İcra hakimiyyətləri nə zaman ləğv olunacaq? -İcra başçılarının sərvətinin müsdairə olunması davam edəcək

Prezident İlham Əliyev ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı icra hakimiyyəti strukturunun SSRİ-nin çöküşü zamanı yaradıldığını və gözləntiləri doğrultmadığını bildirdi. Dövlət başçsıının bu çıxışı icra hakimiyyətlərinin ləğv olunacağı ilə bağlı fikirlərin gündəmə gəlməsinə səbəb oldu. Prezident İlham Əliyevin icra hakimiyyətlərinin onlardan gözləntiləri doğrultmamsı, əvəzində isə Qarabağda təyin edilən xüsusi nümayəndələr sisteminin sınaqdan uğurla çıxacağı halda bütün ölkə üzrə tətbiq ediləcəyini bəyan etməsi ölkədə ciddi islahatların anonsu kimi qəbul edildi. Ümid edilir ki, bu islahatlar nəticəsində regionlarda dövlət idarəçiliyini təkmilləşdirmək mümkün olacaq. Dövlət başçısının da qeyd etdiyi kimi Bakıda qəbul etdilən qərarların hamısı regionlarda icra edilmir və insanlar bunu görmür. Ekspertlər hesab edir ki, Gəncə şəhərinin Nizami və Kəpəz rayonlarının ləğv edilməsi yerli icra hakimiyyətlərinin ləğvi istiqamətində ilk addımdır. 

“Yeni Sözçü” qəzetinə daxil olan məlumata görə, bu ilin sonunda Bakı şəhərinin rayonlarının və işğaldan azad edilmiş rayonların icra hakimiyyətləri ləğv ediləcək. Bakı şəhərinin rayonlarının prokurorluq və polis idarələri də ləğv oluna bilər. Rayonlardakı inzibati ərazi dairələri Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə veriləcək. Yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinin bir qismini də Bələdiyyələrə veriləcəyi gözlənilir. Ekspertlər hesab edir ki, bu islahatlar yerlərdə dövlət idarəçiliyinin təkmilləşdirməsinə imkan verməklə yanaşı, külli miqdarda da büdcə vəsaitinə qənaət edilməsinə imkan verəcək. Yerli icra hakimiyyətlərindəki dərin korrupsiyanın miqyasını həbs olunan icra başçılarının üzə çıxan sərvətləri aydın göstərdi. Məmurların korrupsiya yolu ilə böyük sərvət əldə etmələrini Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən dövlət nəfinə müsadirə olunan əmlakın ildən-ilə artması da təsdiqləyir. Belə ki, 2017-ci ildə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən dövlət nəfinə müsadirə olunan əmlakın məbləği 605 min manat,  2018-ci ildə 9 milyon 144 min manat, 2019-ci ildə isə 14 milyon 720 min manat təşkil edib. Rəqəmlər məmurların korrupsiyasının miqyasını göstərməklə yanaşı korrupsiyaya qarşı mübarizənin də gücləndiyini göstərir. Lakin bütün bunlar korrupsiyanın qarşısını almadığı kimi, korrupsiya yolu mənimsənən sərvətin dövlət büdcəsinə qayıtması da demək deyil. Əksinə, görüləcək işlər qarşıdadır. Ekspertlər hesab edir ki, bu proses yerli icra hakimiyyətləri ləğv edildikdən sonra vüsət alacaq. Vəzifələrini itirən məmurlarla bağlı araşdırmaların yolu açılacaq. Beləliklədə korrupsioner məmurların önəmli bir qismi məsuliyyətə cəlb olunacaq. Çox maraqlıdır ki, icra hakimiyyəti başçılarının ölkə daxili ilə yanaşı xarici ölkələrdə də sərvətlərinin olması ilə bağlı zaman-zaman mətbuatda məlumatlar yayılır. Məsələn, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin Ukraynada biznesinin olması ilə bağlı mətbuatda məlumatlar yayılıb. Həmin məlumatda qeyd edilir ki, Ziyəddin Əliyev Ukraynadakı asfalt zavoduna 7 milyon avro sərmayə yatırıb. İddialara görə, həmin zavod Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində dağılıb. Bu isə o deməkdir ki, icra başçısının sərmayəsi batıb. Qeyd edək ki, Ziyəddin Əliyev uzun müddət müxtəlif Yol İstismar İdarələrində vəzifədə çalışıb. Belə ki, 1999–2001-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Departamentinin “Yoltəmirtikinti” Birliyində idarə rəisi, 2001–2002-ci illərdə “Bakı Yoltikintiservis” ATSC-nin Material təchizatı sahəsinin rəisi, 2002–2008-ci illərdə “Bakı Yol Tikinti-1” ASC-nin direktoru, 2009–2010-cu illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin “77 saylı Yol İstismarı” MMC-də baş mühəndis, 2010–2013-cü illərdə “Mühəndis Yol Təmir-Tikinti” MMC-də baş mühəndis, 2013–2015-ci illərdə “Azəryolservis” ASC-nin “81 saylı Yol İstismarı” MMC-nin rəisi, 2015–2017-ci illərdə “Azəravtoyol” ASC-nin “Bakı 2 №-li Yol İstismarı” MMC-nin direktoru vəzifələrində çalışıb Ziyəddin Əliyev 02 dekabr 2017-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. İndi isə haqqında ciddi iddialar, o cümlədən xaricdə sərvətinin olması ilə bağlı fikirlər səslənir. Çox maraqlıdır ki, icra başçısı bu məlumatları təkzib etməyə də maraq göstərmir. Əgər İcra başçısı bu məlumatı təkzib etməyə maraq göstərsə, onu dinləməyə hazırıq.

Azad Aydın,

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti