27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
(R) "AzPolitika.info” 80 saylı İmişli-Beyləqan Seçki Dairəsindən deputatlığa namizəd Raqif Muradovla müsahibəni təqdim edir:
- Raqif müəllim, 80 saylı İmişli–Beyləqan Seçki Dairəsindən deputatlığa namizədsiniz. İlk növbədə bilmək istərdik ki, seçkidə iştirak etməklə bağlı qərar verməyiniz nə ilə bağlı oldu: öz təşəbbüsünüzdür, yoxsa rayondan belə bir xahiş, tələb gəldi?
- Bunun bir çox səbəbləri var. Bilirsiniz ki, cənab Prezident İlham Əliyev növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı sərəncamı Milli Məclisin deputatlarının özlərinin ölkədə gedən islahatlara qeyri-adekvat olmalarına dair qərarına əsasən verib. Yəni, hazırkı deputatların ölkədə həyata keçirilən geniş miqyaslı islahatlara cavab vermədiyi bütün səviyyələrdə qəbul olunur. Bu da parlamentin xalqa yaxın, xalqın problemlərini bilən, ölkədə həyata keçirilən islahatlar siyasətinə peşəkar fəaliyyətilə dəstək verməyi bacaran insanlardan formalaşmasını tələb edir. Yəni, hazırda ölkədəki mövcud şərait hakimiyyətin ikinci qolunun birmənalı olaraq xalq tərəfindən formalaşacağını söyləməyə əsas verir.
Sirr deyil ki, son illərdə seçilmiş deputatların əksəriyyətinin xalqla bağlılığı yox idi. Təsəvvür edin, 5 il öncə 80 saylı dairədən seçilmiş deputat mən təhsil aldığım orta məktəbin müəllimləri və ziyalıları qarşısında çıxış edərkən, onların suallarına cavab olaraq "Sizin səsinizə mənim ehtiyacım yoxdur”, deyib. Hətta "məni dövlət göndərib, o da seçəcəkdir” ifadəsini işlədib.
Belə ifadələr bir sıra başqa kəndlərdə də işlədilib. Hansı ki, bu fikirlər xalqın dövlətə inamını sarsıtmağa, xalq və hakimiyyət arasında uçurum yaratmağa xidmət edir. Belə köhnə təfəkkürlü insanların parlamentdə olması vaxtilə hökumətdə yüksək vəzifə tutmuş şəxslərin dəstəyi, bəzi hallarda seçkiyə qanunsuz müdaxilələri ilə baş vermişdi. Bu gün artıq həmin insanların seçkilərə müdaxilə etmək imkanları yoxdur. Artıq ölkədə hər kəsin buna böyük inamı formalaşıb. Elə mən də bu seçkilərdə söz sahibinin Azərbaycan xalqı olacağına inanan ziyalı və ağsaqqalların təkidi ilə deputatlığa namizəd olmağa razılaşdım.
Cənab Prezidentin ölkənin demokratikləşdirilməsi istiqamətindəki siyasi iradəsi növbədənkənar seçkilərin şəffaf və ədalətli şəkildə baş tutacağına heç bir şübhə yeri qoymur. Bu inam da mənə seçkidə iştirak etməyim üçün kifayət qədər əsas verir.
- Bilirik ki, uzun illər Bakıda yüksək dövlət vəzifələrində işləmisiniz. İndi isə xalqın səsi ilə formalaşan qanunverici orqanda təmsil olunmaq istəyirsiniz. Maraqlıdır, təmsil olunduğunuz dairənin, yəni İmişli və Beyləqan camaatının nəyə görə məhz Sizi dəstəkləyəcəyini düşünürsüz?
- Təvazökarlıqdan bir qədər uzaq da olsa, keçdiyim həyat yolu, eldə-obada olan hörmətim, İmişli və Beyləqan camaatının şəxsimə olan münasibəti dairədəki seçicilərin əksəriyyətinin mənə dəstək verəcəklərini düşünməyimə əsas verir. Qeyd edim ki, mən əmək fəaliyyətimə dünyaya göz açdığım İmişli rayon Bəhrəmtəpə qəsəbəsində başlamışam. Hansı ki, 80 saylı dairə həmin qəsəbədə yerləşir. Bəhrəmtəpə qəsəbəsində yerləşən 123 saylı "Texniki Peşə Məktəbi”ndə istehsalat təlim ustası, müəllim, direktor müavini və həmin məktəbin direktoru vəzifələrində işləmişəm. 1996-cı ildə Bakı şəhərinə - Dövlət Əmlak Komitəsinə dəvət olunmuşam və yerli qurumlar üzrə dövlət əmlakının özəlləşdirilməsinə rəhbərlik etmişəm. 2006-cı ildə Fövqəladə Hallar Nazirliyində (FHN) işə qəbul olunmuş, Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin şöbə rəisi, sonradan müfəttişliyin rəis müavini təyin edilmişəm. 2008-ci ildə cənab Prezident İlham Əliyevin sərəncamı ilə FHN-də Maddi Texniki Təchizat İdarəsi yarandı və həmin idarənin rəisi vəzifəsinə təyin edildim. 2011-ci ildə cənab Prezidentin sərəncamı ilə FHN-nin tərkibində Su Ehtiyatları Dövlət Agentliyi yarandı və mən həmin agentliyin rəisi vəzifəsinə təyin edildim. 2014 cü ildə FHN-nin İnfrastrukturun İnkişafı Baş İdarəsində Təşkilati-Analitik və Regionlarla İş İdarəsinin rəisi təyin edildim. Hazırda işsizəm. İşlədiyim müddətdə dəfələrlə "Fəxri Fərman”la, nazirliyin orden və medalları ilə, cənab Prezident İlham Əliyevin sərəncamı ilə "Dövlət Qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşam. Dövlət qulluğunda "Baş Dövlət Müşaviri”yəm.
1998-ci ildə Ulu öndər Heydər Əliyevin Seçki Qərargahının üzvü olmuşam. Cənub bölgəsində 7 rayon üzrə prezidentliyə namizəd Heydər Əliyevin səlahiyyətli nümayəndəsi kimi fəaliyyət göstərmişəm.
Qısa da olsa da keçdiyim həyat yolunu təqdim etdim. Bu dövrlər ərzində yaşadığım el-obanın xeyir-şərində iştirak etmişəm. Bugünə qədər istənilən həmyerlimin müraciətinə qayğı ilə yanaşmış, kömək üçün mənə uzanan əlləri heç vaxt boş qaytarmamışam. Bütün bunları bizim dairədə yaşayanların əksəriyyəti bilir.
Həmin bölgədən Rusiyada, Türkiyədə, Bakı və digər şəhərlərdə yaşayan dost-tanışlar telefon açaraq seçki müddətində dəstək olacaqlarını bildirirlər. Seçki qərargahında ziyalılar, hörmətli adamlar, ağsaqqallar, xüsusilə gənclər, partiyalılığından (YAP, Ana Vətən, Milli İstiqlal və.s) asılı olmayaraq, bütün təbəqələrdən fəallar iştirak edir. Artıq xalqın dəstəyi göz önündədir. Bilirsiniz ki, xalqın gözü tərəzidir. Mənim çalışdığım vəzifələrdə bir il işləyən adamların villaları, restoranları obyektləri var. Ancaq məni tanıyan hər kəs sadə həyat yaşadığımı bilir, nə mülküm, nə obyektlərim var. Mən dövlətimə sədaqətlə xidmət etmişəm, heç bir zaman hansısa qanunsuz hərəkətə yol verməmişəm, ümumiyətlə bu mənim xarakterimə yaddır. Hər zaman qanunsuzluğa, ədalətsizliyə qarşı mübarizə aparmağı özümə borc bilmişəm. Həmişə xalqımla bir yerdə olmuş, onlar yaşadığı kimi yaşamışam, həyat tərzim heç vaxt onlardan fərqlənməyib. Xalqın mənə etimad göstərəcəyinə inanıram və bundan sonra da onlarla həmişə birlikdə olacağam.
