AKTAU KONVENSİYASINA GEDƏN YOL

1735-ci ildə Gəncədə Nadir şah hökuməti ilə Rusiya arasında keçirilən növbəti görüş zamanı iki ölkə arasında “əbədi dostluq” haqqında sülh sazişi imzalanmış, Rusiya işğal etdiyi Bakı, Astara və Dərbənd ətrafındakı ərazilərlə birgə, bütün Şimali Azərbaycan torpaqlarını Persiyaya qaytarmış, həmin torpaqlar üzərində Nadir şah hökumətinin suveren hüquqlarını tanımışdır.
Tarix boyu Xəzərə və xəzərətrafı ərazilərə sahib olmaq üçün Rusiya, Persiya, Osmanlı və Böyük Britaniya imperiyaları arasında toqquşmalar, müharibələr olsa da, bölgə əsasən Rusiya və Persiya arasında paylaşılmışdır. Belə ki, rus çarı I Pyoturun 1722-1723-cü illərdə Xəzər hövzəsinə yürüşü zamanı Dərbənd, Bakı, Pəşt, Şirvan, Gilan, Mazandaran kimi şəhər və əyalətləri işğal etmiş və nəticədə Persiya ilə Sankt-Peterburqda müqavilə imzalanmışdır. 1732-ci ildə Rəştdə imzalanan növbəti sazişə görə, Rusiya ələ keçirdiyi Xəzərin Cənub sahillərini geri qaytarmış və əvəzində Xəzər dənizində sərbəst üzmək, Persiya ilə məhdudiyyətsiz ticarət aparmaq hüququ əldə etmişdir. 1735-ci ildə Gəncədə Nadir şah hökuməti ilə Rusiya arasında keçirilən növbəti görüş zamanı iki ölkə arasında “əbədi dostluq” haqqında sülh sazişi imzalanmış, Rusiya işğal etdiyi Bakı, Astara və Dərbənd ətrafındakı ərazilərlə birgə, bütün Şimali Azərbaycan torpaqlarını Persiyaya qaytarmış, həmin torpaqlar üzərində Nadir şah hökumətinin suveren hüquqlarını tanımışdır. Nadir şahın ölümündən (1747) sonra Rusiya 1813-cü ildə Gülüstan və 1828-ci ildə Türkmənçay sazişlərinə uyğun olaraq Şimali Azərbaycanla birlikdə Xəzərin bütün Cənub-Qərb hissəsində yerləşən torpaqları yenidən öz əlinə keçirmişlər. 1813-cü ildə Gülüstanda bağlanan müqaviləyə görə bütün Şimali Azərbaycan, Dağıstan və Gürcüstan Rusiyaya birləşdirilir, 1828-ci ildə Türkmənçayda bağlanan müqavilə ilə isə, həmin əraziləri öz əlində saxlamaqla bərabər, Rusiya eyni zamanda Xəzər dənizində istisnasız hərbi donnama saxlamaq və İranla müstəsna ticarət etmək hüququ əldə edir. 1921-ci ilin 26 fevralında Rusiya ilə Persiya, 25 mart 1940-cı ildə isə SSRİ ilə İran arasında bağlanan beşinci və altıncı müqavilələrə uyğun olaraq Xəzər dənizində yalnız Rusiya və İran gəmi saxlaya, sərbəst üzə və balıqçılıqla məşğul ola bilərdilər. Müqavilədə SSRİ-nin Xəzərdəki payı 86%, İranınkı isə 14% müəyyənləşmişdir. SSRİ daxili siyasətinə uyğun olaraq Xəzər dənizinin ona aid olan 86%-lik ərazisini milli təsərrüfat işləri və digər məqsədlər üçün 1970-ci ildə dörd xəzərətrafı respublika arasında – Rusiya (19%), Qazaxıstan (29%), Azərbaycan (21%) və Türkmənistan (16%) olmaqla milli sektorlara bölmüş, hər bir müttəfiq respublikanın dəniz ərazilərini (sektorlarını) müəyyən etmişdir.
1992-ci ildə SSRİ dağıldıqdan sonra Xəzər ətrafında SSRİ-nin tərkibindən çıxmış 4 yeni müstəqil dövlət meydana gəlir. Xəzər hövzəsinin gələcək dünya siyasətindəki geosiyasi yeri və mövqeyi, dənizin təbii enerji qaynaqlarının, bioresurslarının istifadəsi, hövzədə dövlətlərarası münasibətlərin qurulması və idarə olunması və bu kimi digər mühüm geostrateji məsələlərdə bölgə ölkələrinin fərqli təklif və mülahizələri ortaya çıxmağa başlayır. Əsas fikir ayrılığı İran, Rusiya və Azərbaycan arasında müşahidə olunur. Elə Xəzər hövzəsində transmilli enerji layihələri ilə bağlı ilk təklif də Azərbaycandan gəlir.

