Beynəlxalq təhlilçilər neftin ucuzlaşması haqda: “Heç İran-Səudiyyə düşmənçiliyi də kömək etmədi”

Dünya bazarlarında neftin qiymətinin nisbi artımdan sonra yenidən üzüaşağı yuvarlanmasının əsas səbəbi bazarda təklifin tələbi üstələməsidir.

Virtualaz.org Qərb mediasına istinadən xəbər verir ki, təhlilçilər aşırı təklifin bazar üçün əsas problem olaraq qaldığını deyir. "Təklifin artması sarıdan narahatıq. Yaxın Şərqdə gərginliyin güclənməsinin təsirini belə üstələyir” - ANZ Bankı bildirir.

Hazırda gündəlik təklif tələbdən 2 milyon barrelədək çoxdur. İran isə bu arada bildirib ki, sanksiyalar qaldırılandan sonra qiymətlərin daha artıq təzyiqə məruz qalmaması üçün neft ixracını azalda bilər.

"Qiymət müharibəsinə başlamaq niyyətindən uzağıq. Deməliyəm ki, qiymətləri indikindən də aşağı salmağın yeri yoxdur” – Bunu İran Milli Neft Şirkətinin (NIOC) beynəlxalq işlər üzrə baş direktoru Möhsün Qəmsari deyib. İran bundan əvvəl bildirirdi ki, sanksiyalar bitən kimi gündəlik istehsalı yarım milyon barrel artıracaq.

 barrons.com saytı isə yazır ki, vaxt var idi, Yaxın Şərqdə gərginlik artanda neft də bahalanırdı. Ancaq bunlar arxada qaldı.  Saytın yazdığına görə, əksinə, Səudiyyə-İran düşmənçiliyi nefti bir az da ucuzlaşdıra bilər. Çünki Ər-Riyad İran ixracına sanksiyaların bitməsinə daha çox neft çıxarmaqla cavab verir. 

"Neftdən bir silah kimi istifadə strategiyası hamının başını ağrıdacaq, xüsusən də Asiyanın "Sinopec” kimi neft şirkətlərinin. Ən narahatedici məqam neftin getdikcə 25 dollara yaxınlaşmasıdır və təklif şoku riski daha çox reallığa bənzəyir. Neft bazarlarının qorxduğu Körfəzdə hərbi qarşıdurmadır, özəlliklə də Hörmüz boğazında. Gərginliyin artması bu ehtimalı da gücləndirir – şənbə günü İran donanması ABŞ və Fransa hərbi gəmilərinin yaxınlığına raket atıb”-sayt yazır.

Məqalədə bildirilir ki, neftin qiymətinin qalxmamasının səbəbi qlobal təklifin çoxluğunun bu qorxuları üstələməsində deyil. Səbəb odur ki, bu gərginlik nəticəsində təklif daha da çoxala bilər.

"Bernstein” şirkətinin dəyərləndirməsinə görə, Tehrana büdcəsini balanslaşdırmaq üçün neftin çəlləyini 120 dollara satmaq sərfəlidir. 37 dollara satmaqla da qazanacaqlar, ancaq büdcəylə problem yaranacaq. Səudiyyəyə isə barrel 90 dollardan sərf edir. Bunu "Jadwa Investment”in iqtisadçıları hesablayıb. Ötən il gəlir 45% azaldığından hökumətin kəsiri də şişib.

Çünki barrelin istehsalı 25 dollara başa gəldiyi bir vaxtda büdcəni balanslaşdıra bilmirlər.

 "Jadwa”nın proqnozlarına görə, Səudiyyə bu il günə 10.2 milyon barrel neft çıxarmaqda davam edəcək. "Bernstein” isə 10.3 milyon barrel deyir. "Citigroup”un təhlilçiləri isə avqustadək istehsalın 11 milyon barrelədək artırılacağını bildirir, məqsəd İranın ixracından qorunmaqdır.

«The Wall Street Journal» isə təhlilçilərə istinadla yazır ki, tələblə təklif arasındakı uçurum bu il azalacaq. "Həm Beynəlxalq Enerji Agentliyi, həm də OPEK ötən ilin üçüncü rübündə qlobal tələblə təklif arasında gündəlik 2.4 milyon və 1.2 milyon barrel kəsir qeydə alıb. Belə bir fikir yürütməyə əsas yaranır ki, bu defisiti pozacaq böyük bir hadisə baş verməsə, aşırı təklifin ciddi şəkildə azalmasının şahidi ola bilərik”, - "Phillip Futures”in təhlilçisi Daniel Ang deyib.

Ucuzlaşma Çinin daha çox neft almasına səbəb olub. "Platts” qiymət agentliyinin məlumatına görə, ötən noyabrda Çinin tələbi günə 10.95 milyon barrelə çatıb. Bu, günə 581 min barrel artım deməkdir. "Bəli, Çin iqtisadiyyatı yavaşıyır, ancaq yenə də 6%-dən yuxarı artım var ki, bu da onların enerjiyə tələbinin qaldığını göstərir”, - OCBC təhlilçisi Barnabas Gan deyir.



Oxşar Xəbərlər

Xəbər lenti