21-12-2024, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
Avropa İttifaqı, Avstraliya və G7 ölkələrinin Rusiya neftini almaqdan imtina etməsi, onun daşınmasına qoyulan qadağa və tətbiq edilən qiymət tavanının təsirləri hiss olunmağa başlayıb. Belə ki, yanvarın 9-da Rusiyanın Urals markalı neftinin qiyməti 8 faizdən çox ucuzlaşmaqla 40 dollar civarına yaxınlaşıb. “Yeni Müsavat” Sankt-Peterburq əmtəə-xammal birjasına istinadən xəbər verir ki, birjada 10 min ton neft üzrə müqavilənin dəyəri 218 milyon rubl təşkil edib ki, bu da hazırkı kursla bir barel üçün 42,48 dollar deməkdir.
Bundan əvvəlki alqı-satqı müqavilələrində Uralsın qiyməti 47 dollara müəyyənləşmişdi.
Qeyd edək ki, Brent markalı neftin qiyməti Uralsdan fərqli olaraq Çində pandemiya məhdudiyyətlərinin aradan qaldırılması fonunda artır. Yanvarın 9-da Londonun ICE birjasında Brentin mart fyuçersləri bir barel üçün 81 dollardan yuxarı təklif olunmağa başlayıb. Bu isə o deməkdir ki, dekabrın 5-dən G7 ölkələri və Avropa İttifaqının tətbiq etdiyi qadağalar Rusiya neftinin dəyərsizləşməsinə gətirib çıxarmaqdadır.
Rusiya Maliyyə Nazirliyinin məlumatına əsasən dekabr ayında Rusiya neftinin orta qiyməti 50,5 dollar təşkil edib ki, bu da 2022-ci il üzrə orta göstəricidən 30 faiz aşağıdır.
Onu da qeyd edək ki, Rusiyanın 2023-cü il dövlət büdcəsi neftin 70 dollar qiyməti əsasında 3 trilyon rubl kəsirlə hesablanıb. Rusiyalı ekspertlər bildirirlər ki, neftin qiymətinin kəskin ucuzlaşması büdcə kəsirinin daha 2,1-2,9 trilyon rubl artmasına səbəb olacaq.
Rusiyada hesab edirlər ki, Uralsın qiymətinin kəskin ucuzlaşması Almaniyanın onu almaqdan imtina etməsi ilə bağlıdır. Belə ki, Almaniya “Drujba” kəməri ilə Rusiya neftinin alışını dayandırıb. Ölkə hökuməti Qazaxıstanla neft alışına dair razılığa gəlib. Dekabr ayında həm Almaniya, həm də Qazaxıstan rəsmiləri illik 3 milyon tona yaxın neftin alışını təsdiqlədilər. Məlum oldu ki, Almaniya Qazaxıstan neftini “Drujba” kəməri ilə nəql etmək niyyətindədir. Buna görə də 2023-cü il üçün 3 milyon ton həcmində nəql potensialını bron edib. Rusiya baş nazirinin müavfini Aleksandr Novak “Drujba” ilə neft nəql həcminin bron olunmasını səhvən Almaniyanın Rusiyadan neft alışını davam etdirəcəyi kimi təqdim etdikdən sonra Almaniya tərəfi rəsmi açıqlama verərək, bunun yanlış olduğunu bəyan etdi.
Almaniya hər il Rusiyadan “Drujba” kəməri ilə 20 milyon ton, Polşa isə 10 milyon ton neft alırdı. Almaniyanın Şvedtdə yerləşən neft emalı zavodu Uralsın emalına hesablanmış texnologiyalar əsasında fəaliyyət göstərir. Qazaxıstan nefti tərkibinə görə Uralsla çox yaxın olduğu üçün Almaniya bu ölkədən neft alır.
Qazaxıstanın dövlət neft şirkəti olan “KasMunayQaz”ın verdiyi açıqlamaya görə, ilk partiya neft Almaniyaya yanvarda çatdırılmalıdır.
Neft Qazaxıstandan Atırau-Samara kəməri ilə nəql olunaraq, oradan “Drujba” şəbəkəsinə ötürüləcək. “Transneft” şirkətinin təmsilçisinin sözlərinə görə, Qazaxıstan Atırau-Samara ilə ən yaxşı halda ildə 7 milyon ton neft nəql edə bilər – kəmərin ötürücülük gücü bundan artığına imkan vermir.
Maraqlıdır ki, Rusiya tərəfi “Drujba” ilə Qazaxıstan neftinin nəqlinə etiraz etməyib. Bu isə o deməkdir ki, ölkənin bu nəqldən əldə olunacaq tranzit haqqı gəlirlərinə ehtiyacı böyükdür. Dövlət ehtiyatlarının mühüm hissəsi xarici ölkələrdə bloklanan Rusiyanın əsas gəlir mənbəyi neft-qazdır. Qazın Avropaya satışı minimum həddə düşüb və onun yaxınmüddətli dövrdə artması gözlənilmir. Almaniya və Polşanın imtina qərarı “Drujba” ilə illik neft satışının 30 milyon ton azalması deməkdir. Bu şəraitdə Moskva rəsmiləri onunla təskinlik tapırlar ki, Almaniya yanvardan etibarən nefti “Drujba”dan aldığından daha baha qiymətə almalı olur.
Hazırda Rusiya öz neftini daha uzaq bazarlara - əsasən Çin və Hindistana satmağa məcburdur. Lakin G7 ölkələri və Avropa İttifaqının tətbiq etdiyi qiymət tavanından yuxarı olan neft həcmlərini alıcıya çatdırmaq üçün ölkənin tanker donanması yetərli deyil. Buna görə də xarici daşıma şirkətlərinin donanması ilə neftin daşınmasını təmin etmək üçün Rusiya şirkətləri kəskin endirimlərə getməli olurlar. Nəticə isə yuxarıda qeyd etdiyimiz qiymətin alınmasına səbəb olur.
Bəzi mənbələr Ukraynadakı işğalçı müharibənin 1 gününün Rusiyaya 20 milyard dollara başa gəldiyini bildirirlər. Belə ağır xərclərin öhdəsindən neft-qaz gəlirləri olmadan gəlmək isə getdikcə mümkünsüz hala gəlir. Rusiyanın maddi baxımdan ciddi problemlərlə üzləşdiyini ölkədə böyük şirkətlərdən əlavə ödənişin tələb olunması da sübut edir. Xarici agentliklərin yaydığı məlumata əsasən Rusiya hakimiyyəti dövlət şirkətlərini artan dividentləri ödəməyə məcbur etmək, gübrə və kömür istehsalçılarından “birdəfəlik ödəmə” tələb etmək və qeyri-müdafiə xərclərini azaltmaq qərarına gəlib. Bu barədə Rusiyanın baş naziri Mixail Mişustinin ötən il dekabrın ortalarında imzaladığı sənəddə deyilir. Rəsmi olaraq belə bir sənəd hələ elan olunmayıb.
“Bloomberg”in məlumatına görə, bu tədbirlər Rusiyada “gəlir səfərbərliyi” adlanır. Belə ki, müsadirə olunan pulun bir hissəsi Ukraynadakı müharibənin xərclərinin ödənilməsinə yönəldiləcək. Gələn informasiyalara əsasən ödənişlərin məbləği ilə bağlı qərar hələ qəbul edilməyib. Mənbələr bildirirlər ki, hakimiyyət “mümkünsə” dövlət şirkətləri üçün gəlirin 50 faizindən çoxu həcmində dividentlər təyin etməyə çalışacaq. Agentlik qeyd edir ki, bu, daimi deyil, birdəfəlik tədbir kimi nəzərdə tutulub.
Bundan əlavə, Mişustinin imzaladığı sənəddə müdafiə və təhlükəsizlik sahəsindən kənarda büdcə xərclərinin “optimallaşdırılması” zərurətindən bəhs edilir ki, bu da dövlət şirkətlərinin ən azı 150 milyard rubla qənaət etməli olduğu anlamına gəlir.
Rusiya hökuməti və Maliyyə Nazirliyi xəbərə şərh verməkdən imtina edib.
Bir çox ekspertlər bu addımı Oktyabr inqilabından sonra Rusiyada dəhşətli aclığa və milyonlarla insanın qırılmasına səbəb olan bədnam “ərzaq sapalağı” vergisinə bənzədirlər.Musavat.com