Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov yaxın günlərdə pomidorun qiymətinin ucuzlaşacağını açıqladı

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov yaxın günlərdə pomidorun qiymətinin ucuzlaşacağını açıqladı

 

Son bir həftə ərzində, Bakının meyvə-tərəvəz bazarlarında pomidor və xiyarın qiyməti bahalaşmaqda davam edir. Satıcılar qiymət artımını məhsulın qıt olması ilə əlaqələndirirlər. Onların sözlərinə görə, ölkədə istehsal edilən məhsulun böyük hissəsi xaricə satılır, yerdə az məhsul qaldığından bahalaşma yaranır. Bazarda apardığımız müşahidələrə görə, pomidorun qiyməti bahalaşaraq, 2 manatdan başlayaraq dəyişir. Halbuki, bir müddət öncə 0,8 manata pomidor almaq olurdu. Ümumilikdə, il ərzində, hətta qış aylarında belə bu qiymət 2 manatdan yuxarı qalxmayıb. Bu gün bazarda xiyar -1 manat, bibər - dənəsi  15 qəpik, lobya-2.5-3 manat, kartov 1-1,5 manata satılır.  Düşündürücü məqam odur ki, paytaxt bazarlarında tərəvəzlərdə qiymət artımı sahədəki qiymət artımına adekvat deyil. Məsələn, sahədə qiymət 10-15 qəpik qalxıbsa, Bakıda bu fərq 50 qəpikdən 1,5 manata qədər hiss edilir. Pomidorun qiymətinin baha olmasından alıcılar da şikayətlənirlər. Sosial şəbəkələrdə bu mövsüm pomidorun ucuzlaşmayacağı, qiymətin qışa tədarük görməyə imkan vermədiyinə dair narazılıq dolu statuslar paylaşılır.

 

  Bazarlarda pomidorun qiymətinin artmasını Kənd Təsərrüfatı Nazirliyi, ən əvvəla ölkədə istehsal olunan məhsulların qonşu dövlətlərə ixracının artması ilə bağlayır. Digər tərəfdən isə bazarda satışa çıxarılan məhsulların yarısının istixanada yetişdirilməsi və açıq sahədə becərilən pomidorun bazara çıxarılmaması ilə izah edərək, əhaliyə  açıq sahədə yetişdirilən məhsul kütləvi şəkildə yığılaraq bazara çıxarılmasını gözləməyi tövsüyə edirdi.   Respublikada istehsal olunan kənd təssərüfatı məhsullarının ixracına nəzər salsaq görərik ki, həqiqətən son illər ixrac tempi artmaqda davam edir. İqtisadi İslahatların təhlili və Kommunikasiya Mərkəzinin may ayı üçün açıqladığı rəqəmlərə görə, ötən ilin yanvar-aprel aylarında Rusiyaya ixrac 135 milyon dollar təşkil etmişdisə bu il 164 milyon dollara yüksəlib. Əgər 2018-ci ilin yanvar-aprelində 42 milyon dollarlıq pomidor ixrac olunmuşdusa, 2019-cu ilin yanvar-aprelində 49 milyon dollar təşkil edib.Yalnız ötən ilin aprelində 18 milyon dollarlıq pomidor ixracı 2019-cu ilin aprelində 24 milyon dollara yüksəlib. Bu göstəricilər pomidor yetişdirən fermerləri və sahibkarları sevindirsə də, digər bir tərəfdən  bu elə də yüksək nəticə deyil. Çünki şimal qonşumuz Rusiyanın paytaxtı Moskva şəhərindəki topdan satış mərkəzlərindəki qiymətlərə nəzər salsaq görərik ki, pomidordan əldə olunan gəlir elə də yüksək deyil. Yəni bu gün Moskvada azərbaycanda istehsal olunan pomidorun qiyməti növünə və keyfiyyətinə görə 1 manatdan 9 manata kimi dəyişir. Bu qiymətdən daşınma, kömrük və digər xərcləri çıxsaq görərik ki, bu gün Bakı bazarlarında satılan pomidorun qiyməti Moskvadakı qiymətdən elə də ucuz deyil. Hətda bəzi günlər Bakıda bazarlarda satılan pomidorun qiyməti keyfiyyətinə və növünə görə Rusiyaya ixrac olunan pomidordan bahadır.

 Son bir həftə ərzində bazarlarda və ticarət mərkəzlərində pomidorun qiymətinin bahalaşmasına münasibət bildirən ekspertlər, bunun hava şəraitinin pis olmasından açıq sahə məhsulunun yetişməsinin gecikməsi ilə izah edirlər. Onların sözlərinə görə, əvvəlki illərdə pomidorun istixana şəraitində yetişdirilməsi başa çatdıqdan sonra sahədə yetişənlərin kütləvi şəkildə bazara çıxarılması təmin olunurdu. Bu il isə hava şəraiti ilə əlaqədar sahələrdə açıq sahədə əkilən pomidorun yığımının ləngiməsi, eyni zamanda istixana şəraitində pomidorların yetişdirilmə dövrünün başa çatması məhsulun qiymətinin yüksəlməsinə səbəb olmuşdur. Lakin elə bu günlər Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov yaxın günlərdə pomidorun qiymətinin ucuzlaşacağını açıqladı.O son günlər regionlarda yağıntıların azalması ilə sahələrdə yetişdirilən pomidorun kütləvi yığımına şərait olması ilə, açıq sahə məhsulunun bazara çıxarılmasının sürətlənəcəyini və nəticə qısa müddətdə qiymətlərin nəzərəçarpacaq dərəcədə ucuzlaşacağını bəyan etdi. Nazirliyin rəsmisi onu da bildirib ki, yığılan məhsullar xaricə ixrac olunsa da, ölkə daxilində də tələbatı ödəyir. Nazirliyin rəsmisi iyul ayının ilk günləri pomidorun qiymətinin artımına ixracın səbəb olduğunu vurğulayırdısa, indi məhsulun xaricə göndərilməsinin qiymət artımına səbəb ola bilmədiyini qeyd edir. Belə olan halda ortaya bir sual cıxır, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseyinov dediklərinə inanmaq olarmı. Birdə son zamanlar nazirliyin əməkdaşları arasında aqrar sahədən xəbərsiz qeyri-mütəxəssislərin çoxluq təşkil etməsi, onu göstərir ki, onun sözlərinə təccüblənmək  lazım deyil.

   A.Məmmədli,

 "Yeni Sözcü”qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti