8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Dünyanın zəlzələ ocaqlarında aktivlik müşahidə edilir. Yanvarın 28-də bir neçə ərazidə zəlzələ hadisəsi baş verib. Belə ki, qeyd etdiyimiz tarixdə Türkiyənin Manisa şəhərinin Kırkagaç rayonunda 4.8 bal gücündə zəlzələ olub. Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata əsasən, yeraltı təkanlar yerli vaxtla saat 14.26-da qeydə alınıb. Zəlzələ ocağının yerin 6.99 kilometr dərinlikdə olduğu bildirilir.
Türkiyə mediası yazıb ki, ölkənin qərbində baş verən orta güclü zəlzələ binaları silkələyib və insanları küçələrə qaçmağa məcbur edib. Rəsmilər xəsarət və ya böyük zərər barədə məlumat verməyib. Yada salaq ki, bu hadisədən 4 gün öncə də Türkiyənin şərqində güclü zəlzələ olub. Nəticədə uçqunlar səbəbindən 41 nəfər dünyasını dəyişib. 6,8 bal gücündəki zəlzələdə 1600-dən çox insan zərər çəkib.
Yanvarın 28-də Yunanıstanın Dodekanes arxipelaqının yaxınlığında Egey dənizinin cənub-şərq hissəsində isə 5,2 bal gücündə zəlzələ baş verib. Bu barədə Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri Karpatos adasından cənub-şərq istiqamətində 78 km məsafədə və 10 km dərinlikdə yerləşir. Eyni gündə Karib hövzəsində Kayman adaları sahillərində də 6,5 bal gücündə zəlzələ baş verib. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Bildirilir ki, daha əvvəl Yamayka sahillərində 7,7 bal gücündə zəlzələ olub. Sunami təhlükəsi barədə xəbərdarlıq edilsə də, sonra təhlükənin aradan qalxdığı bildirilib.
Bəs Azərbaycanı nə gözləyir?
"Yeni Müsavat”a danışan AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli bildirib ki, yaxın günlər üçün Azərbaycanda güclü zəlzələ proqnozlaşdırılmır: "Azərbaycanda hazırkı vəziyyət normal halda, seysmik fon səviyyəsindədir. Xırda təkanlar hər gün olur. Lakin bunlar hiss edilməyəcək səviyyədədir. Elə bir bölgə yoxdur ki, orada yaxın günlərdə güclü zəlzələnin olacağını söyləyək. Tədqiqatlarımız bunu göstərir”.
Onu da bildirək ki, Türkiyə mediasında yazılanlara görə, alimlər bu cür zəlzələnin olacağını öncədən biliblər. Lakin gün və zaman məlum olmadığı üçün ictimaiyyətə açıqlamayıblar. Qurban Yetirmişli bildirib ki, bu cür proqnozların verilməsi mümkündür: "Proqnoz əslində çox qəliz məsələdir. Seysmologiyada belə bir anlayış var ki, proqnozları qısa, orta və uzun müddətə bölürlər. Qısamüddətli proqnoz bütün dünyada hələ ki qeyri-mümkündür. Elm nə qədər inkişaf etsə də, qısamüddətli proqnozu vermək olmur. Qısamüddətli proqnoz odur ki, yeri, vaxtı və gücü bilməlisən. Sən deməlisən ki, hansı tarixdə, saat neçədə, harada zəlzələ olacaq. Bu, güclü zəlzələyə aiddir. Xırda zəlzələ üçün problem yoxdur. Azərbaycanda gün ərzində 20-30 dəfə xırda təkanlar olur və bu, hiss edilmir. Yalnız bəziləri hiss edilə bilər. Orta müddətli proqnoz bir neçə aylardan başlayıb, bir neçə ilə qədər çəkə bilər. Yəni 1 ildən başlayıb, 50-100 ilə kimi proqnoz vermək olur. Çox zaman bu, özünü doğruldur.
Azərbaycandan misal çəkərək, baş verənləri söyləyə bilərəm. Belə ki, 2000-ci il noyabrın 25-də baş verən zəlzələni əvvəlcədən bilirdik. Aprel ayının 27-də rəsmi məktub verdik ki, belə bir zəlzələ gözlənilir. Ancaq deyə bilmədik ki, bu, nə zaman baş verəcək. Biz deyirdik ki, Xəzərdə bu cür zəlzələ gözlənilir. Bu cür proqnozları xalqa çatdırmaq qeyri-mümkündür. Çünki tarixini bilmirsənsə, zəlzələ anonsunu da verə bilməzsən. O zaman hər kəs panikaya düşər. Ona görə də biz açıqlamadıq və noyabrın 25-də zəlzələ oldu. Eyni zamanda ötən il may ayının 9-da Balakəndə zəlzələ olacağını demişdim. Zəlzələ oktyabrın 14-də oldu. Mən deyə bilməzdim ki, oktyabrda zəlzələ olacaq. Yəni bu, ortamüddətli proqnozlardır. Uzunmüddətli proqnozlar isə daha fərqlidir və uzun dövrü əhatə edir”.
Mütəxəssis söyləyib ki, hazırkı dövrdə hansısa gözlənilən zəlzələ yoxdur: "Azərbaycanın seysmogen zonaları var. Ancaq 6 baldan yuxarı zəlzələ həmin ərazilərdə də gözlənilmir. Ölkədə Böyük Qafqazın cənub-şərq yamacı - Şamaxı-İsmayıllı, Gəncəbasar zonası, Azərbaycanın şimal-qərb zonası (Şəki, Zaqatala, Balakən), şimal zonası (Quba, Siyəzən, Dəvəçi), Talış zonası, Naxçıvan Muxtar Respublikası və Xəzər dənizinin Azərbaycan sektoru seysmogen ərazilər sayılır. Burada güclü zəlzələlər baş verə bilir. Ən güclü zəlzələ zonası isə Şamaxı-İsmayıllı zonası hesab edilir. Hazırda ora üçün də güclü zəlzələ proqnozlaşdırılmır”.