- Raqif müəllim, seçkiyə hansı şüarla və hansı proqramla gedirsiniz. Mümkündürsə, deputat seçiləcəyiniz halda ilk növbədə görmək istədiyiniz işlər barədə qısa məlumat verərdiniz.
- Qeyd etdiyim kimi, bu seçki əvvəlki seçkilərdən fərqlidir. Son illərdə ilk dəfədir ki, seçicilərin fəallığının bu tempdə artdığının şahidi oluruq. Xalq seçkiyə bir inamla gedir. Bunun da başlıca səbəbkarı ölkə Prezidentinin son illərdə apardığı inqilabi islahatlardır. Cənab Prezident mətbuatla xalqa səsləndi ki, millət vəkili xalqın içərisində olmalıdır. Hakimiyyət xalqın iradəsinə söykənən islahatlara gedir. Bu ərəfədə bizim əsas şüarımız "Milli Dəyərlər, İslahat və Ədalət Naminə” olacaqdır. Millət olaraq biz milli dəyərlərə söykənən dövlət quruculuğuna üstünlük veririk. Bizim milli dəyərlərimiz, əxlaqımız, adət-ənənəmiz, mədəniyyətimiz, inancımız yüz illərdir ki, bizi dünyanın ən əxlaqlı, vicdanlı xalqlarından biri etmişdir. Biz ilk olaraq bu dəyərlərə sahib çıxmalıyıq.
Mən bir məmur kimi kifayət qədər təcrübəyə malik olmuşam. Bizim fəaliyyət istiqamətlərimizdə kifayət qədər qanunverici aktlar - Milli Məclisin qanunları, Prezidentin fərman və sərəncamları, Nazirlər Kabinetinin sərəncam və qərarları, digər normativ hüquqi aktlar - var. Lakin bu qanunların icrasında müəyyən problemlər var. Şəxsi mənafe, yarıtmaz iş qabiliyyəti, əsassız tapşırıq və göstəriş verən vəzifəli şəxslər qanunların düzgün işləməsinə mane olur. Bunun üçün qətiyyətli ədalət prinsipini başlıca vəzifələrdən hesab edirik. Bizim ilk görəcəyimiz işlər bu prinsipləri həyata keçirmək, korrupsiya və rüşvətxorluğa qarşı amansız olmaq, xalqın yanında olmaq, onların problemlərini dinləmək, milli dəyərlərə söykənən ədalətli dövlət quruculuğunda iştirak etməkdir.
- Sizin də biraz əvvəl vurğuladığınız kimi, artıq xeyli müddətdir ölkədə geniş miqyaslı islahatlar həyata keçirilir: həm idaretmə strukturu təkmilləşdirilir, həm də kadrlar yenilənir. Bu islahatlarla bağlı Sizin mövqeyiniz necədir?
- Cənab Prezidentin birbaşa siyasi iradəsi, Birinci vitse-prezident Mehriban xanımın yaxından iştitakı ilə həyata keçirilən bu islahatları, əlbəttə ki, hər kəs kimi, mən də çox yüksək dəyərləndirirəm. İstənilən dəyişiklik, yenilik xalqın rifahı naminə aparılırsa, bu mənim düşüncəmə görə bütün millət tərəfindən alqışlanır. Hər kəsə məlumdur ki, kadr islahatlarının aparılması, xüsusilə uzun illər dövlət orqanlarında kök salmış kadrların dəyişilməsi asan məsələ deyildir. Biz bunu cənab Prezidentin ciddi qətiyyət və iradə tələb edən kadr islahatlarının başlanğıcı kimi qiymətləndiririk. Kifayət qədər var-dövlətə sahib olan, hər biri özü üçün "komanda” formalaşdıran oliqarxlar həmişə hakimiyyət və xalq arasında uçurum yaratmaqda maraqlı olub, ölkədə narazı insanların sayının artması istiqamətində işləmişlər. Onlar, təbii ki, lazım gələndə öz mənafeləri naminə bu güclərdən istifadə etməyi planlaşdırırdılar. Hələ də bu düşüncə ilə yaşayan məmurlar var... Yuli Sezar deyirdi ki, dünyada ən yaxşı şey pul, mal-mülk və kapitaldır, lakin bütün bunları hakimiyyət üçün xərcləməyə dəyər...
