“Yunanıstan Türkiyə ilə müharibəyə başlasa, dövlət olaraq çökə bilər” - POLİTOLOQ

“Yunanıstan Türkiyə ilə müharibəyə başlasa, dövlət olaraq çökə bilər” - POLİTOLOQ

 

Natiq Miri: "Avropa Birliyi çox gözəl bilir ki, Yunanıstanı dəstəkləyərsə, onda Türkiyə Uzaq Şərqdən və Afrikadan gələn miqrantların önünü kəsməyəcək"

 

"Rusiya bu məsələdə daha çox özünün geosiyasi maraqlarından hərəkət edəcək ki, bu da Kremlin Türkiyədən yana qərar verməsini stimullaşdıracaq"

Türkiyə ilə Yunanıstan arasında müharibə başlaya bilər. Bu bəyanatla çıxış edən Yunanıstanın xarici işlər naziri Nikos Kocias "Der Şpigel" nəşrinə müsahibəsində bildirib ki, ölkəsi problemlərin həllini nəzərdən keçirir.

"Bütün qonşuların və ən yaxşı ailələrin belə problemləri var. Problemlər sülhə söykənən qərarlarla, diplomatik yollarla həll edilməlidir" deyən nazir çox güman ki, bu məsələdə Avropa Birliyinin və xristianlığın pravoslav qolundan olan din qardaşı Rusiyanın yardımlna arxalanır. Məsələ ilə bağlı mövqeyini öyrəndiyimiz politoloq Natiq Miri isə hesab edir ki, Türkiyə ilə Yunanıstan arasında müharibənin baş vermə ehtimalı yüksək deyil.

Onun fikrincə, əgər belə bir savaş başlayarsa, o zaman Yunanıstan dövlət olaraq tamamilə çökə bilər: "Yunanıstanda hakimiyyətdə olan bəzi şəxslər var ki, məhz onlar bu məsələni təhrik edirlər. Onların başında isə Yunanıstanın müdafiə naziri durur. Lakin artıq həmin ölkənin baş naziri müdafiə nazirinə müəyyən xəbərdarlıq edib və boyundan yuxarı danışmamaq məsləhət görülüb. Yunanıstan rəhbərliyi anlayır ki, indiki iqtisadi böhran vəziyyətində Türkiyə ilə müharibə Yunanıstanın bir dövlət olaraq tamamilə çökməsinə gətirib çıxara bilər. İqtisadi böhranla yanaşı, Türkiyənin indiki hərbi uğurlarını və müdafiə sənayesinin yüksək səviyyədə inkişafını nəzərə alsaq, Yunanıstanın Türkiyə ilə müharibə aparmaq şansı yoxdur. Artıq Avropa Birliyi də rəsmi Afinaya konkret xəbərdarlıq edib ki, Yunanıstanın Türkiyə ilə müharibə etmək şansı sıfra bərabərdir".

Yunanıstandan müharibə yönündə verilən açıqlamaların daha çox Avropa Birliyinin və xristian dünyasının bu prosesə qoşulmağa təhrik xarakteri daşıdığını deyən politoloqun sözlərinə görə, burada əsas məqsəd Türkiyəyə qarşı səlib yürüşü təşkil etməkdir:"Yunanıstan istəyir ki, Avropa Birliyi də bu prosesə qoşulsun və Türkiyəyə qarşı yeni bir xaçlı yürüşünü təmin etsinlər. Lakin Avropa Birliyi buna hazır deyil. Çünki hazırda Avropa Birliyinin özünün bütövlüyü anlamında böyük problemlər yaşanır. Bununla yanaşı, Avropa Birliyi bu gün Rusiya ilə qarşıdurma çərçivəsində görünməyən savaş aparır. O cümlədən, sözügedən birlik indiki şəraitdə Türkiyə ilə hər hansı müharibəyə qalxarsa, o zaman bu, Avropa Birliyinin parçalanmasına və onun İran, Rusiya, həmçinin regionu təhdid edən digər güclər qarşısında tamamilə müdafiəsiz qalmasına gətirib çıxara bilər. Bütün bunlarla bərabər, Avropa Birliyi çox gözəl bilir ki, əgər Yunanıstanı dəstəkləyərsə, onda Türkiyə Uzaq Şərqdən və Afrikadan gələn miqrantların önünü kəsməyəcək. Əksinə, onların məhz Avropaya miqrasiya etmələrinə şərait yaradacaq. Nəticədə isə Avropa Birliyi ölkələri milyonlarla miqrant axınının qarşısında diz çökmüş vəziyyətə düşəcəklər. Odur ki, mövcud şəraitdə yunan-türk böhranından istifadə edərək Türkiyəyə müəyyən təzyiqlər etməklə onu bir çox iddialarından, eyni zamanda Egey dənizində tapılan qaz mənbələrinin birgə istifadə iddiasından geri çəkilməyə vadar etmək istəyirlər. Bu səbəbdən də düşünürəm ki, müharibə təhlükəsi var olsa da, bu müharibənin başlama ehtimalı o qədər də böyük deyil. Çünki bu gün Türkiyə ordusu eyni zamanda bir neçə dövlətlə savaş apara biləcək səviyyədə təşkil olunub".

Rusiya məsələsinə gəlincə, Natiq Miri bu qənaətdədir ki, Kreml Yunanıstanla Türkiyə arasında müharibə başlayacağı təqdirdə xristian həmrəyliyindən çıxış etməyəcək: "Əksinə, Rusiya bu məsələdə daha çox özünün geosiyasi maraqlarından hərəkət edəcək ki, bu da Kremlin Türkiyədən yana qərar verməsini stimullaşdıracaq. Bildiyiniz kimi, bu gün Yaxın Şəqrdə, xüsusilə də Suriyada Rusiyanın ABŞ-ın başçılıq etdiyi koalisiya ilə qarşı-qarşıya qaldığı məqamda Kremlin bölgədəki ən strateji müttəfiqlərindən biri məhz Türkiyədir. Yəni Suriyada Rusiya-Türkiyə-İran üçlüyü formatında bir birlik mövcuddur. Və onlar Siriyada gərginliyin azaldılması, problemin sülhə qovuşması üçün siyasi çözüm prosesi başladıblar. Odur ki, Rusiya üçün Türkiyənin vacibliyi Yunanıstandan qat-qat ötədir. Belə bir məqamda isə Kremlin xristian həmrəyliyi yox, geosiyasi maraqları işə düşəcək".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org



Oxşar Xəbərlər

Xəbər lenti