8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Hələlik bu savaş yalnız iqtisadi sahələri əhatə etsə də, ABŞ Türkiyə kimi güclü müttəfiqini itirə, Ankaranın Kremllə daha da yaxınlaşmasına, NATO-nun parçalanmasına səbəb ola bilər
Bu gün dünyanı kimlər idarə edir? Bax, bu sual siyasətlə maraqlanan, daha dəqiq desək, ölkəmizdə və dünyanın müxtəlif bölgələrində cərəyan edən prosesləri izləyən, baş verən olayları analiz etməyə çalışan insanlar arasında daha çox yayılıb. Bu qəbildən olan insanların böyük əksəriyyəti elə düşünür ki, dünyanı inkişaf etmiş ölkələrin bir neçəsi birlikdə idarə edir. Halbuki bu, kökündən yanlış fikirdir. Düzdür, dünyanın siyasi arenasında super güc deyilən anlayış var və həmin ölkələr bir çox önəmli hadisələrə təsir etmək, müharibə ocaqları yaratmaq və ya onların alovlanmasının qarşısını almaq iqtidarındadır. Yəni məhz həmin güclər ayrı-ayrı ölkələrdə müəyyən proseslər yaratmaqla zəruri məqamda planlarını asanlıqla reallaşdıra, olaylara özlərinin maraqlarına cavab verəcək tərzdə istiqamət verə bilirlər. Lakin bu, heç də o demək deyil ki, super güclərin hamısının dünyanın idarəçiliyində rolu və təsir gücü eynidir. Belə ki, son illər, əsasən də Donald Trampın hakimiyyətə gəldiyi vaxtdan sonra olub-bitənlər bir daha təsdiqlədi ki, bu gün super güclərin ən güclüsü məhz ABŞ-dır.
Bununla bağlı aparılan araşdırmalar da təsdiqləyir ki, Trampın gəlişindən sonra ABŞ nəyin bahasına olursa-olsun dünya dövlətləri arasında yeganə söz sahibi olmaq uğrunda çaba sərf edir. Hətta iş o yerə çatıb ki, Tramp administrasiyası ABŞ-ın Yaxın Şərqdə əsas strateji müttəfiqi hesab edilən, NATO dövləti olan Türkiyə ilə belə, münasibətlərini kəskin şəkildə soyuqlaşdırıb. Ümumiyyətlə, nədənsə Ağ Ev son dönəmlər eyni vaxtda bir neçə dövlətlə sərt mübarizəyə keçib ki, bu da sonda ABŞ-ı dünyaya düşmən edir. Məsələn, rəsmi Vaşinqton iyunun 1-dən etibarən Avropa İttifaqı (Aİ), Kanada, o cümlədən Meksikadan polad və alüminium məmulatlarının gətirilməsi üçün müvafiq olaraq, 25 faiz və 10 faizlik gömrük rüsumu tətbiq edir. Qeyd edək ki, məhz bu qərar təxminən, ay yarım öncə Kanadanın Qubeec Siti bölgəsində baş tutan «Böyük yeddiliyin» (G7) sammitində gərgin anların yaşanmasına, ABŞ prezidenti Donald Tramp, Fransa prezidenti Emanuel Makron və Kanadanın baş naziri Castin Trüdo arasında ciddi fikir ayrılığına və sonda tərəflərin bir-birini ittiham etməsinə səbəb olub. Bu hadisədən bir qədər sonra isə Avropa İttifaqı qarşı tərəfə adekvat cavab zərbəsi endirmək məqsədiylə aralarında motosiklet, cins şalvar, viski, qarğıdalı, düyü, fıstıq əzməsi, qaragilə, portağal suyu, siqar, siqaret, tütün, pomada, ayaqqabı, əlüzyuyan, pilləkən, ventilyator, ləyən, balon, polad və s. olduğu ABŞ məhsullarına 25 faiz gömrük rüsumları tətbiq etməyə başlayıb. Bu isə öz növbəsində, ABŞ-la Avropa İttifaqı ölkələri arasında faktiki olaraq gömrük savaşının getdiyini deməyə əsas verir. Məsələnin maraqlı tərəfi ondadır ki, Tramp administrasiyası Aİ ilə eyni vaxtda, həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan dünyanın ən güclü dövlətlərindən biri olan Çinə də cəbhə açıb. Belə ki, ABŞ-ın Ticarət Nümayəndəsi Robert Lighthizerin bugünlərdə verdiyi açıqlamada deyilir ki, Donald Trampın qərarı ilə təxminən, 200 milyard dollar dəyərindəki Çin məhsullarına tətbiq ediləcək gömrük rüsumu 10 faizdən 25 faizə qaldırılıb. Təbii ki, bu, uzun illərdən bəri Vaşinqtonla Pekin arasında gedən ticarət müharibəsinin artıq tamam fərqli məcraya, daha doğrusu bir qədər kəskin fazaya qədəm qoyduğunu göstərir.
Yazının əvvəlində də qeyd etdiyimiz kimi, Trampın iqtidara gəlişindən sonra Ağ Ev eyni anda bir neçə dövlətə savaş elan edib. Düzdür, hələlik bu savaş yalnız iqtisadi sahələri əhatə etsə də, siyasi analitiklər hesab edirlər ki, belə davam edərsə, o zaman ABŞ üçüncü dünya müharibəsinin başlamasına səbəb ola bilər. Çünki rəsmi Vaşinqtonun son zamanlar sərgilədiyi siyasi kurs bir sıra dünya güclərinin, müxtəlif strateji bölgələrdə söz sahibi olan ölkələrin maraqlarını ciddi təhlükə altına alır. Buna misal olaraq, Donald Trampın ABŞ-ı avropalı müttəfiqlərilə birgə imzaladığı nüvə sazişindən çıxarmasını göstərə bilərik. Bildiyiniz kimi, İranla aparıcı dünya ölkələri arasında bağlanmış nüvə sazişindən sonra Tehran nüvə fəaliyyətini dayandırıb, əvəzində ona qarşı beynəlxalq sanksiyalar aradan qaldırılıb. Lakin ABŞ prezidenti mayın 8-də ölkəsinin birtərəfli qaydada bu sazişdən çıxdığını və İrana qarşı sanksiyaların bərpa olunduğunu bəyan edib. Məhz bu qərardan bir müddət sonra "Total", "Maersk", "Peugeot", "General Electric", "Baker Hughes", "Honeywell", "Boeing", "Lukoil", "Reliance", "Dover" və "Siemens" kimi nəhəng şirkətlər İrandan çıxdığını rəsmən elan ediblər.
Onu da nəzərinizə çatdıraq ki, İranla nüvə sazişinin qorunması həm Rusiyanın, həm Türkiyənin, həm də bir çox Avropa İttifaqı ölkələrinin marağındadır. Elə bu səbəbdən də Aİ diplomatiyasının rəhbəri Federika Moqerini birmənalı şəkildə bəyan edib ki, Avropa İttifaqı Donald Trampın qərarına rəğmən, sövdələşmənin icra edilməsinə sadiq qalacaq. Bu arada, sözügedən mövzu ilə bağlı araşdırma aparan "Karneqi" Strateji Mütaliələr Mərkəzi də hesab edir ki, İranla nüvə sazişi hələlik Aİ-nin maraqlarına tam şəkildə cavab verir. Çünki bölgədə güclü İranın varlığı Avropa Birliyinə üzv olan ölkələri təhdid edən terrorla mübarizədə müsbət təsirlərə sahib ola bilər. Digər tərəfdən İran və bölgənin sabitliyi miqrantların Avropaya axınının qarşısının alınmasına səbəb olacaq. Bu məsələ özü Aİ-nin təhlükəsizlik və səhiyyə məsələləri üçün çox önəmli hesab olunur. Mərkəzin araşdırmasında həmçinin, Avropa İttifaqının Rusiya qazından asılı olmaqdan yaxa qurtarmaq üçün neft mənbələrinə, xüsusən İran qazına ehtiyacı olduğu və İranın nüvə razılığının bunun üçün əlverişli fürsət olduğu o da qeyd edilir. Gördüyünüz kimi, bütün bunlar onu deməyə əsas verir ki, ABŞ birtərəfli qaydada bu sazişdən çıxsa da, Avropa İttifaqı ölkələri məhz maraqlarına cavab verdiyi üçün İranla nüvə sazişindən imtina etməyəcək.
