Dollar qıtlığı, yoxsa sabotaj

 


Beynəlxalq Bankda valyuta satışı qadağan edilib?

Ölkədə xarici valyuta, avro və dollarla bağlı panika yaşanır. Banklar bu valyutaları satmaqdan imtina etməyə başlayıblar. Avro və dollara ehtiyacı olan vətəndaşlar valyuta tapmaq ümidi ilə bank filiallarını gəzirlər. Belə gedərsə bankların qarşısında valyuta axtaran vətəndaşların uzun növbəsi yaranacaq. Dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankında isə müştərilərə bildirlər ki, valyuta satışı qadağan olunub. İstisna deyil ki, bu Azərbaycan Beynəlxalq Bankında baş verən rəhbər dəyişikliyi ilə bağlıdır. Qeyd edək ki, Cahangir Hacıyevin istefasından sonra ötən ilin ortalarında Azərbaycan Beynəlxalq Bankının İdarə Heyyətinin sədri postuna Elmar Məmmədov gətirilmişdi. İndi isə Elmar Məmmədov sərt ittihamlar altında vəzifəsindən kənarlaşdırılıb. Hətta Elmar Məmmədovun yolunun da sələfi Cahangir Hacıyev kimi istintaqdan düşməsi haqqında məlumatlar var. Elmar Məmmədovu isə Azərbaycan Beynəlxalq Bankının İdarə Heyyətinin sədri postunda Xalid Əhədov əvəzləyib. Böyük ümidlərlə Cahangir Hacıyevin yerinə gətirilən Elmar Məmmədovun qəflətən istefaya göndərilməsi və dərhal da istintaqa çağrılması haqqında yayılan məlumat ilk növbədə Azərbaycan Beynəlxalq Bankında proseslərin yaxşı getməməsi ilə bağlıdır. Belə iddialar var ki, Azərbaycan Beynəlxalq Bankında talançılıq Cahangir Hacıyevdən sonra dayanmayıbmış. Hətta bu bankın talan edilməsində yeni fəndlər işlədildilib. Yəni, Elmar Məmmədov Cahangir Hacıyevin "ölənlərinə rəhmət oxuda bilib”. İndi bütün ümidlər Xalid Əhədova bağlanıb. Görünür, Xalid Əhədov da vəzifəsinə Azərbaycan Beynəlxalq Bankında dollar satışını qadağan etməklə başlayıb. Bank sektorunda nələrin baş verdiyi haqqında məlumatlı olan şəxsin sözlərinə görə, prezident İlham Əliyevin 15 iyul 2015-ci il tarixli "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Fərmanı faktiki olaraq həyata keçirilməyib. Fərmanda dövlətə məxsus səhmlərin imkan verdiyi dərəcədə bankın restrukturlaşdırılması, maliyyə durumunun sağlamlaşdırılması və kapitallaşması, fəaliyyətinin səmərəliliyinin artırılması, idarə edilməsinin müasir korporativ idarəetmə standartları əsasında təşkili, bankın kredit, borclanma, kadr siyasətinin təkmilləşdirilməsi, habelə vaxtilə verilmiş və ödəmə vaxtı keçmiş kredit borclarının qaytarılması üçün təsirli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulsa da Elmar Məmmdov onları icra etməyib. İndi isə məlum olur ki, Fərmanın imzalanmasından 17 ay sonra Azərbaycan Beynəlxalq Bankında vəziyyət nəinki yaxşılaşıb, əksinə vəziyyətin pisləşməsi çox açıq şəkildə müşahidə olunur. Buna görə, Xalid Əhədovu çox çətin vəzifə gözlədiyini söyləmək olar. Ölkənin maliyyə sektoru isə əsl böhran yaşayır və bu böhran daha da dərinləşməkdədir.

Ölkədə yaşanan valyuta qıtlığında bankların sabotajı da hiss olunur. Əgər, Azərbaycan Beynəlxalq Bankında valyuta satışı qadağan olunubsa, Bank of Baku-da valyutanı yalnız xüsusi adamlara satırlar. Özü də bu zaman,hətta heç bir limit də göləmirlər. Valyuta satışını həyata keçirən bankların içərisində Turanbank nümunəvi xidməti ilə seçilir. Ölkənin ən böyük bankı, Kapital Bankda da valyuta satışı həyata keçirilmir. Bankların valyuta satışını dayandırdığı və ya məhdudlaşdırdığı bir zamanda "qara bazar” daha da canlanır. Bu da əslində bazar iqtisadiyyatının qaydalarına uyğundur. Tələb varsa, təklif də olacaq. Bu təklif isə qanuni yolla da ola bilər, qanunsuz da. Hüquq-mühafizə orqanlarının isə "qara bazar”a qarşı müharibəsi çox mənasız işdir. Əgər dövlət bankları valyuta ilə təmin edə bilmirsə, bunun günahı "qara bazar”da deyil. Hökumət unudur ki, "qara bazar” yalnız səbəb deyil, nəticədir. Nəticə ilə mübarizə heç bir effekt verə bilməz. Əlbətdə, kimləri isə həbs etmək olar. Ancaq bu vəziyyəti dəyişməyəcək. Sovet dövründə bütün təqiblərə baxmayaraq az tapılan malların "qara bazar”ı da mövcud idi. Baxmayaraq ki, o vaxt "obxess” daha canfəşəanlıqla mübarizə aparırdı. Ancaq heç bir uğur qazana bilmədi.

Dolların banklardan yoxa çıxması isə xarici ticarət əməliyyatlarına mane olacaq. Tezliklə valyuta qıtlığı aradan qaldırılmasa, ölkədə mal və məhsulların qıtlığı yaranacaq. Bu vəziyyəti isə heç bir hüquq-mühafizı orqanı, heç bir ordu ilə düzəltmək mümkün olmayacaq. İqitisadiyyatı göstəriş, əmir və hədə-qorxu ilə düzəltmək mümkün olsa, Şimali Koreyadan güclü iqtisadiyyata malik ölkə olmaz. Yeri gəlmişkən bu ölkədə xarici valyutaların satışı qadağan edilib. Əhalinin, hətta xarici valyutalar haqqında heç bir məlumatı belə yoxdur, ancaq bu vəziyyəti xilas edə bilmir. Şimali Koreya Çinin yardımına möhtac ölkədir. Buna görə də valyuta satışını qadağan etmək vəziyyətdən çıxış yolu deyil. Ölkədə yaranan valyuta qıtlığı isə məmurların əməllərinin nəticəsidir. Burada hansısa sui-qəsd axtarmaq axmaqlıqdan başqa bir şey deyil.

A.Nəbiyev,

"Yeni Sözçü" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti