8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Türkiyə Palatalar və Birjalar Birliyinin bu ölkədə yaradılan xarici sərmayəli şirkətlərin statistikasına dair açıqladığı ən son məlumata görə, yola saldığımız 2015-ci ilin 11 ayında Azərbaycan vətəndaşları və şirkətləri Türkiyənin müxtəlif bölgələrində 158 şirkət qurulmasında iştirak ediblər. Ümumilikdə isə son üç ildə Azərbaycan vətəndaşlarının və sirkətlərinin iştirakı ilə yaradılan şirkətlərin sayı 500 olub. Son üç ilin statistikasına baxdıqda ildən-ilə artım müşahidə olunur. Bu isə son üç ildə Azərbaycandan kapital axının sürətləndiyini göstərir. Türkiyənin rəsmi qurumlarının məlumatına görə bu şirkətlərin qurulmasına Azərbaycandan 143 milyon türk lirəsi ekvivalentində valyuta sərf olunub.
Ekspertlər bu məlumatın yalnız bir ölkəyə aid olduğunu nəzərə alaraq Asiya və Avropa ölkələrinə axan kapitalı da nəzərə alanda Azərbaycandan kapital axının çox təhlükəli həddə olduğunu qeyd edirlər. Ekspertlər kapital axının səbəbini isə fərqli məsələlərlə izah edirlər. Bəzi ekspertlər hesab edir ki, kapitalın ölkədən axının əsas səbəbi siyasidir. Yəni, burada kapital və biznes hüquqi müdafiəsinin zəif olması, məhkəmələrin sifarşli qərar çıxarması və məmurların biznes sahələrini iş adamların əllərindən alması kimi faktorlar kapital axınını sürətləndirir. Bəzi ekspertlər hesab edir ki, Azərbaycanın regional birliklərdən kənarda qalması, Dünya Ticarət Təşkilatına üzv olmaq istəməməsi kimi faktorlar istehsalın cəlbediciliyini azaldır. Ona görə də kapital sahibləri daha çox Avropa bazarlarına, daha asan çıxışa malik ölkələrdə iş qurmağa meyl edirlər. Son zamanlar Ukrayna, Moldova və Gürcüstana artan maraq da bununla bağlıdır. Kapital sahibləri, xüsusilə də onların Qərbdə təhsil almış övladları Avropa bazarlarına çıxışı olan ölkələri daha cəlbedici hesab edir, bununla kapitalarının qanuniləşməsi və dünya maliyyə sisteminə daxil olmasını düşünürlər.
Ekspertlərə görə, ölkədən kapital axınının bir səbəbi də neftin ucuzlaşması ilə Azərbaycanın biznes baxımından cəlbediciliyini itirməsi ilə bağlıdır. Məlumdur ki, neftin ucuzlaşmasından sonra Azərbaycanda əhalinin həyat səviyyəsi aşağı düşməyə başlayıb ki, bu da onların alıcılıq qabiliyyətini kəskin aşağı salıb.
Kapital axını gücləndirən səbəblərdən biri də heç şübhəsiz ölkənin gələcəyi ilə bağlı narahatlıqlardır. Cəbhə xəttində atəşkəsin pozulmasının intensivləşməsi, Qərb ölkələri ilə münasibətlərin pisləşməsi kimi amillər də öz təsirini göstərir.
Ekspertlər hesab edir ki, təcili olaraq ciddi tədbirlər görülməsə vəziyyət pisləşməkdə davam edəcək. Kapital axınının dayanmaması isə Azərbaycanda iqtisadi inkişafı qeyri-mümkün edə bilər. Oxşar problemlərin mövcud olduğu Rusiyada görülən tədbirlər maraq doğurur. Ancaq Rusiyada müstəqil iqtisadçılar hesab edir ki, yalnız iqtisadi islahatlarla kapital axının qarşısını almaq, biznesi yerli istehsalda maraqlandırmaq mümkün olmayacaq. Rusiyanın hakim dairələrinə yaxın ekspertlər də siyasi və hüquqi islahatlarsız uğur əldə etməyin mümkün olmayacağı fikirindədirlər. Belə görünür ki, eyni fikirləri Azərbaycana da aid etmək olar. Ona görə prezident İlham Əliyevin iqtisadi islahatlarla yanaşı siyasi və hüquqi islahatların da yolunu açacağı istisna oluna bilməz. Mümkündür ki, yerlərdə hakimiyyət icra orqanlarından bələdiyyələrə keçsin. Əldə etdiyimiz məlumata görə, Prezident Adminstrasiyasında belə islahatlarla bağlı artıq müəyyən müzakirələr olub. Yaxın zamanlarda Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə çıxış edərək bələdiyyələrin səlahiyyətlərinin artıracağı gözlənilir. Belə gözlənilir ki, Ədliyyə Nazirliyinin aid olan bəzi səlahiyyətlər bələdiyyələrə veriləcək. Buraya vətəndaşların vətəndaşlqı aktlarının qeydiyyatı tezliklə bələdiyyələrə verilə, Ədliyyə Nazirliyinin bu sahə üzrə qurumları ləğv oluna bilər. Bundan başqa yerli icra orqanlarının səlahiyyəti çərçivəsində olan təsərrüfat sahələrinin də bələdiyyələrə verilməsi gözlənilir. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə Nazirliyinin səlahiyyətlərinə aid bəzi məsələlər bələdiyyələrə verilə bilər. Belə görünür ki, bu il bir sıra siyasi və iqtisadi islahatların şahidi ola bilərik. Məsələ isə ondan ibarətdir ki, bu islahatlar nə qədər tez başlasa və sürətlə aparılsa ölkədən kapital axını da bir o qədər tez zəifləyər. Əks halda ölkədən kapital axını güclənəcək ki, bu da sonda iqtisadi böhranı dərinləşdirəcək.
Yeni Sözçü