Köhnə kadrlarla islahat mümkün olacaqmı?

Köhnə kadrlarla islahat mümkün olacaqmı?

Prezidentlə icra başçılarının mövqeyi üst-üstə düşmür

Ötən gün prezident İlham Əliyevin sədrliyi ilə 2014-2018-ci illər üzrə regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının icrasının gedişinə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə çıxış edən prezident bildirib ki, 2015-ci ildə dünyada iqtisadi böhran daha da dərinləşib, dünya iqtisadiyyatı böhrandan çıxa bilmir. Neftin qiymətinin 4 dəfə, qonşu ölkələrin milli valyutalarının 100 faiz dəyərdən düşməsini manatın məzənnəsinin sabit saxlamağa imkan vermədiyini qeyd edən prezident İlham Əliyev yaranmış vəziyyətdən dərin iqtisadi islahatlar sayəsində çıxmağın mümkün olacağını vurğulayıb. 2016-cı ilin dərin iqtisadi islahatlar ili olmalı olduğunu və belə də olacağını bəyan edən prezident İlham Əliyev geniş özəlləşdirmə proqramının həyata keçiriləcəyini də vəd edib. Bu müşavirədən bir gün öncə isə prezident Natiq Əmirovu özünün iqtisadi islahatlar üzrə köməkçisi təyin etməklə islahatlarda qərarlı olduğunu nümayiş etdirmişdi. Doğrudur, prezidentin iqtisadi islahatlar üzrə özünə köməkçi təyin etməsi müsbət addım olsa da, bu vəzifənin Natiq Əmirovun üzərinə qoyulması bəzi sualların yaranamasına səbəb olur. Çünki, bu günə kimi bu şəxsin bütün karyerası demək olar ki, vergi orqanları ilə bağlıdır. 1990-cı ildə Sumqayıt şəhəri Maliyyə Şöbəsi büdcə iqtisadçısı kimi əmək faəliyyətinə başlayan Natiq Əmirov 1991-ci ildən vergi orqanlarında işləyib. İlk olaraq Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyində vergi müfəttişiliyindən başlayan Natiq Əmirov 2009-cu il ildə Vergilər nazirinin I müavini vəzifəsinə təyin edilib. Bu günə kimi, yəni 23 il ərzində vergilərin yığılması ilə məşğul olan, eyni zamanda keçmiş Sovet İttifaqının ən zəif ali məktəblərindən olan N.A.Voznesenskiy adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun, sonra isə ali məktəbdən başqa hər şeyi xatıradan Təfəkkür Universitetinin məzunu olması da onun üzərinə qoyulmuş vəzifənin öhdəsindən gələcəyinə şübhələr yaradır. Əlbətdə, bu sırf subyektiv fikirdir. Ancaq ekspertlər də hesab edir ki, bu vəzifəyə müasir iqtisadi proseslər üzrə mütəxəsis təyin olunsaydı, islahatlar haqqında daha rahat danışmaq olardı. Başqa bir problem isə preizdentin nəzərdə tutduğu islahatları kimlərin vasitəsilə həyata keçirəciyi ilə bağlıdır. İqtisadi islahatlar üzrə köməkçi bu günə kimi cəmiyyətdə islahatçı fikirləri ilə tanınmamış bir vergi məmurudur. Əsas bilikləri və təcrübələri sosailist iqtisadiyyatı ilə bağlı olan məmurlarla hansı islahatlar həyata keçirmək olar, bu da açıq qalan suallardandır. Digər bir məsələ yerli icra hakimiyyəti başçılarının fərqli vəziyyətdə fərqli iş qabiliyyətinə nə dərəcədə malik olmaları ilə bağlıdır. Məlumdur ki, bu günə kimi xüsusilə də 2003-cü ildən sonra icra başçılarının əsas vəzifəsi tikinti, təmir və abadlıq üçün ayrılan külli miqdarda büdcə pullarını faktiki olaraq talamaqla məşğul olublar. İndi onlardan islahatlar gözləmək faktiki olaraq inandırıcı görünmür. Prezident İlham Əliyev müşavirədə hər bir rayonda sənaye zonası yaradılmasına göstəriş verib. "Ancaq bu proses zəif gedir. İndi icra hakimiyyətləri daha fəal olmalıdır. Nə qədər iş yeri açılıb, müəssisə yaradılıb, investisiya cəlb edilib? İcra hakimiyyətlərinin fəaliyyətinə buna əsasən qiymət veriləcək”. Bu günə kimi büdcə pullarını təmir-tikinti, abadlıq adı altında talan edən icra başçılarının bundan sonra sənaye zonalarının yaradılmasına hansısa tövhələr verə biləcəkləri çox böyük şübhələr doğurur. Cəmiyyətdə belə bir rəy var ki, sənaye zonalarının yaradılması üçün büdcədən ayrılacaq pullar yeni korrupsiya mənbəyi olacaq. İş adamlarının isə, xüsusilə xarici iş adamlarının öz pullarını icra başçılarına etibar etmələri də inandırıcı deyil. Beləliklə bu qənaətə gəlmək olar ki, icra başçıları ilə prezidentin mövqeyi haçalanır. Eyni sözləri məmurların xalqa xidmət etməyə çağırışı ilə bağlı demək olar. Prezidentin Naxçıvandakı avtomobil zavodunun avtomobillərini məmurların alması ilə bağlı tövsiyəsinə bircə icra başçısının da əməl edəcəyinə inanmaq mümkün deyil. Bu gün icra başçıları BMV, Mercedes və Tayota kimi dünyanın ən yaxşı avtomobil şirkətlərinin ən bahalı modelərini belə bəyənmək istəmirlər. Onlar prezidentdən qorxmasalar "Rolls-Royce”, "Bugatti”, "Maserati” kimi markalardan istifadə edərlər.Doğrudur, icra başçıları özləri hələlik bu markalardan istifadə etməkdən çəkinirlər. Ancaq onların övladları bu sahədə bir-biri ilə rəqabətə çıxıblar. Ona görə icra başçılarımızı Naxçıvandakı avtomobil zavodunun Çinin "Lifan” şirkəti ilə birlikdə yığdığı "NazLifan” markalı avtomobillərdə görmək çətin ki, mümkün olsun. Bu məqsədə çatmaq üçün icra başçılarının sərəncamında olan avtomobillər məcburi qaydada satdırılmalıdır. Dövlət həmin avtomobilləri hərraca çıxarmaqla sata və büdcəyə əlavə gəlirlər əldə edə bilər. Bundan başqa məlumdur ki, icra başçılarının indi istifadə etdikləri avtomobillər benzini çox işlədir. Məmurların "NazLifan”lara oturtmaqla yanacağa xərclənən külli iqdarda büdcə pullarına da qənaət etmək olar. Ancaq bunlar xəyallardan uzağa getməyəcək. İcra başçıları özlərini yenə əvvəlki kimi aparmaqda davam edəcəklər ki, bu da böhranın dərinləşməsinə səbəb olmaqdan başqa heç bir işə yaramayacaq. Çünki, prezident İlham Əliyev icra başçılarını və bütövlükdə məmurları "NazLifan”lardan istifadə etməyə çağırdığı vaxtda mediada Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin Yaponiyada xüsusi sifarişlə 500 min dollar dəyərində zirehli JEEP-LEXUS yığdırması haqqında xəbərlər yayıldı. Bu zaman haqlı olaraq əmək haqqısı min dolardan artıq olmayan icra başçısının 20 AA 001 dövlət seriyalı həmin avtomobili hansı vəsaitlə alması ilə bağlı suallar çıxdı. "Yeni Sözçü” olaraq icra başçılarının və onların övladlarının hansı avtomobillərdən istifadə etməsi ilə bağlı geniş araşdırmaya başlayırıq və hansl məmurun hansı avtomobilə sahib olması ilə bağlı araşdırmamızı yaxın saylarımızda oxuya biləcəksiniz.

Vəfa Qafarova



Oxşar Xəbərlər

Xəbər lenti