına gəldikdə isə burada "xarici düşmən” izinin axtarılması gülünc görünür. Çünki İranın İnqilab keşikçiləri korpusu təyyarənin raketlə vurulduğunu etiraf edib".

Məhəmməd Əsədullazadə: ile ilgili görsel sonucu

Məhəmməd Əsədullazadə: "İranda növbəti qəzalar qaçılmaz olacaq”

Politoloq Məhəmməd Əsədullazadə İranın öz siyasətində dəyişikliklər etməkdən başqa yolunun qalmadığını söylədi: "İranla ABŞ arasında siyasi-iqtisadi qarşıdurma zamanla lokal hərbi toqquşmalara yol açır. Bu da regionda iki tərəfin bir-birilərinə qarşı əzələ nümayişidir. Amma bu qarşıdurmalarda əsas zərbə İrana dəyir. Əsasən İranın iqtisadi infrastrukturu ciddi surətdə məhv olur. Yenidən bu infrastrukturu qurmaq sanksiyalar ucbatından mümkün olmur. Məhz İranın mülki təyyarələrinin ardıcıl surətdə qəzaya uğraması köhnə texnikaların istismar müddətinin bitdiyindən dolayı baş verir. Qeyd edim ki, Qasım Süleymani olayından sonra Ukraynanın təyyarəsinin vurulması ardınca İranın mülki aviasiyasında problemlər texniki nasazlıqdan olsa da, burada kiber müdaxilə nəticəsində təyyarələrə də müdaxilə mümkündür. ABŞ-ın humanitar böhrana yol aça biləcək bu yola getməsi inandırıcı deyil. Amma sanksiyaların davam etməsi və buna görə İranın laynerlərin ehtiyat hissələrini ala bilməməsi əvvəlki mühərriklərin sıradan çıxmasına gətirir. Ona görə də bu kimi qəzalar baş verir. Bu qəzaların baş verməməsi üçün ilk növbədə İran öz siyasətində dəyişikliklər etməlidir.

Nə qədər ki, o, Yaxın Şərqdə vəkalət müharibəsi aparacaq və Vaşinqtonla problemlər yaşanacaq mülki aviaparkı sıradan çıxacaq. İran bu gün dünyada ən təhlükəli avialeynerlərə malikdir. İran xalqı artıq bunun fərqində olmalıdır. Hakimiyyətin yanlış siyasəti nəticəsində hər il belə bir qəzalar yaşanır. Bunun üzərindən ABŞ-a qarşı hücum etmək anlamsızdır. Ukrayna təyyarəsinin vurulmasından aydın oldu ki, teokratik rejimin nüvə silahı əldə etməsi nə qədər təhlükəli amildir. Hesab edirəm ki, Tehran nüvə sazişinin şərtlərinə tam əməl etməli və region siyasətində öz xalqının rifahı naminə geri çəkilməlidir. Bu gün İran xalqı aviaqəzalarda həlak olursa, bunun məsuliyyətini Tehranın səhv siyasətində axtarmaq lazımdır. ABŞ daha da sanksiyaları ağırlaşdırıb, bu kimi mühərriklərin İrana idxalına imkan verməyəcək. Nəticədə İranda növbəti qəzalar qaçılmaz olacaq. Ukrayna təyyarəsinin vurulması prosesindən sonra İran təyyarələrinə kiber müdaxiləni istisna etmirəm”.



Oxşar Xəbərlər

Xəbər lenti