Siz də sosial şəbəkələrdən gördünüz ki, falçı, ekstrasens gücü ilə daha yüksək vəzifə tutmaq istəyən nazirlər, məmurlar olub. Öz liderinə və komandasına xəyanət edən bu insanlarla hansı inkişafdan danışmaq olar? Belə məmurlar, nazirlər, deputatlar "burda mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə hərəkət edərək, insanları dövlətdən narazı salmağa çalışırlar. Cənab Prezidentin siyasi iradəsi, Birinci vitse-prezident Mehriban xanımın yardımları ilə intellektual, savadlı, işgüzar adamların dövlət idarəetmə sisteminə gətirilməsini kadr islahatlarında inqilabi dəyişikliklər kimi qiymətləndirirəm. Bu islahatların ardıcıl və davamlı olacağı heç bir şübhə doğurmur. Prezidentimiz bu islahatların hüquq-mühafizə və məhkəmə sistemində də aparılmalı olduğunu bəyan edib. Bunun üçün bir çox sahədə qanunlarımız humanistləşdirilməli, insan amili və ədalət prinsipi əsas götürülməlidir, institusional sahələrdə aktiv iş aparılmalıdır. Siyasətimizə milli mənəviyyatımıza xas olan əxlaqı qaytarmalıyıq. Bütün bu yolda aparılan islahatlarda Cənab Prezidentə və Birinci vitse-prezidentə uğurlar arzu edib, bu məsələlərdə onların yanında olmağı özümə borc bilirəm.
Yenə də deyirəm ki, bu islahatlar Azərbaycan dövləti və xalqının inkişafına xidmət etdiyindən, ölkəsini sevən hər bir insan kimi mən də dəstəkləyirəm. Və bu islahatların nəticəsi olaraq 9 fevralda ədalətli və demokratik seçkilərin keçirilməsinin şahidi olcağımıza inanıram.
- Raqif müəllim, müəyyən dairələrdə bəzi namizdlər hökumətin saxta yolla onu deputat seçdirəcəyinə dair fikirlər yayaraq, həm xalqın prosesə olan inamını sarsıdırlar, həm də rəqiblərini normal seçki kampaniyası aparmaqdan yayındırmağa çalışırlar. Sizin namizəd olduğunuz dairədə vəziyyət necədir?
- Bu suala birmənali cavab vermək çətindir. Yuxarıda qeyd etdiyimiz kimi, islahat ərəfəsində köhnə fikirli məmurlar, millət vəkilləri hələ də ölkədə gedən dəyişiklikləri görmürlər. Niyyətləri kəndlərdə ehtiyac içində olanları pul ilə ələ almaq, məntəqə seçki komissiyalarına təsir göstərərək, azad və ədalətli seçki marafonunu kölgə altına almaqdır. Bu tip hallar bizim dairədə də baş verir. Mənim 80 saylı dairədə yerləşən əksər kəndlərdə yaşayan müəllim, ağsaqqal və ziyalı təbəqəsi ilə yaxın münasibətim var. Təsəvvür edin ki, 2-3 kənddən mənə telefon açdılar ki, icra strukturundan göstəriş veriblər ki, bir namizədin xeyrinə imza toplamağı həyata keçirsinlər. Müəllimlərin əksəriyyəti və orada yaşayan əhali imza etməkdən imtina edib.
Axı imza toplaya bilməyən adam hansı haqla deputat olmaq istəyir? "Məni dövlət göndərib” deyərək xalqla hakimiyyəti üz-üzə qoymaq nə dərəcədə ədalətlidir? Çox təəsüf ki, bu tip hallar bizim dairədə də baş verir, ancaq düşünürəm ki, bütün hallarda söz xalqındır.
