Əli Salehzad Omskda yenə tutuldu

 

Rusiyanın Omsk vilayətində kriminal "avtoritet”lərə bağlılığı ilə seçilən azərbaycanlı tutulub. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Ə.Salehzad 2009-cu ildə quldurluğa görə məhkum olunub. Cəzaçəkmə müəssisəsində kriminal avtoritetlərin dəstəyini qazanıb. Həbsdən azad olunduqdan sonra onun 2025-ci ilə qədər Rusiya Federasiyasına girişinə qadağa qoyulub. Ə.Salehzad isə bir müddət sonra Rusiyaya başqa adla təşrif buyurub.

Rusiya DİN-in mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan 33 yaşlı Azərbaycan vətəndaşı Əli Yaşar Salehzad saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 4 qram həşiş, avtomobilindən isə 10 qram marixuana aşkarlanaraq götürülüb. Ə.Salehzada qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228-ci maddəsi ilə cinayət işi başlanılıb.

"Novıy Omsk" nəşri yazır ki, Ə.Salehzad 2009-cu ildə Saxalin vilayətində silahlı basqınlar törətdiyinə görə həbs olunub. Omsk vilayətindəki cəzaçəkmə müəssisələrindən birində cəza çəkib. Kriminal "avtoritet”lərin dəstəyini alan Ə.Salehzadın yerli sahibkarlardan pul qoparmaq və s. kimi cinayətlərdə əlinin olması da istisna edilmir.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılmasına gəlincə isə, Ə.Salehzad barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib. Lakin məhkəmə zalından çıxarkən FTX-nın xüsusi təyinatlıları tərəfindən saxlanılan Ə.Salehzad Rusiya sərhədinə gətirilib.

2017-ci ildə həbsdən azad edilən Ə.Salehzad Azərbaycana qayıdıb. Azərbaycanda ad-soyadını dəyişib, yeni pasport alıb və 2018-ci ildə yenidən Rusiyaya dönüb. Bu dəfə isə Rusiya sərhədini qanunsuz keçməyə cəhddə ittiham olunub.

İnarə Rafiqqızı



Oxşar Xəbərlər

Xəbər lenti