Rəsul Quliyev hələ də dəyişməyib

 

 

21 illik müxalifətçilik faəliyyətində heç nə ilə yadda qalmayan biri nəyə ümid edə bilər?

İki aydan sonra 70 yaşı tamam olacaq Rəsul Quliyevin ABŞ-a mühacirət etməsinin 21 ili tamam olur. 21 il ərzində Azərbaycanda çox sular axıb, ancaq belə görünür ki, Rəsul Quliyev hələ də doğma vətənini ötən əsrin 90-cı illərindəki ölkə kimi təsəvvür edir. Burada söhbət ölkədə baş vermiş quruculuq, abadlıq işlərindən getmir. Rəsul Quliyev ölkədən getdikdən sonra doğulan uşaqlar artıq üç ildir ki, seçicidirlər. Bu seçicilərin Rəsul Quliyev haqqında heç bir təsəvvürü yoxdur. Çünki Rəsul Quliyev 21 illik müxalifətçilik faəliyyətində heç nə ilə yadda qalmayıb. Mühacirətdə də heç bir uğurlu layihəsi olmayıb. Məsələn, Rəsul Quliyevlə müqayisə edilə biləcək rusiyalı oliqarx Mixail Xodorkovski mühacirətə getdikdən sonra bir neçə uğurlu layihəsi ilə diqqəti öz üzərinə cəlb edə bilib. Əgər Mixail Xadorokvski həbsdən azad edildikdən sonra Almaniyanın o zamankı xarici işlər naziri Hans-Ditrix Genşerin göndərdiyi şəxsi təyyarə ilə Rusiyanı tərk etmiş və beləliklə də Qərb siyasətçiləri üçün önəmli adam olduğunu göstərə bilmişdisə, Rəsul Quliyev 2003-cü ildə Azərbaycana gələ bilməyib Ukraynaya enmək məcburiyyətində qalanda ona münasibətdə Qərb siyasətçilərinin uyğun davranışını görmədik. Mixail Xadorkovskinin "Açıq Rusiya” internet resursu Rusiyada ictimai rəyə təsir göstərə bilir. Ancaq Rəsul Quliyev 21il ərzində bir  sayt belə yarada bilməyib. Eyni zamanda Youtebe, Facebook və digər sosial şəbəkələrdən də Rəsul Quliyevin effektli yararlandığını söyləmək olmur.

Rəsul Quliyev dəfələrlə qeyri-dəqiq, heç bir məntiqə uyğun olmayan proqnozları ilə diqqəti cəlb edib. Məsələn, 2013-cü ilin yanvarında İsmayıllı hadisələrinə münasibət bildirərkən prezident seçkilərinə kimi dövlət başçısının ölkədən qaçacağını bəyan etmişdi. Ancaq həmin dövrdən beş ilə yaxın vaxt keçib, Rəsul Quliyevin proqnozu isə özünü doğrultmayıb. Onun belə fikirlərinə indi də çox rast gəlinir. Məsələn, son müsahibəsində bəyan edib ki, Azərbaycana qayıtmaq niyyətindədir və bu hadisənin baş verməsini hökumətin onun qayıtmağının nə qədər vacib olmasını anlamasına bağlayır. Onun qayıtmasının hökumət üçün hansı zərurət olmasına isə aydınlıq gətirmir. Əlbətdə, belə bir zərurət yoxdur və prezident İlham Əliyev Ayaz Mütəllibovla bağlı məsələdə olduğu kimi daha bir qocanı gətirib fəxri təqaüdçüyə çevirməyəcək. Ən azından ona görə Ayaz Mütəllibovdan fərqli olaraq Rəsul Quliyev məhz İlham Əliyevə qarşı müxalifətdə olub. Onun hətta hakimiyyətdə təmsil olunduğu vaxtlarda belə o zaman Dövlət Neft Şirkətinin

birinci vitse-prezidenti olan İlham Əliyevə qarşı olması hər kəsə məlum idi. İndi onun Azərbaycana qayıtması hansı zərurətdən ola bilər ki?

Ancaq Rəsul Quliyevin bəzi fikirləri belə təəssürat yaradır ki, sabiq spiker müxalifətə müxalif etməklə hakimiyyətin diqqətini öz üzərinə çəkməyə və beləliklə də ölkəyə qayıtmasına icazə verilməsinə nail olmaq istəyir. Onun son müsahibəsində "Müxalifətlə onlar "Ölməz Kaşşey” kimi bir-birlərini dəyişərək davam edəcəklər. Milli Şura adlananlar isə fiziki gücü ölənə qədər bu əməllərini davam etdirəcək, dinastiyadan gələn yeni nəsl isə özünə başqa milli şura yaradıb işini davam etdirəcək”-deməsi də bunu göstərir.

Əlbəttə, müxalifətə də, Milli Şuraya da kifayət qədər nöqsanlar tutmaq olar. Ancaq bunu Rəsul Quliyev kimi 21 illik mühacirət həyatında heç nə ilə yadda qala bilməyən birinin etməsi sadəcə gülməlidir.

Əgər Rəsul Quliyev vətəni üçün darıxıbsa və ömürün son illərini vətənində keçirmək istəyirsə, Ayaz Mütəllibov kimi bunu açıq mətinlə yaza və dövlət başçısından əhv edilməsini istəyiblər. Belə olarsa, onun da sabiq prezident Ayaz Mütəllibov kimi ölkəyə dönüşü mümkün ola bilər. Ancaq onun prezidentlik iddiası ilə Azərbaycana qayıtması mümkün deyil. Ən azından nə qədər ki, İlham Əliyev prezidentdir, Rəsul Quliyev bunu ancaq arzu edə bilər.

 

Arzuman LOĞMANOĞLU,

"Yeni Sözçü" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti