8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sozcu.info xəbər verir ki, Rusiyanın nüfuzlu "Lenta.ru” portalı jurnalist Dmitri Plotnikovun Xocalı barədə geniş məqaləsini dərc edib. Məqalənin sərlövhəsi Xocalı canilərindən biri, Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın sonradan bu qətliam barədə danışarkən işlətdiyi ifadədən götürülüb: "Azərbaycanlılar o vaxta qədər elə düşünürdülər ki, bizimlə zarafat etmək olar...”
Müəllif Xocalını Qarabağ müharibəsinin ən dəhşətli epizodu adlandırır və 1992-ci il fevralın 26-da ermənilərin bu şəhərdə törətdiklərinə dair rəqəmləri xatırladır. Daha sonra rusiyalı jurnalist Yuri Romanovun "Mən müharibəni çəkirəm” adlı kitabından sitat gətirir: "Mən dəyirmi pəncərədən (illüminatordan) baxıram və ağlasığmaz dərəcədə dəhşətli mənzərədən sözün əsl mənasında diksinirəm. Gün düşməyən yerlərində hələ də bozarmış qarın olduğu dağın ətəyində, saralmış otların üstündə cansız insalar uzanıb. Və yaxın üfüqə qədər uzanan bu nəhəng ərazi qadınların, qocaların, südəmər körpələrdən tutmuş yeniyetmələrə qədər bütün yaşlardan olan oğlan və qızların meyitləri ilə doludur”.
D. Plotnikov daha sonra Qarabağ münaqişəsinin tarixçəsini xatırladır. Yazır ki, SSRİ-dəki avqust qiyamından sonra dövlət iflic olmuşdu və erməni qüvvələri bundan istifadə edib Dağlıq Qarabağda azərbaycanlı kəndlərini tədricən ələ keçirirdi. Klassik mənada cəbhə xətti mövcud deyildi, amma azərbaycanlı yaşayış məntəqələrinə vaxtaşırı hücumlar olurdu. Dağlıq Qarabağın azərbaycanlılar yaşayan ən iri şəhərləri Şuşa və Xocalı idi.
Müəllif Xocalının Dağlıq Qarabağın ən iri şəhərlərindən biri və azərbaycanlıların yaşadığı ikinci ən iri şəhər olduğunu xatırladır. Bu şəhərin strateji əhəmiyyətindən bəhs edir. Bildirir ki, erməni qüvvələri Xocalını hələ 1991-ci ilin payızından mühasirəyə almağa başlamışdı. SSRİ daxili qoşunlarının Qarabağdan çıxarılmasından sonra dairə getdikcə daraldı və oktyabr ayında tamamilə qapandı. Ermənilər Xocalı ilə Ağdamı birləşdirən sonuncu yolu da bağladılar. Bundan sonra şəhərə ancaq vertolyotla getmək mümkün idi, onu isə ermənilər münzətəm olaraq yerdən atəşə tuturdular.
1992-ci ilin yanvarında Xocalı artıq humanitar fəlakətin həndəvərində idi. Şəhərə elektrik enerjisi, su, istilik verilmirdi. Telefon rabitəsi işləmirdi. Şəhər sonuncu vertolyot fevralın 13-də uçdu, ondan sonra pilotlar həyatlarını riskə atıb Xocalıya uçmaq istəmədilər.
Yanvar ayında Azərbaycanın özünümüdafiə qüvvələri Əsgərana əks hücum edib Xocalını mühasirədən çıxarmaq istəsə də hücum tam iflasa uğradı.
Rusiyalı jurnalist Xocalıda ermənilərin niyə qətliam törətməyi qərara aldıqlarının "hələ məlum olmadığını” qeyd edir. Bildirir ki, azərbaycanlılar bu hücumun Sumqayıt hadisələrinə görə qisas olduğunu düşünürlər. Ermənilər isə iddia edirlər ki, şəhərə hücum Xocalıdan Xankəndinin müntəzəm atəşə tutulmasına cavab idi. Hərçənd müəllif qeyd edir ki, bu versiya ağlabatan deyil. Çünki Xocalıda nizami ordu yox idi, azərbaycanlıların özünümüdafiə qüvvələri azsaylı idi və pis silahlanmışdı. Onların cəmi bir topu, bir avtomatik qumbaraatanı və yüngül atıcı silahları, üç ədəd zirehli texnikası var idi. Şəhəri Xocalı aerportunun komendantı Əlif Hacıyevin başçılığı altında azsaylı qüvvələr qoruyurdu.
Habelə jurnalist qeyd edir ki, Xocalı qətliamının əvvəlcədən planlaşdırıldığı erməni terrorçusu Monte Melkonyanın qardaşı Merkor Melkonyanın "Qardaşımın yolu” adlı kitabında da dolayısı ilə təsdiqlənir. Melkonyan Xocalıya hücum edən dəstələrdən birinə komandirlik edirdi. Kitabda yazılır ki, Xocalıya hücumun günü təsadüfən seçilməmişdi və Sumqayıt hadisələrinin ildönümünə həsr edilmişdi.
Beləliklə, Plotnikovun yazdığı kimi Xocalıya zirehli texnikaların, tankların, zirehli transportyorların dəstəyi ilə erməni dəstələri hücuma keçib. Jurnalist həmin hücumda Rusiya Müdafiə Nazirliyinin 366-cı alayının qüvvələrinin roluna da toxunur. Qeyd edir ki, alayda çoxlu etnik ermənilər xidmət edirdi. 366-cı alayda xidmət etmiş sıravi Aleksey Bondaryev sonradan xatırlayırdı ki, həmin gecə zabitlər BTR-ləri və BMP-ləri tam döyüş komplekti ilə hərbi hissədən "gecə növbətçiliyi” adı altında çıxardılar. Səhər isə texnika bütün döyüş sursatını sərf etmiş vəziyyətdə geri qayıtdı. Bütün sursat, o cümlədən qumbaralar və patronlar sərf edilmişdi.
"Erməni komandirlərindən məhz kimin hücum əmrini verdiyi hələ də məlum deyil. Şəhərə artilleriya zərbələri fevralın 25-də saat 23.00-da başladı. Ermənilər toplardan əlavə zirehli texnikadan və yaylım atəşi sistemlərindən də atəş açırdı. Azərbaycanlıların kazarması və ön müdafiə xətti tezliklə darmadağın edildi. Gecə saat 1-də erməni piyadaları şəhərə daxil oldu. Sonuncu müdafiə ocaqları fevralın 26-ı səhərə yaxın söndürüldü. Şəhərdə küçə döyüşləri praktiki olaraq getməmişdi, Xocalının taleyi hələ artilleriya atəşlərinin gedişində həll olunmuşdu”-məqalədə bildirilir.
Plotnikov yazır ki, Xocalıdan Ağdam istiqamətinə çıxış açıq idi. Ermənilər iddia edirlər ki, guya bu dəhlizi sakinlərin şəhəri tərk etməsi üçün açıq saxlamışdılar. Şəhəri tərk edənləri qorumaq üçün Əlif Hacıyev bir qrup OMON-çu ayırmışdı. Jurnalist ehtimal edir ki, ola bilsin Xocalı istiqamətindən gələn sakinlərlə birlikdə olan OMON-çularla Əsgəran istiqamətindən onları qarşılayan erməni dəstələri arasında doğrudan da atışma olub. Sağ qalan azərbaycanlı qaçqınlar deyirlər ki, onlar doğrudan da atışmanın şahidi oldular, amma birinci ermənilər atmağa başlamışdı.Fevralın 26-ı səhər saatlarında çəkilmiş fotolarda öldürülənlərin arasında həqiqətən bir neçə hərbi geyimli azərbaycanlıya rast gəlinir, amma ölənlərin böyük əksəriyyəti mülki insanlar idi.
Müəllif Xocalının rus sakini Sergey Bondarevin dediklərini sitat gətirir: "Birdən Əsgəran tərəfdən atmağa başladılar. Zəncir halında irəliləyən insanlar bir-birinin ardınca yıxılmağa başladı. Qadınların və uşaqların arasında mən arvadımı gördüm. Qışqırdım ki, yerə yıxılın. Bu, mənim heç vaxt unutmayacağım dəhşətli mənzərə idi: iri cüssəli, dişinə qədər silahlanmış ermənilər qalın qarın içində qaçıb canlarını qurtarmağa çalışan müdafiəsiz qadınlara və uşaqlara atəş açırdı”.
"İki qrup-görünür iki ailə idi, yan-yana uzanmışdı. Qadınların əlləri uşaqları qorumaq üçün onlara tərəf uzanmışdı. Onlardan bəzilərinin, o cümlədən körpə qız uşağının başında dəhşətli yaralar vardı: faktiki olaraq ancaq sifəti qalmışdı. Sağ qalanlar danışırdılar ki, onları yaxın məsafədən, yerdə uzanmış vəziyyətdə güllələyirdilər”-britaniyalı jurnalistlər isə o vaxt qətliamı belə təsvir edirdi.
Rusiyalı jurnalist qeyd edir ki, Xocalının azı 56 sakininin meyitləri təhqir olunmuşdu. "Le Monde” qəzetinin jurnalistləri şahid olmuşdular ki, öldürülənlər arasında gözləri çıxarılanlar, başının dərisi soyulanlar, başı kəsilmiş bədənlər, qarnı yarılmış hamilə qadınlar vardı. Xocalını tərk edənlərin bir qismi güllələrdən xilas ola bilsələr də dağlardan keçib Ağdama tərəf gedərkən soyuqdan donub ölmüşdülər.
Xocalıda qalanların da taleyi faciəli olmuşdu. "İzvestiya” qəzetinin müxbiri danışırdı ki, Ağdama əsir ermənilərlə dəyişdirmək üçün gətirilən cəsədləri görəndə hansı hissləri keçirib: "Heç qorxunc gecə yuxusunda da belə şeylər görmək mümkün deyil: çıxarılmış gözlər, kəsilmiş qulaqlar, dərisi soyulmuş başlar, kəsilmiş başlar. Bir neçə cəsədi zirehli transportyorlara bağlayıb xeyli sürümüşdülər. Vəhşiliyin həddi-hüdudu yox idi”.
Müəllif Xocalı qətliamında iştirak edənlərdən birinin-Serj Sərkisyanın sonradan verdiyi müsahibədən də sitat gətirir. "Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat eləmək olar, onlar hesab edirdilər ki, ermənilər mülki əhaliyə əl qaldırmazlar. Biz bu stereotipi sındırdıq. Baş verənlər bax bundan ibarətdir”-Sərkisyan britaniyalı jurnalist Tomas de Valla söhbətində demişdi...
Plotnikov yazır ki, faciədən illər keçsə də nə Azərbaycan, nə dünyanın müxtəlif ölkələrində azərbaycanlılar onu yaddan çıxarmır. ”Xocalıya ədalət” kampaniyası keçirilir və bu hadisələrin rəsmən soyqırım kimi tanınması üçün beynəlxalq kampaniya aparılır.