8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Rusiya XİN erməni millətindən olan Rusiya vətəndaşlarının ölkə ərazisinə buraxılmasını Azərbaycan hökumətindən tələb edən kobud bəyanatlarla çıxış etməkdə davam edir. Lakin Azərbaycan nümayəndələri bu məsələdə güzəştə getmir, çünki ölkəmiz hələ də Ermənistanla müharibə vəziyyətindədir. Rusiya XİN Mariya Zaxarovanın son, aşkar həyasız bəyanatı ilə kifayətlənməyib. Dünən RİA "Novosti” xəbər yaydı ki, Azərbaycanın Rusiyadakı səfirliyi "Azərbaycanın hava limanlarında Rusiya vətəndaşlarına qarşı ayrıseçkiliklə əlaqədar Rusiya XİN-in yaddaş qeydini alıb”. Agentlik Moskvadakı diplomatik mənbəyə istinad edir.
"Azərbaycan tərəfi növbəti dəfə rusiyalı həmkarlarını ümidvar edib ki, problemin həll edilməsi üçün addımlar atılacaq”, - RİA "Novosti” adı çəkilməyən diplomatik mənbədən sitat gətirir.
Virtualaz.org şərh almaq üçün Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluya müraciət edib. Doğrudanmı, Rusiya tərəfi səfirliyə qeyd göndərib? Rusiya tərəfinin növbəti kobud müdaxiləsinin arxasında nə dayanır? Səfirin eksklüziv müsahibəsini diqqətinizə çatdırırıq.
- Dünən RİA "Novosti”nin erməni əsilli rusiyalılara qarşı ayrıseçkilik haqqında qeydin Rusiya XİN tərəfindən Azərbaycan səfirliyinə yaddaş qeydinin göndərilməsi barədə yayımlanmış xəbərini necə şərh edirsiniz?
- İlk öncə diqqəti bir fakta cəlb etmək istəyirəm ki, diplomatik təcrübədə qeyd kimi ötürülmüş informasiyanın KİV-də yayımlanması qəbul edilməyib, çünki bu, rəsmi diplomatik yazışma deyil. Nəzərə alsaq ki, bu məlumat istənilən halda mətbuata yol tapıb, öz tərəfimdən Sizə müvafiq arayış vermək üçün mənə şərait yaratdığınıza görə minnətdarlığımı bildirirəm.
Qeyd etmək lazımdır ki, dərc edilmiş məlumat reallığı əks etdirmir. Mənə bu məlumatın KİV-ə ötürülməsi təəccüblü gəlir, belə ki, lap bu günlərdə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva yaranmış vəziyyətə dair obyektiv şərh vermişdi. O da təəccüblüdür ki, məlumatda Azərbaycan tərəfinin problemin tənzimlənməsi ilə bağlı hansısa ümid verməsindən danışılır. Sual yaranır: Azərbaycan tərəfi dedikdə kim nəzərdə tutulur? Şəxsən mən, bir səfir kimi, heç kimi ümid verməmişəm, Azərbaycan XİN isə mətbuat katibi vasitəsilə mövqeyini bildirib.
- Doğrudanmı, Zaxarovanın son bəyanatına qədər Rusiya bu məsələni qaldırmışdı?
- Doğrudur, Rusiya tərəfi bu məsələni dəfələrlə müxtəlif səviyyələrdə qaldırıb. Həmin məsələdə mənim ölkəmin mövqeyi dəyişməz olaraq qalır. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, bu cür tənzimləmələr həmin kateqoriyadan olan şəxslərə qarşı onların vətəndaşlıq mənsubiyyətindən asılı olmadan tətbiq edilir və bu vəziyyət Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etməsi ilə əlaqədardır və ilk növbədə, elə həmin şəxslərin özlərinin təhlükəsizliyinin qorunmasına yönəldilib. Beynəlxalq təcrübə mövcuddur ki, ölkələr səbəbini belə izah etmədən müəyyən şəxslərə öz ərazilərinə daxil olmağa icazə vermirlər.
- Digər Rusiya vətəndaşları ilə bağlı problemlər varmı?
- Rusiyalı həmkarlarıma yaxşı məlumdur ki, Azərbaycanın dövlət siyasəti turist axınının gücləndirilməsinə yönəldilib. Yalnız 2018-ci ildə 800 min nəfərdən çox Rusiya vətəndaşı maneəsiz olaraq Azərbaycana gəlib və mənim bildiyim qədərilə heç bir şikayət olmayıb.
Onların arasında erməni əsilli Rusiya vətəndaşları, hətta Ermənistan vətəndaşları da olub ki, bunlar Azərbaycanda keçirilən müxtəlif beynəlxalq tədbirlərdə, idman yarışlarında iştirak ediblər. Azərbaycan səfirliyi dəfələrlə erməni əsilli Rusiya vətəndaşlarının, o cümlədən özəl qaydada Azərbaycana səfər etmələrinə şərait yaradıb. Bir daha qeyd etmək istəyirəm ki, istənilən məhdudiyyətlər yalnız həmin vətəndaşların özlərinin təhlükəsizlikləri baxımından tətbiq edilir. Yaddan çıxarmaq olmaz ki, Azərbaycanda bir milyon nəfərdən çox qaçqın və məcburi köçkün yaşayır və onlar doğma torpaqlarından qovulublar. Həmin şəxslər üzləşdikləri qəddarlıqları, əzabları və qeyri-insani rəftarı, eyni zamanda Xocalı soyqırımını heç vaxt unutmayacaqlar.
- Yaranmış vəziyyətdən çıxış yolunu nədə görürsünüz?
- Rusiyalı həmkarlarım məndən tez-tez soruşurlar: bu vəziyyətdən necə çıxmaq olar və bunun üçün nə edilməlidir? Hər dəfə də cavab verirəm ki, tez bir zamanda münaqişə ədalətli şəkildə və beynəlxalq hüquq çərçivəsində həllini tapmalıdır ki, bu problemlər öz-özünə çözülsün.
Son illər ərzində üç dəfə Ermənistanda və Qarabağda olmuş bir insan kimi əminliklə deyə bilərəm ki, xalqlar arasında dialoq mümkündür, lakin Rusiya maksimal dərəcədə vasitəçilik səyləri göstərməlidir ki, işğalçı siyasətə son qoyulsun.