Bəzi deputatlığa namizəd deyir ki, qohumum Prezidentin köməkçisidir və məni Prezident göndərib. Biri deyir ki, mənim deputat kreslom qızıma verilməlidir. Mən bütün bunları köhnə təfəkkürlü insanların düşüncəsi kimi qəbul edirəm. Hər halda dəyərli xalqımız bu avantüraya getməyəcək. Mən seçicilərimə bildirirəm ki, əgər doğrudan da cənab Prezident bu dairədən kimi isə deputat görmək istəsəydi, bunu açıq şəkildə bəyan edərdi. Bütün bunlar hələ də keçmiş abu-hava ilə yaşayan insanların təfəkküründən başqa bir şey deyil. Artıq Prezidentin iradəsi ortadadır ki, seçkilər ədalətli və demokratik keçirilməli və son söz seçicilərin olmalıdır.
- Bu gündən seçki təbliğatına start verilib. Seçicilərinizə ilk olaraq hansı müraciəti, çağırışı etmək istərdiniz?
- Bilirsiniz ki, namizəd olduğum dairə iki rayonun ərazisinə düşür: İmişli və Beyləqan. Ona görə də, hər iki rayondan olan seçicilərimə müraciət edirəm:
Əziz həmyerlilərim! Bacı və qardaşlar! Mən sizin yaşadığınız bölgədə dünyaya göz açmış, təhsil almış və işləmişəm. Buna görə də sizin problemləriniz mənə yad deyil. Bu gün ölkədə aparılan ciddi islahatlar dövründə Sizin arzularınızın və hüquqlarınızın təminatçısı kimi iştirak etməyimdə mənə dəstək olacağınıza ümid edirəm. Siz sübut etməlisiniz ki, bizim xalq müdrik xalqdır və seçimində səhv etməyəcək. "Kimi isə tapşırıblar”, "artıq Bakıdan mandatı kiməsə veriblər” ifadələrinə inanmayın. Bunlar sizin əvəzinizdən kiminsə düşündüyü xülyadır, eyni zamanda bu tip şüarlar Sizin seçkiyə olan ümidlərinizi qırmaq və seçkini saxtalaşdırmaq adına atılmış addımlardır. Siz seçkiyə gəlməklə bu tip oyunların baş tutmasına imkan verməməlisiniz. Sizin seçkiyə gəlməməyiniz seçki qutusunda qalmış bülletenləri başqasının adına atmaqla Sizin hüquqlarınızı pozub, dolasıyilə Sizin seçki saxtakarlığında iştirakınıza zəmin yaradır.
Bəzi seçicilərimiz imkansızlıq və seçkiyə olan inamsızlığına görə kiçik vəsaitlə aldadılır. Bu yolla deputat seçilmiş şəxs isə səsinizi satın almaqla Sizin qarşınızda heç bir öhdəçiliyinin olmadığını düşünür.
Rayondan kənarda yaşayan vicdanlı həmyerlilərim, Sizin bu seçki marafonunda iştirak etməyiniz çox vacibdir. Bəlkə də kənardan hər şey daha aydın görünür. Sizə də böyük ümidlər bəsləyirəm.
Son olaraq Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edirəm: Azərbaycan xalqı son illərdə ölkədə aparılan ciddi islahatları böyük ruh yüksəkliyi ilə qarşılayır. Bu xalq Sizə həmişə inanıb və dəstək olub. Bu seçkilərin demokratik keçirilməsi istiqamətində Sizin iradəniz ortadadır. Lakin bəzi məmurların hakimiyyət adından çıxış edərək, dairə və məntəqələrə tapşırıq və təsirləri hələ də davam edir. Xalqın iradəsinə qarşı çıxan insanlar, xüsusilə vəzifəli şəxslər, hakimiyyət və xalqın birliyinə, inamına və vəhdətinə zərbə vurur. Belə adamlar bilməlidirlər ki, xalqın iradəsinə söykənən parlamentin formalaşması, gələcək qüdrətli və güclü Azərbaycan üçün vacib şərtdir. Sizin və xalqın iradəsinə qarşı gedənlər hökmən cəzalanacağını hiss etməlidir.
Əziz həmvətənlər, 9 fevralda məntəqələrə gəlin, məhz Sizin seçiminiz son söz olacaqdır!