Ruslar 21 dekabr 1991-ci ildə “MDB-nin yaranması” və “SSRİ-nin öhdəliklərinin yerinə yetirilməsi haqqında” MDB dövlət başçılarının imzaladığı sazişə istinad edərək Rusiyanın SSRİ-nin yeganə varisi və onun bütün beynəlxalq öhdəliklərinin yerinə yetirilməsini öz üzərinə götürdüyünü əsas gətirirdilər. Rusiyanın bu dövrdəki Xəzərin statusu ilə bağlı bütün qeyri-konstruktiv cəhdlərinə ardıcıl və davamlı şəkildə sinə gərən yeganə ölkə Azərbaycan Respublikası olmuşdur.

Azərbaycan Rusiyanın istinad etdiyi və beynəlxalq hüquqi əsası olmayan heç bir “öhdəliyi” və “dövlətüstün hüququ” qəbul etmirdi və bundan sonra da etməyəcəyini birmənalı şəkildə bəyan edirdi. O qeyd edirdi ki, “istər keçimiş SSRİ-İran sazişləri, istər SSRİ-nin varisi olan Rusiyanın indiki hərəkəitləri, bunlar hamısı keçmişdə qalmışdır və bütün bunlar Azərbaycanın müstəqil dövlət olaraq öz ərazisinin bir parçası hesab olunan və 1995-ci ildən onun Konstitusiyasına salınmış, Xəzər dənizinin ona məxsus milli sektoru üzərindəki fəaliyyət azadlığını məhdudlaşdıra bilməz. Azərbaycanın beynəlxalq hüquqla qorunan milli ərazisi və onun üzərindəki suveren haqları heç bir beynəlxalq müqavilə və dövlətlərarası sazişlərin, birgə və ayrıca fəaliyyətlərin predmetinə çevrilə bilməz.”

SSRİ zamanında İran Xəzərdəki öz 14%-lik payını almış və beləliklə də ona aid dəniz sərhədlərini təsdiqləmişdir. Yəni İranın əlavə ərazi tələb etməsi bağlanmış müqavilərərə ziddir. O ki, qaldı SSRİ-nin tərkibindən çıxan digər 4 xəzərətrafı ölkənin milli sektoru və dəniz sərhədlərinə, bununla bağlı da hələ 1970-i ildə SSRİ zamanında birgə müqavilə imzalanmış və Xəzərin bu məkanda qalan 86%-lik su hövzəsi dörd hissəyə- sektorlara bölünmüşdür. Deməli SSRİ-nin varisi olan Rusiya da bu ölkənin öhdəliyini və qərarlarını təmin etməyə borcludur. 1994-cü ildə Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının mənimsənilməsilə bağlı xarici neft şirkətləri ilə “Əsrin müqaviləsini” imzayararkən mərasimdə çıxış edən Azərbaycan prezidenti Heydər Əliyev bəyan etmişdir ki, “Azərbaycan heç bir ölkənin milli haqlarını, yaxud beynəlxalq hüquq normalarının tələblərini pozmamış, əksinə öz iqtisadi zonasında bütün bölgə və dünya ölkələrinin maraqlarına müsbət təsir göstərən və qanuni fəaliyyət nümaiyiş etdirmişdir”.
Uzun və çəkişmə, müzakirə, mübahisə vədanışıqlardan sonra Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda Konvensiya imzalanır. Prezident İlham Əliyevin bu il iyul ayının 29-da Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısındakı çıxışında bu barədə demişdir: “Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq”.
Bu gün dünyada baş verən iqtisadi və ondan doğan siyasi hadisələr Xəzər dənizi hövzəsi ölkələri arasında sabitliyin və təhlükəsizliyin əhəmiyyətini daha da artırır. Dövr, zaman, hövzə ölkələrinin iqtisadi yöndən inkişafı istər Çar Rusiyası, istərsə də keçmiş Sovetlər Birliyi zamanında bağlanan sazişlərə yenidən baxılmasını tələb etdiyi kimi 2018-ci ildə Qazaxıstanda imzalanmış Konvensiyanın da tezliklə qüvvəyə minməsini qaçılmaz edir. 

 

Güllü Yoloğlu

tarix elmləri doktoru, türkoloq



Oxşar Xəbərlər

Xəbər lenti