8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Natiq Cəfərli: "Gürcüstan-Rusiya münasibətləri pisləşdikcə, Azərbaycanın önəmi artır"
Zeynal Əmrəliyev: "Növbəti parlament seçkilərində müxalifət qalib gələ və Vaşadze baş nazir ola bilər"
Kənan Paşayev: "Gürcüstan artıq regiondakı ən böyük dostunun Azərbaycan olduğunu anlamalıdır"
Ötən sayımızda qeyd etdiyimiz kimi, iyunun 20-də Parlamentlərarası Pravoslavlıq Assambleyasının Tiflisdə keçirilən iclası zamanı Rusiyanın Kommunist Partiyasından olan deputat, assambleyanın prezidenti Sergey Qavrilovun Gürcüstan parlamentinin spikerinin yerində oturması müxalifətin kəskin etirazına səbəb olub. Məhz bundan sonra ölkədə kütləvi etiraz aksiyası başlayıb. Verilən rəsmi məlumata görə, polislə aksiya iştirakçıları arasında yaşanan qarşıdurma zamanı 80-ni polis, 31-i jurnalist olmaqla 240 nəfər yaralanıb, 300-dən çox insan saxlanılıb.
Onu da nəzərinizə çatdıraq ki, aksiyada iştirak edən ictimai fəallar, müxalifət partiyalarının üzvləri Gürcüstanın parlament sədri İrakli Kobaxidzenin, daxili işlər naziri Giorgi Qaxaria və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Vaxtanq Qomelaurinin istefasını, növbədənkənar parlament seçkilərinin keçirilməsini və aksiyada saxlanılan şəxslərin azadlığa buraxılmasını tələb ediblər. İrakli Kobaxidze isə öz növbəsində, aksiyadan bir qədər sonra vəzifəsindən istefa verib. Bu səbəbdən də Gürcüstan parlamentinin birinci vitse-spikeri Tamar Çuqoşvili müvəqqəti olaraq spiker səlahiyyətlərini yerinə yetirəcək. Prosedur qaydalara əsasən, əgər parlamentin sədri vəzifəsini vaxtından əvvəl tərk edirsə, bu zaman yeni sədr 14 gün ərzində seçilir. Yayılan məlumatlara əsasən, hakim Gürcü Arzusu Partiyası spiker postuna parlament çoxluğunun sədri Arçil Talakvadzenin namizədliyini irəli sürəcək.
Bu arada, axar.az-da yer alan informasiyada deyilir ki, hökumət "Rustavi 2" televiziyasını ələ keçirməyə hazırlaşır. Bununla bağlı jurnalistlərə açıqlama verən televiziyanın direktoru Nika Qvaramiyanın sözlərinə görə, iki mənbə informasiya təqdim edib ki, hazırda "Rustavi 2"nin güc yoluyla ələ keçirilməsinə hazırlıq prosesi gedir: "Bu ideyanın hökumətdə tərəfdarları və əleyhdarları var. Ölkədə son zamanlar baş verənlər Gürcüstan hökumətinin iştirakıyla gerçəkləşdirilən Rusiya ssenarisidir. Mən bütün hakimiyyət nümayəndələrini ittiham etmək istəmirəm. Hökumətin üzvləri arasında vətənpərvərlər də mövcuddur". "Gürcü Arzusu" fraksiyasının lideri Mamuka Mdinaradze isə Qvaramiyanın iddiasını təkzib edib və telekanal rəhbərinin dediklərini "öz fantaziyasının məhsulu" adlandırıb.
Məsələ ilə bağlı yayılan digər məlumatda isə qeyd olunur ki, Gürcüstanda fəaliyyət göstərən "Savea" və "Amirani" kinoteatrlar şəbəkəsi rus dilində olan bütün tamaşaların nümayişini dayandırıb. Belə ki, şəbəkəyə daxil olan kinoteatrlar rus dilində olan bütün seanslardan imtina edib. Buna cavab olaraq, Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü Frans Klinçeviç Kremlin Gürcüstana qarşı yeni sanksiyalar tətbiq edə biləcəyini vurğulayıb. Klinçeviçin sözlərinə görə, Tiflis rusdillilərə münasibətdə diskriminasiyanı davam etdirsə, Moskva bu addımı atacaq. Ədalətli Rusiya Partiyasının sədri Sergey Mironov da Gürcüstana qarşı iqtisadi sanksiyaların tətbiq edilməsini tələb edib: "Dövlət başçısı vətəndaşlarımızın təhlükəsizliyi üçün tədbirlər gördü. İlk növbədə bunu etmək lazım idi. İndi isə biz təkcə Gürcüstan müxalifətinə deyil, eyni zamanda rəsmi Tiflisə qarşı Rusiya əleyhinə çıxışlarına görə atılacaq növbəti addımları düşünməliyik". Mironovun fikrincə, Rusiya Gürcüstanın addımlarına iqtisadi sanksiyalarla qarşılıq verməlidir.
"Gələn il Gürcüstanda seçki yolu ilə növbəti hakimiyyət dəyişikliyinin baş verməsi ehtimalı az deyil"
Yeri gəlmişkən, artıq Gürcüstan hökuməti müxalifətin əsas tələblərindən birini yerinə yetirib. Belə ki, "Gürcü Arzusu" Partiyasının Siyasi Şurasının iclasından sonra partiyanın sədri Bidzina İvanişvili 2020-ci ildə parlament seçkisinin proporsional sistemdə keçiriləcəyini bəyan edib. "Hürriyyət" xəbər verir ki, bununla bağlı fikirlərini bölüşən pilotoloq Şahin Cəfərlinin sözlərinə görə, gələn il Gürcüstanda seçki yolu ilə növbəti hakimiyyət dəyişikliyinin baş verməsi ehtimalı az deyil: "İvanişvili 2020-ci il parlament seçkilərinin tamamilə proporsional sistem üzrə keçirilməsinə razılıq verdi. Keçid baryeri sıfır olacaq. İndiyədək ölkədə yarımproporsional, yarımmajoritar sistem tətbiq olunurdu. Tam proporsional sistemə 2024-cü ildən etibarən keçilməsi nəzərdə tutulmuşdu. Majoritar sistem inzibati və maddi resursları əlində saxlayan hakimiyyətin namizədləri üçün üstünlük yaradırdı və onlar mübarizəyə müxalifət qarşısında 1-0 öndə başlayırdılar. İndi bu, aradan qalxdı. Müxalifət toparlanarsa və ciddi yanlışlara yol verməzsə, gələn il Gürcüstanda seçki yolu ilə növbəti hakimiyyət dəyişikliyinin baş verməsi ehtimalı az deyil".
"Qonşularımızın Rusiya ilə çox yaxınlaşması bizə həmişə bəlalar gətirir"
Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli isə hesab edir ki, Gürcüstan-Rusiya münasibətləri pisləşdikcə, Azərbaycanın önəmi artır: "Yəqin ki, indi Keşikçidağ məsələsi bir müddət arxa plana keçəcək. Çünki rəsmi Tiflisin Azərbaycana indi daha çox ehtiyacı var". Politoloq həmçinin, Rusiyanın qonşu dövlətlərə təsirinin olduğunu vurğulayıb: "Ümumiyyətlə, qonşularımızın Rusiya ilə çox yaxınlaşması bizə həmişə bəlalar gətirir. İran Rusiya ilə yaxınlaşanda isə bizə təhlükə artır. Bir müddət əvvəl Gürcüstan Rusiya ilə yaxınlaşan kimi bizə qarşı münasibəti dəyişdi. Onlar Moskvadan uzaqlaşdıqca ölkəmizin siyasi və iqtisadi çəkisi yüksəlir və buna görə də bizimlə daha çox yaxınlaşmağa başlayırlar. Ermənistan isə Moskvanın əyaləti olaraq Rusiya ilə birgə torpaqlarımızı işğal edib, illərdir öz işğalçı rejimini davam etdirir. Nə qədər ki, Rusiyada imperiyalist rejim var, bu hadisələr hələ uzun müddət davam edəcək".
"Artıq "Gürcü Arzusu" inzibati resurslardan istifadə edib seçkidə üstünlüyə nail ola bilməyəcək"
Mövzu ilə bağlı "Hürriyyət"ə açıqlama verən "Atlas" Araşdırmalar Mərkəzinin eksperti Zeynal Əmrəliyevin fikrincə, Gürcüstanın proporsional sistemə keçidi çox mühüm amildir:"Çünki artıq "Gürcü Arzusu" inzibati resurslardan istifadə edib seçkidə üstünlüyə nail ola bilməyəcək. Gürcüstan siyasəti bununla macəralı bir dövrə qədəm qoyur. Növbəti parlament seçkilərində müxalifət qalib gələ və Qriqor Vaşadze baş nazir ola bilər. Həmçinin, biz Gürcüstanda yeni siyasi təşkilatların da meydana çıxmasının şahidi olacağıq. Müxalifətin hakimiyyətə gəlmək imkanı artıq xeyli çoxaldı. Müxalifət bu imkanlardan istifadə etsə, böyük qazanc əldə edə bilər". Ekspert bu qənaətdədir ki, Gürcüstanda yaşanan olaylarda Rusiya və ya ABŞ-ın barmağının olduğunu demək bir qədər yanlışdır: "Çünki bunu sübut edəcək bir fakt yoxdur. Düzdür, etirazlar Rusiya əleyhinədir. Lakin biz bunu tam şəkildə "ABŞ təşkil edib" deyə bilmərik. Bu, vətəndaşların öz təşəbbüsü ilə də ola bilər. Gürcüstanda anti-rus əhval-ruhiyyəsinin olması çox normaldır. Belə düşünürəm ki, bunun üçün hansısa xarici müdaxiləyə ehtiyac yoxdur. Təbii ki, xaricdən etirazları daha da gücləndirmək üçün müdaxilələr ola bilər. Bu başqa məsələ. Amma tam hansısa xarici müdaxilə ilə baş verdiyinə, doğrusu inanmıram".
"Bu proseslər fonunda Gürcüstanla Azərbaycan münasibətindəki soyuqluq aradan götürüləcək"
"2020-ci il parlament seçkilərinin proporsional sistem ilə keçirilməsi gürcü müxalifətinin ən böyük tələbi idi" deyən "Atlas" Araşdırmalar Mərkəzinin digər eksperti Kənan Paşayev isə "Hürriyyət"ə açıqlamasında qeyd etdi ki, bu tələbin qəbul edilməsi hazırkı müxalifətin gələcəkdə iqtidar olma ehtimalını kəskin surətdə artırır: "İndi hər şey müxalifətin qarşıdakı proseslərdə özünü necə göstərməsindən asılıdır. Bu hadisələrin məğzində Gürcüstanı rəsmi Moskvadan uzaqlaşdırmaq niyyəti dayanır. Bu oyunların arxasında ABŞ Xarici Kəşviyyat İdarələri dayanır. Hətta vəziyyət daha da gərginləşərsə, Gürcüstanda dövlət çevrilişinə cəhd belə, ola bilər". Onun sözlərinə görə, İvanaşvilinin də müxalifətin tələbini qəbul etməsinin əsas səbəbi bundan ehtiyatlanmasıdır: "Bu proseslər fonunda Gürcüstanla Azərbaycan münasibətindəki soyuqluq aradan götürüləcək, deyə düşünürəm. Gürcüstan artıq regiondakı ən böyük dostunun Azərbaycan olduğunu anlamalıdır".