Təhsildə rüşvət

Təhsildə rüşvət

 


 

"Salam verdim, rüşvət deyildir deyə, almadılar”. Sitat dahi şairimiz M.Füzulinin "Şikayətnamə” poemasındandır. ƏsərXVl əsrdə yazılsa da, burada qoyulan problem bugün də öz aktuallığını itirməyib. Bir çox sahələrdə olduğu kimi təhsil sahəsində də, rüşvət və korrupsiya halları danılmazdır.Əslində, bütün sahələrdə bu cür problemin olması müsbət hal deyil. Lakin təhsil sahəsində bunun yolverilməz olduğunu düşünürəm. Çünki, hər bir dövlətin güclü inkişafı və tərəqqisi ilk öncə təhsildən keçir. Milli mətbuatımızın banisi H.B.Zərdabinin də dediyi kimi ”Maarifdən, elmdən məhrum bir xalq işıqdan məhrumdur”.Bəs bu cür önəmli sahədə rüşvət və korrupsiya kimi neqativ halların olmasının səbəbi nədir? Bir çoxları bunu təhsil işçilərinin nəvaciblərinin çox aşağı olması ilə əlaqələndirir. Düzdür, bu da təsiredici faktordur, ancaq müəllim adını daşıyan heç bir şəxs mənəviyyatını maddiyyata satmamalıdır deyə, düşünürəm. Müəllimlik ən müqəddəs və şərəfli peşələrdən biridir və bu adı daşıyan şəxs bunun məsuliyyətini də dərk etməlidir.Əfsuslar olsun ki, bu gün bu ada hörmət və ehtiram get-gedə azalır. Artıq bu peşə əvvəlki önəmini və mahiyyətini itirib desək, yanılmarıq. Hətta abituriyentlər arasında "Gələcəkdə hansı ixtisasa yiyələnmək istəyirsiniz”mövzusunda sorğu keçirsək, bu peşəni seçənlərin sayının yox dərəcəsində olduğunu görərik.

Bildiyimiz kimi, insanın bir şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayan faktorlardan biri də məktəbdir. Məktəbə ilk qədəmlərini qoyan hər bir şagird ilk öncə müəllimini örnək götürür və onu öz gözündə bir növ ideallaşdırır. Bu ideallaşmış şəxsin hər bir davranışı uşaq psixologiyasına təsirsiz ötüşmür. Deməli, rüşvət, həmçinin sağlam düşüncəli gələcək nəslin formalaşmasına da mənfi təsir göstərir və bu problem tam həllini tapmadığı müddətdə, təhsil ocaqlarımız savadlı kadr əvəzinə potensional rüşvətxor hazırlamaqda davam edəcək.

Yazımı Ulu öndər H.Əliyevin fikirləri ilə tamamlamaq istəyirəm."Müəllimlik işi həm şərəfli, həm də çətin işdir. Ali məktəb müəllimi olmaq, müəllimlər hazırlamaq, yəni müəllimlər müəllimi olmaq ikiqat şərəfli və eyni zamanda ikiqat məsuliyyətli işdir”; "Mən dünyada müəllim adından yüksək, şərəfli bir ad tanımıram”.

Əfsanə Abdullayeva,

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti