“ELDAR MAHMUDOV SUSSA DAHA YAXŞI OLAR… ” – “Hər kəs onun kim olduğunu bilir”

 

İngiltərədə Azərbaycanın keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun övladları Anar və Nərgizin adına olan 100 milyon avroluq biznes və 19 milyon avroluq malikanə ilə bağlı araşdırma başlanıb. Bu zaman ailənin vəkili bildirib ki, bu varidat 19-cu əsrdə milyonçu olmuş Aslan Aşurovdan ailəyə miras qalıb. 

Bu məlumat açıqlandıqdan sonra Azərbaycan ictimaiyyətində Aslan Aşurovun şəxsiyyəti maraq doğurub. Onun Eldar Mahmudovla qohum olmasına aid məlumat yoxdur. Aşurovlar bakılı, Mahmudovlar isə şərurludur. Bu qalmaqal üzə çıxandan sonra Aşurovların Eldar Mahmudovun həyat yoldaşı Tahirə Mahmudova ilə qohum ola biləcəyi xəbəri dövriyyəyə buraxılıb.

Aslan Aşurov neft milyonçusu olub. Onun oğlu Ağa Aşurov Azərbaycan Xalq Cümhuriyyətində mühüm vəzifələr tutub və buna görə də Ağa Aşurov haqda daha dolğun məlumatlar var. Aslan Aşurov 1905-ci ildə yaradılan "Bakı müsəlman xeyriyyə cəmiyyəti”nin təsisçilərindən biri olub. O, bu təşkilatda "Bakının nəsillikcə fəxri vətəndaşı” statusu ilə təqdim olunub. Həmin təşkilatın digər təsisçiləri Hacı Zeynalabdin Tağıyev, Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev olub. Aslan Aşurovun oğlu Ağa Aşurov 1880-ci ildə Bakıda anadan olub. Bakı gimnaziyasını bitirib, daha sonra Almaniyada mühəndis-texnoloq ixtisası üzrə ali təhsil alaraq Bakıya qayıdıb. O, öncə şəhər bələdiyyə idarəsində işləyib.

1908-ci ildə Aşurovun rəhbərliyi ilə Bakıda yeni elektrik stansiyasının tikilməsi barədə müqavilə bağlanıb. Bakıya Şollar su kəmərinin çəkilməsində geniş fəaliyyət göstərib. Aşurov "Nəşri-maarif” cəmiyyətinin rəhbərlərindən biri olub, şəhər dumasının üzvü seçilib.

Ağa Aşurov 1906-cı ildə Əlimərdan bəy Topçubaşovun sədrliyi ilə Ümumrusiya müsəlmanlarının Nijni-Novqorodda keçirilən 3-cü qurultayında iştirak edib və qurultayın Rəyasət Heyətinin üzvü seçilib.

Milli hərəkatın fəal üzvlərindən olan Ağa Aşurov fevral inqilabından sonra Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilib, Qafqaz müsəlmanlarının Bakı qurultayında iştirak edib. 1918-ci ilin mart qırğınları zamanı hərbi əməliyyatları dayandırmaq üçün müsəlman nümayəndə heyətinin tərkibində İnqilabi Müdafiə Komitəsinin, Erməni Milli Şurasının üzvləri və İranın Bakıdakı konsulu Həbibulla xanla danışıqlar aparıb. Azərbaycan Xalq Cümhuriyyətinin ikinci hökumətində bitərəf olan Ağa Aşurov ticarət və sənaye naziri işləyib, eyni zamanda 1918-ci il oktyabrın 6-dək Ərzaq Nazirliyinə rəhbərlik edib. 1918-ci il oktyabrın 6-da poçt və teleqraf naziri təyin olunub. Aşurov Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilib, "Müsavat” və bitərəflər fraksiyasında təmsil olunub. 1918-ci il dekabrın ortalarında bütün hökumət kabinəsi ilə birlikdə istefaya çıxıb. Ağa Aşurov 1920-ci il aprelin 27-də bolşeviklərin hakimiyyəti təslim etmək tələbinin əleyhinə səs verən azsaylı parlament üzvlərindən olub. Buna görə də ertəsi gün hakimiyyətə gələn bolşeviklər onun həbs edilməsi barədə göstəriş versələr də, ələ keçirə bilməyiblər. Aşurov Türkiyəyə mühacirət etməyə cəhd göstərib, bu baş tutmadıqda, Rostov şəhərinə köçüb, orada ixtisası üzrə mühəndis-texnoloq işləyib. 1936-cı ildə vəfat edib, Rostovun tatar qəbiristanlığında dəfn olunub.

Bu və digər mənbələrdə Aşurovların Mahmudovlarla qohumluq bağı haqda hər hansı bir kiçik də olsa, məlumat yoxdur. Bu baxımdan jurnalistlərin sorğusuna cavab olaraq Anar Mahmudov və Nərgiz Mahmudovanın vəkil vasitəsilə ailələrinin sərvətlərinin bir əcdadlarından, 19-cu əsrdə yaşamış sahibkar Aslan Aşurovdan miras qaldığını bildirmələri böyük şübhələr yaradır.

Eldar Mahmudov ailəsinin Aslan Aşurovu özlərinin ulu babaları kimi təqdim etmələri nə qədər yalan, nə qədər doğrudur?

Deputat, tarix elmləri doktoru Fəzail Ağamalı deyir ki, Aşurovların varidatının bu günə qədər gəlib çatması inandırıcı deyil: "Sovet hökuməti bəylərin bütün imkanlarını alt-üst etdi. Onların mülklərini əllərindən alıb milliləşdirdi, varidatlarını da alaraq dövlətin məqsədlərinə yönəltdi. Azərbaycanda sovet hökumətindən əvvəl bəy, xan nəslindən olan, Hacı Zeynalabdin Tağıyev kimi, Aşurovlar kimi milyonçuların varidatının özündə qalması ilə bağlı heç bir tarixi mənbə yoxdur. Bolşeviklər birmənalı olaraq burjuaziyaya, kənddə olan bəylərə qoçu, qolçomaq damğası vurmaqla tamamilə müflisləşdirib. Tabe olmayanları öldürüb və ya Sibirə yollayıblar. Tarixdən bəlli olan budur”.

Fəzail Ağamalı deyir ki, Eldar Mahmudovun ortaya atdığı qohumluq bağına inanmır: "Eldar Mahmudovun dövlətdən oğurladığını Aşurov nəslindən qalan varidat kimi təqdim etməsi qeyri-ciddi yanaşmadır. Hər kəs Eldar Mahmudovun kim olduğunu bilir. Bu halda Eldar Mahmudov sussa daha yaxşı olar”.



Oxşar Xəbərlər

Xəbər lenti