8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycana yeyinti məhsullarının idxalının həcmi illik müqayisədə 31,86% artaraq 2016-cı ilin yanvar-sentyabr aylarında 949 158,78 min ABŞ dolları təşkil edib. Məlumatdan məlum olur ki, ət idxalı 88,2% artaraq 24 300,21 min dollar, kərə yağı və süddən hazırlanmış digər yağlar – 2,4 dəfə artaraq 38 437,38 min dollar, meyvə-tərəvəz – 2,1 dəfə artaraq 91 267,24 min dollar, çay – 2,7 dəfə artaraq 30 211,16 min dollar, süd idxalı 34,87% artaraq 5 750,53 min dollara çatıb. Bu müddətdə buğda idxalı isə 7,29% azalaraq 208 407,42 min dollar olub.
Bir sıra ərzaq mallarının, kənd təsərrüfatı məhsullarının idxalının artması artıq xroniki hal alıb və bir neçə ildir ki, davam edir. Burada heyvandarlıq məhsullarına ət və kəsim üçün nəzərdə tutulan diri heyvanları da aid etmək olar. Belə ki, ət idxalı ilə bağlı təqdim olunan statistikada artım göstərilməsə də əsasən kəsim üçün nəzərdə tutulan diri heyvanların idxalı nəzərə çarpacaq dərəcədə artıb.Halbuki, 2010- cu ilin beş ayı ərzində ölkəyə cəmi 1,6 milyon dollar dəyərində diri heyvan idxal olunduğu halda son 6 il ərzində bu göstərici 18 dəfədən çox artıb.Kənd təsərrüfatına cavabdeh məmurlar rekord səviyyədə taxıl istehsal olunduğunu qeyd edir. Ancaq onlar başqa sahələrdəki geriləməni unudurlar. İndi də pambıqçılq və baramaçlıqla bağlı kompaniya başladılıb. Taxılçılığın prioretet məsələyə çevrilməsi heyvandarlığa zərər vurduğu kimi, pambıqçılıq və baramaçılıq ətrafında aparılan kompaniya heyvandarlığa, tərəvəzçiliyə zərər vuracaq. Belə görünür ki, kənd təsərrüfatına məsul olan məmurların ölkədə aqrar sektorun inkişafı ilə bağlı səthi də olsa anlayışları yoxdur. Adının açıqlanmasını istəməyən ekspertin sözlərinə görə, Heydər Əsədov Hesablama Palatasının sədri postunda özünü iş bilən rəhbər şəxs kimi göstərə bilmişdisə, bu sözləri onun kənd təsərrüfatı naziri kimi fəaliyyəti haqqında demək mümkün deyil. Ekspert qeyd edir ki, ixtisasca mühasib olan Heydər Əsədov Hesablama Palatasının büdcə vəsaitlərinin necə xərclənməsinə nəzarətini yüksək səviyyədə təmin edə bilirdi. Ancaq onun kənd təsərrüfatı haqqında səthi də olsa biliklərinin olmaması Kənd Təsərrürfatı Nazirliyinin işində dönüş etməyə imkan vermir. Ekspert qeyd edir ki, Heydər Əsədovla yanaşı Kənd Təsərrüfatı Nazirliyinin rəhbər şəxslərinin əksəriyyəti tamamilə başqa ixtisas sahibləridir. Məsələn, Kənd Təsərrüfatı Nazirliyində əsas söz sahiblərindən biri, nazir müavini İlham Quliyev ixtisasca mühəndisdir və kənd təsərrüfatına aidiyyatı yoxdur. Nazirin digər müavini Seyfəddin Talıbov Hesablama Palatasının şöbə müdiri olub, Heydər Əsədov kənd təsərrüfatı naziri təyin ediləndə, o da Kənd Təsərrüfatı Nazirliyinı Aparat rəhbəri vəzifəsinə gətirilib. Sonradan isə prezidentin sərəncamı ilə nazir müavini vəzifəsinə təyin olunub. Kənd təsərrüfatı nazirinin digər müavini İlham Bayramov da Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsində çalışıb. Heydər Əsədovun 7 iyul 2014-cü il tarixli əmri ilə kənd təsərrüfatı nazirliyinin Aparat rəhbər təyin olunub. Sonradan isə nazir müavini təyin olunub. Beləliklə də kənd təsərrüfatı ilə bağlılığı olmayan dörd nəfər şəxs Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində yer alıb və buna görə də kənd təsərrüfatı məhsullarının idxalınınartması təəccüblü görünməməlidir. Əksinə, bu tamamilə məntiqə uyğun nəticədir. Ekspert bildirir ki, Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyinin ölkənin aqrar siyasəti ilə bağlı aydın proqramının və hansı struktur islahatlara ehtiyac olması ilə bağlı hansısa təsəvvürlərin olması hiss edilmir. Kənd Təsərrüfatı Nazirliyi daha çox proseslərin ardınca sürünür. Məhsulun necə yığılacağı, harada saxlanılacağı və hara ixrac olunacağı ilə bağlı aydın təsəvvürlər olmadığı halda bütün ölkə boyu hansısa məhsulun kütləvi istehsalına start verilir. Məsələn, ölkənin bir çox yerlərində heyvanların örüş yerləri taxıl əkini üçün sahələrə çevrilib. Ancaq bu ölkənin çörək ununa olan tələbatına təsir etməyib və biz yenə çörək ununu, eləcə də un üçün taxılı idxal edirik. Heyvandarlığın ögey sahəyə çevrilməsi isə idxal statistikasında ətin həcminin kəskin artımında özünü göstərdi. Heyvandarlığın ögey sahəyə çevrilməsi süd məhsullarının, xüsusən də yağın idxalının artımına səbəb olub. Beləliklə də Heydər Əsədovun üç illik nazirliyinin nəticəsi olaraq son 20 iyirmi ildə aqrar sektorun inkişaf edən sahələri də geri qalmağa başlayır. Bütün bunlara məsul olan nazir Heydər Əsədov və onun kənd təsərrüfatı mütəxəssisi olmayan müavinləri məsuliyyətlərini etiraf edib, istefaya getmək istəmirlər. Görünür, cəmiyyət bu şəxslərin istefasını kəskin məsələ kimi qoyana qədər onlar vəzifələrindən əl çəkməyəcəklər. Bu isə Azərbaycandakənd təsərrüfatının daha geriləməsi, ölkədən valyuta axınının güclənməsi və qiymətlərin qalxması ilə sosial problemlərin dərinləşməsində özünü göstərəcək.
Ceyhun,
"Yeni Sözçü" qəzeti