8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Hakimiyyətin gözləntiləri kadr dəyişikliklərini arxa plana keçirib
Nazirlər Kabinetinin və yerli icra hakimiyyətlərinin rəhbərlərinin tərkibinin əsaslı şəkildə kadr dəyişikliyinə məruz qalacağı haqqında ilin əvvəlindən söylənən fikirlər, ehtimallar özünü hələlik doğrultmur. Doğrudur, il hələlik başa çatmayıb və qarşıdakı müddətdə dəyişikliklər ola bilər. Hətta bu çox gözləniləndir. Hələlik isə onu qeyd edək ki, hakimiyyətin kadr dəyişikliklərini təxirə salmasının səbəbləri var. Birinci səbəb xarici faktorla bağlıdır. Məlum olduğu kimi 2017-ci il rəsmi Bakı ilə Qərb arasında münasibətlərin ən pis ili hesab oluna bilər. Bunun nədən qaynaqlandığı, səbəbləri başqa bir yazının mövzusudur. Hələlik isə qeyd edək ki, hazırda rəsmi Bakı ilə həm Vaşinqton, həm də Avropanın aparıcı paytaxtları arasında gərgin münasibətlər yaranıb. Bu gərginliyin artan xətt üzrə yükəsələcəyi ehtimalı böyük olsa da, ölkənin mənafeləri əks prosesi diqtə edir. Belə görünür ki, tərəflər arasında hansısa qeyri-rəsmi danışıqlar gedir və proseslərin hansı səmtə inkişafı da məhz həmin danışıqlardan asılı olacaq. Azərbaycanın xarici siyasət kursunda ciddi dəyişiklik baş verəcəksə, bu heç şübhəsiz ölkənin daxili siyasətinə də təsir edəcək. Görünür, bu ehtimalları nəzərə alaraq kadr dəyişikliklərini də həmin müəyyənliyin yaranacağı günə kimi təxirə salıblar. Əks halda iqtidar düşərgəsindən qaynaqlanan dəyişiklik vədi təxirə salınmazdı. Hətta iyulun ilk günü vəzifəsindən azad edilən Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyevin yerinə təyinat da olmayıb. Onu bu günə kimi icra başçısının birinci müavini Səməd İslamov əvəz edir. Ölkədə bir icra hakimiyyəti orqanının bu qədər rəhbərsiz qalmasına rast gəlinməyib. Onu da qeyd etmək lazımdır ki, Yasamal rayonu paytaxtın strateji rayonlarından sayılır. Belə ki, bir çox dövlət strukturları məhz bu rayonun ərazisində yerləşir. Buna görə bu rayonun iyulun birindən bu günə kimi rəhbərsiz qalmasının ciddi səbəbi olmalıdır. Bu səbəb hakimiyyətin kadr dəyişikliklərini təxirə salmasıdır. Əlbəttə, digər səbəblər də var. Onlardan biri də oliqarxların mübarizəsidir. Bəzi oliqarxlar Yasamal rayonuna özünün adamını təyin etdirməyə çalışır. Yasamal rayonuna hələlik rəhbərlik edən Səməd İslamovun başçı olmaq şansları olsa da, hakimiyyətin yüksək darələrində ciddi dəstəyi olmaması problem yaradır. Əslində isə Yasamal rayonunun problemlərini bilən şəxs kimi Səməd İslamov hazırda bu rayona rəhbərlik etmək üçün çalışan icra başçıları ilə müqayisədə daha doğru seçim olardı.
Ümumiyyətlə, isə dəyişikliklərin təxirə düşməsi cəmiyyətin dəyişikliklərlə bağlı gözləntisinin yerini məyusluq alır. İstənilən rəy sorğusu bu fikiri təsdiq edə bilər ki, gözləntilərin, ümidlərin doğrulmaması məyusluq yaradır. Xarici təzyiqlərin artdığı, daxildə müxalifətin fəallaşdığı bir zamanda isə cəmiyyətin məyusluğu məhz hakimiyyətin əleyhinə işləyə bilər. Buna görə əksər ekspertlər hesab edir ki, hakimiyyət kadr dəyişiklikləri ilə bağlı cəmiyyətin gözləntisini uzun müddətə təxirə salmamalıdır. Çünki bu ilk növbədə onun əleyhinə işləyir. Xüsusilə də sosial gərginliyin artmağa başladığı qış aylarında yazda bu amil hakimiyyətin əleyhinə işləyə bilər. Xüsusilə də bəzi məmurların cəmiyyətdəki gərginliyi artırdığı bir zamanda dəyişikliklər zərurətə çevrilir. Bir neçə gün öncə yağan yağışlar paytaxt merindən narazılığı son həddə çatdırdı. Cəmi üç aydan sonra Hacıbala Abutalıbovun Bakı şəhər icra hakimiyyətinin başçısı təyin edilməsinin 17-ci ili tamam olacaq. Hər kəsə məlumdur ki, 2001-ci ildən paytaxta rəhbərlik edən 73 yaşlı Hacıbala Abutalıbov bu müddətdə görə biləcəyi bütün işləri görüb. Onun bundan sonra da vəzifə başında saxlanılması heç bir məntiqə sığmır. Xüsusilə də nəzərə alanda ki, bu şəxs artıq ciddi narazılıq mənbəyinə çevrilib. Onun yazıçılarla davası da hakimiyyətin əleyhinə işlədi. Cəmiyyətdə müəyyən nüfuzu olan ədiblərin aşkarda olmasa da, qeyri-rəsmi söhbətlərdə hakimiyyətdən narazılıqlarını bildirmələri sürətlənib. Artıq onların bir çoxlarının müxalifətin etiraz aksiyalarını gizli şəkildə də olsa dəstəkləməsi haqqında fikirlər səslənir.
Bu nümunə göstərir ki, hakimiyyət bir çox kadrlarını "qurban” verməkdə tərəddüd etməməlidir. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun da nəvəsi Nail Allahverdiyevlə bağlı qalmaqaldan sonra hələ də vəzifə başında qalması da hakimiyyətin əleyhinə işləyir. Çünki prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, kimin övladı cəmiyyətə qarşı hömətsizlik etsə, qanunları pozsa həm valideyn, həm də övlad cəzalanacaq. İndi isə cəmiyyət görürür ki, məmur övladının harınlığı iki nəfərin həyatına son qoysa da, onun valideyni cəzalandırılmır. Əli Həsnovla bağlı məcburi köçkünlərin əksər hissəsi arasında olan narazılığın da son zamanlar genişləndiyini nəzərə alsaq, bu şəxsin də Hacıbala Abutalıbov kimi vəzifə başında saxlanılmasının hansı məntiqdən doğduğunu anlamaq olmur.
Bütün bunların fonunda cəmiyyətdə gərginlik artır və hakimiyyət kadr dəyişikliklərini təxirə salmaqla özünün manevr imkanlarını məhdudlaşdırır. Xarici təzyiqlərin artdığı və daxili gərginliyin yüksəldiyi bir zamanda kadr dəyişikliklərinin təxirə salınması hakimiyyətin mövqeyini zəiflədə bilər. Bu isə ciddi siyasi proseslərə səbəb ola bilər.
"Yeni Sözçü” qəzeti