Rusiya ilə bağlı məqama gəlincə, heç kimə sirr deyil ki, bu gün Ağ Ev əlində olan rıçaqlardan maksimum istifadə edərək Kremlə təsir göstərməyə, onun Cənubi Qafqaz, Yaxın Şərq və digər bölgələrdəki siyasi, eyni zamanda hərbi varlığına son qoymağa çalışır. Bir müddət əvvəl ABŞ Maliyyə Nazirliyinin Konqresə təqdim etdiyi "Kreml hesabatı" sanksiyalar paketi bunun bariz sübutu kimi dəyərləndirilməlidir. Qeyd edək ki, sözügedən sanksiyalar paketinə 210 nəfərin adı daxil edilib ki, onlardan da 114-ü Rusiyanın yüksək vəzifəli şəxsləri və dövlət şirkətlərinin rəhbərləri, 96 nəfəri isə Rusiya iqtisadiyyatına ciddi təsir gücü olan oliqarxdır. Bir neçə gün öncə isə ABŞ Maliyyə Nazirliyi Şimali Koreyaya qarşı məhdudlaşdırıcı tədbirlər çərçivəsində Rusiyanın "Aqrosoyuz" bankına da qarşı sanksiyalar tətbiq edib. Şübhəsiz ki, bütün bu sanksiyalar nəticə etibarı ilə Rusiyanın siyasi elitasına, o cüçlədən iş adamlarına ciddi şəkildə təsir edəcək. Lakin unutmaq lazım deyil ki, rəsmi Moskva dəfələrlə, tətbiq edilən sanksiyaların qarşısında duruş gətirmək qüdrətində olduğunu və mütləq adekvat cavabın veriləcəyini bəyan edib. Budur, Rusiya İqtisadiyyat Nazirliyi artıq ABŞ-dan idxal edilən bəzi tikinti və texniki materiallara 25-30 faiz həcmində vergi tətbiq ediləcəyini vurğulayıb. Eyni zamanda, o da bildirilir ki, Kreml Tramp administrasiyasını yeritdiyi yanlış və dünya miqyasında yetərincə təhlükəli siyasətdən çəkindirmək məqsədiylə ABŞ-a qarşı olan dövlətləri bir araya gətirib, Ağ Evə qarşı ortaq hərəkət edilməsini təmin etməyə çalışır.
Bu arada, nə qədər acı da olsa, qeyd etməliyik ki, hazırda Trampın hədəfində olan ölkələrdən biri də qardaş Türkiyədir. Belə ki, ABŞ amerikalı rahib Endryü Bransonun həbsini bəhanə edərək, bugünlərdə Türkiyənin daxili işlər və ədliyyə nazirlərinə qarşı sanksiyalar tətbiq edib. Halbuki adıçəkilən rahib 15 iyul 2016-cı il tarixdə dövlət çevrilişi cəhdi zamanı hərbi və siyasi casusluqda, FETÖ və PKK terror təşkilatlarının maraqları naminə cinayət törətməkdə ittiham olunaraq həbs edilib. İyulun 25-də isə Branson haqqında həbs tədbiri ev dustaqlığı ilə əvəzlənib. Lakin bu, Vaşinqtonu razı salmadığından Ağ Ev adıçəkilən rahibin tam azad olunmasını tələb edib və bununla bağlı rəsmi Ankaraya bir neçə dəfə ultimatum göndərib. Məhz bundan sonra tərəflər arasında gərginlik daha da qızışıb. Çünki qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi, Türkiyə onunla təhdid dili ilə danışanlara güzəştə getməyəcək. Bəli, Türkiyə artıq əvvəlki Türkiyə deyil. Və elə buna görə də onunla ultimatum dili ilə danışmaq ABŞ-a müsbət heç nə verməyəcək. Əksinə, əgər belə davam edərsə, o zaman ABŞ Türkiyə kimi güclü müttəfiqini itirə, Ankaranın Kremllə daha da yaxınlaşmasına, eyni zamanda NATO-da ciddi fikir ayrılığına, hətta bəlkə də hərbi alyansın parçalanmasına, Türkiyənin ABŞ-a qarşı yaradılması planlaşdırılan ittifaqda yer almasına səbəb ola bilər. Bu isə özlüyündə, Trampın ölkəsini digər nəhəng dövlətlərlə müharibəyə apardığını deməyə əsas verir.
Vazeh BƏHRAMOĞLU