Azərbaycan Orta Dəhlizdə sabitlik və təhlükəsizlik faktoru kimi

Son illərdə böyük istehlakçı bazarına malik olan Avropa məkanı ilə yüksək istehsal gücünə sahib olan Çin arasında Şərq-Qərb ticarət marşrutlarının genişlənməsi Qədim İpək Yolunun üzərində yerləşən dövlətlərin ortaq iqtisadi maraqlar əsasında nəqliyyat-tranzit əlaqələrinin möhkəmləndirilməsini zərurətə çevirmişdir.
Hazırda Avrasiya məkanında mövcud olan bir sıra münaqişələr, geosiyasi çarpışmalar, beynəlxalq münasibətlərdəki gərginlik Şərq-Qərb ticarət yolunun əsas marşrutlarından olan, məsafənin qısa olması və təhlükəsizlik baxımından seçilən Orta Dəhlizin əhəmiyyətini daha da artırmışdır. Orta Dəhliz Çindən başlayaraq Mərkəzi Asiya ölkələrindən keçməklə Xəzər dənizi üzərindən və Azərbaycan ərazisindən Türkiyəyə və Avropa ölkələrinədək uzanan mühüm ticarət-nəqliyyat marşrutudur.
Noyabrın 25-də Bakıda keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusundabeynəlxalq konfransda çıxışında Prezident İlham Əliyevistənilən genişmiqyaslı layihənin icrası üçün vacib olan amillər sırasında sabitlik, təhlükəsizlik və iqtisadi imkanları xüsusi vurğulayıb: İndi Azərbaycanın beynəlxalq arenada oynadığı rol da, həmçinin bizim daxili siyasətimiz sayəsində əmələ gəlmişdir. Çünki güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və hökumət siyasətimizin proqnozlaşdırılması - bütün bu amillər körpülərin və mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulması ilə yanaşı, bugünkü reallığa gətirib çıxarıb. Buna görə siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat - bütün bu amillər çox vacibdir.
Bildiyimiz kimi, Azərbaycan uzun illərdir ki, Bakı-Tbilisi-Ceyhan, Cənubi Qafqaz Boru Kəməri, Bakı-Tbilisi-Qars kimi beynəlxalq əhəmiyyətli nəhəng, neft, qaz və dəmir yol layihələrinin icrasını təmin edərək, TANAP və TAP layihələriningerçəkləşməsinə dəstək verərək regionda böyük nəqliyyat-enerji infrastrukturunun yaradılmasına nail olub. Ulu öndər Heydər Əliyevin və onun yolunu davam etdirən Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasətinin nəticəsidir ki, bu gün Avropa ölkələrinin enerjiyə artan tələbatının fonunda Azərbaycanın təchizatçı və tranzit ölkə kimi rolu daha da artıb. Məlumdur ki, bu istiqamətdə Avropa qurumları ilə ölkəmiz arasında aparılan müzakirələr artıq müsbət nəticələr əldə olunub və Azərbaycandan region dövlətlərinə ixrac olunan qazın həcmi artırılıb.
Bu irəliləyişlərin fonunda Avropa İttifaqı dövlətlərinin və liderlərinin Azərbaycana və şəxsən Prezident İlham Əliyevə artan və açıq ifadə olunan rəğbətinin tez-tez şahidi oluruq.Prezident İlham Əliyevin sözünün imzaya bərabər gücdə olduğunu artıq beynəlxalq ictimaiyyət də etiraf edir.
Bütün bunlar bir tərəfdən Azərbaycanın etibarlı iqtisadi tərəfdaş imicinin bütün dövrlərdə və vəziyyətlərdə özünü doğrultması ilə bağlıdırsa, digər tərəfdən ölkəmizin regionda sabitlik və təhlükəsizlik aktoru kimi də rolunun artması ilə əlaqədardır.

Belə ki, ilk növbədə Azərbaycanda uzun illərdir ki,təməlində xalq-iqtidar birliyinin dayandığı siyasi sabitlik amilini qeyd etmək lazımdır. Xatırladaq ki, ölkəmizdə siyasi sabitliyin əsasını müstəqilliyin ilk illərində ölkəni bürümüş siyasi, iqtisadi böhran, sosial narazılıq və xaos fonunda xalqın tələbi ilə 1993-cü ildə hakimiyyətdə qayıdan ümummilli lider Heydər Əliyev qoymuşdur. Ulu Öndərin və onun yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin siyasətinə olan xalq inamının və dəstəyinin nəticəsidir ki, region ölkələrində və dünyada gedən təlatümlü proseslərin fonunda Azərbaycan sabitlik adası kimi diqqəti cəlb edir. Xarici tərəfdalar və şirkətlər çox yaxşı anlayır ki, ölkədə siyasi sabitliyin olması qanunların işləməsi, sərmayələrin qorunması və müqavilələrin yerinə yetirilməsi deməkdir.
Digər tərəfdən, 44 günlük Vətən savaşında əldə etdiyi qələbə ilə işğala son qoyan, ərazi bütövlüyünü təmin edən Azərbaycan, bununla Cənubi Qafqazda yeni təhlükəsizlik mühitini formalaşdırmağa başladı. 2020-ci il noyabrın 10-da Ermənistanın kapitulyasiya aktına imza atması ilə başlayan bu prosesin yekun hədəfi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasıdır. Bu proses hələ başa çatmasa da Qarabağ münaqişəsinin həllini tapması və Azərbaycan ilə Ermənistan arasında tammiqyaslı müharibə ehtimalının aradan qalxması bölgənin təhlükəsizlik durumuna çox müsbət təsir göstərmişdir.
Münaqişənin həlli Orta Dəhlizin mühüm marşrutuna çevrilə biləcək Zəngəzur dəhlizinin də reallaşmasına zəmin yaradıb. Xüsusən də bu ilin fevralında Rusiya-Ukrayna müharibəsinin başlaması səbəbindən Çindən Avropaya Rusiya üzərindən gedən tranzit yolları demək olar ki bağlanıb. Nəticədə, Xəzərdən, eləcə də Zəngəzurdan keçən marşrutların əhəmiyyəti artıb. Prezident İlham Əliyevin sözügedən tədbirdə söylədiyi kimi, bu vəziyyətdən hər bir ölkə qazana bilər, çünki Zəngəzurdan keçən dəmir yolunun bir qolu Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Culfa şəhəri vasitəsilə İrana daxil olacaq: “Ermənistanın İranla dəmir yolu əlaqəsi qurmağının yeganə yolu bizdən keçir. Ermənistanın Rusiya ilə dəmir yolu əlaqəsi qurmağının yeganə yolu bizdən keçir. Çünki separatçı Abxaziyadan keçən ənənəvi marşrut bağlanıb, Gürcüstan hökuməti onu açmaq istəmir və bu, təbiidir. Biz bunu başa düşürük. Deməli, bu dəhlizin olması bizim maraqlarımızdan daha çox Ermənistanın marağındadırMüxtəlif daxili və xarici təzyiqlərə uyaraq sülh müqaviləsi və Zəngəzur dəhlizi məsələsində destruktiv mövqe tutan rəsmi İrəvanla yanaşı, İranın da bu prosesdə qərəzli yanaşması özünü göstərir. Lakin sözügedən layihələrin reallaşması, kommunikasiyaların açılması təkcə Azərbaycanın və tərəfdaşlarının istəyi deyil, həm də zamanın tələbidir.
Zamanın əleyhinə gedən, bölgənin reallıqları və Azərbaycanın gücü ilə hesablaşmayan Ermənistan iki il əvvəl bunun ağır nəticəsi ilə üzləşməli oldu. İndi bənzər səhvə yol verən, bölgənin inkişaf tendensiyalarına qarşı gəlməyə çalışan, bir sıra qonşu və dünya dövlətlərinin timsalında düşmən obrazı yaradaraq öz əhalisinin diqqətini daxili problemlərdən yayındırmağa çalışan rəsmi Tehranın yanlış siyasəti İranda daxili sabitliyin uzunmüddətli pozulması təhlükəsini yaratmışdır. 
Dövlət başçısının çıxışlarından da aydın olur ki, Azərbaycan bütün qonşuları, o cümlədən İranla sülh və dostluq münasibətlərinin mövcud olmasında maraqlıdır. Lakin ölkəmizin işlərinə kənardan qarışılması, xalqımıza qarşı mənəvi-ideoloji müharibənin aparılması, eləcə də xalqımızın bir parçası olan İrandakı soydaşlarımızın təməl hüquqlarının pozulmasına qarşı Azərbaycan öz kəskin mövqeyini ortaya qoyaraq, müvafiq addımlar atacaq. Məhz Azərbaycanın bu qətiyyətli siyasəti bölgəmizdə sülh və təhlükəsizlik mühitinə vacib dəstəkdir.
Hülya Məmmədli
Politoloq
Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti