Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
İsmayıllı Bələdiyyəsinin sədri Prezidentin Sərəncamını pozur
Bir neçə məcburi köçkün ailəsinin prezident seçkisi ərəfəsində 26 il müddətində məskunlaşdıqları torpaqlardan çıxarılmasının arxasında nələrin dayandığını biz bilmirik.
Laçın rayonu erməni işğalçıları tərəfindən işğal olunduqdan sonra bir qrup məcburi köçkün ailəsi ilə birlikdə 1992-ci ildə İsmayıllı rayonunun Mican kəndinin ərazisində məskunlaşıb. Ötən iyirmi altı il ərzində həmin məcburi köçkünlər burada əsasən heyvandarlıqla məşğul olublar. Onların bir çoxu bu günə kimi də mal fermasının binasında yaşamaqda davam edirlər. İnsan yaşayışı üçün əlverişsiz, beton tikilidə sığınacaq tapmış bir neçə ailə bu günə heyvandarlıqla məşğul olaraq həyatlarını yaşamağa çalışırlar. Ancaq indi onlar bu imkandan da məhrum olub, yenidən "qaçqın”a çevrilə bilərlər. Onları isə bu vəziyyətin həddinə gətirən isə İsmayıllı Bələdiyyəsinin sədri Pərviz Ağayevdir. Məsələ ondan ibarətdir ki, Laçın rayonundan olan bir qrup məcburi köçkün ailəsinin məskunlaşdığı Mican kəndi son illər İsmayıllı şəhərinə birləşdirilib və torpaqların bir hissəsi də İsmayıllı Bələdiyyəsinin idarəçiliyinə keçib. Ismayillı Bələdiyyəsinin keçmiş sədri F.Məmmədovun zamanında məcburi köçkün ailələri mütamadi müqavilə bağlayarq məskunlaşdıqları ərazidən istifadə ediblər. İndi isə İsmayıllı Bələdiyyəsinin sədri Pərviz Ağayev müqavilə bağlamaqdan imtina edir və məcburi köçkünlərdən istifadə etdikləri torpaqları təhvil verməyi tələb edir. Bu isə faktiki olaraq onları çörək qazanmaq və yaşamaqdan məhrum edir. Əgər, belə olarsa onlar bu ərazini tərk edib, müvəqqəti sığınmaq üçün yeni ərazi tapmalıdırlar. Bununla bağlı məcburi köçkünlərdən Sevzalıyev Mayıl Sevzalı oğlu, Qasımov Səlim Bayram oğlu öz hüquqlarını qorumaq üçün aidiyyatı orqanlara da müraciət ediblər. Qeyd edək ki, bu iki şəxs İsmayıllı Bələdiyyəsinin keçmiş sədri F.Məmmədovun zamanında müqavilə bağlamağa nail ola bilsələr də, indi bu imkandan saxta bəhanələrlə rədd cavabı alırlar. Məcburi köçkünlər isə onların istifadə etdikləri ərazinin hansısa imkanlı şəxsin almaq niyyətinə düşməsindən şübhələnirlər. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında Sərəncamının 2-ci bəndinə əsasən məcburi köçkünlərin 1992-1998-ci illərdə mülkiyyət formasından asılı olmayaraq müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması onlar öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək dayandırılır. İndi İsmayıllı Bələdiyyəsinin sədri Pərviz Ağayev Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli 298 nömrəli «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında Sərəncamını da, Sərəncamla qüvvəyə minən Dövlət Proqramını da "qüvvədən salır”. Belə görünür ki, İsmayıllı Bələdiyyəsinin sədri Azərbaycanda heç kimin malik olmadığı hüquqa malikdir. Bir neçə məcburi köçkün ailəsinin prezident seçkisi ərəfəsində 26 il müddətində məskunlaşdıqları torpaqlardan çıxarılmasının arxasında nələrin dayandığını biz bilmirik. Ancaq bəzən məmurların belə məqamlarda oxşar hərəkətlərini müşahidə edirik.
İsmayıllı Bələdiyyəsi tərəfindən bir qrup məcburi köçkün ailəsinin 1992-ci ildə məskunlaşdıqları torpaqlardan prezidentin sərəncamının ziddinə olaraq çıxarılmasının arxasında duran məqamlara aydınlıq gətirməyə çalışacağıq. Eyni zamanda İsmayıllı Bələdiyyəsinin fəaliyyəti ilə bağlı geniş araşdırma aparmağa və bu qurumun sədri Pərviz Ağayevin hərəkətlərinə aidiyyatı qurumların münasibətini öyrənməyə çalışacağıq. İsmayılıı Bələdiyyəsinin sədrinin mövqeyini də dinləməyə hazırıq.
Aygül Süleymanova,
"Yeni Sözçü" qəzeti