İqtisadi islahatlar əyalətlərdən başlamalıdır

İqtisadi islahatlar əyalətlərdən başlamalıdır

Qəbələdəki müəssisələr 20 milyon manat ödəyə bilmirsə...

Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirovun poçtuna

Prezident İlham Əliyevin iqtisadi islahatları sürətləndirmək üçün atdığı addımlar işərisində ən çox diqqət çəkəni prezidentin iqtisadi islahatlar üzrə köməkçisi vəzifəsinin təsis edilməsi və vergilər nazirinin müavini Natiq Əmirovun bu vəzifəyə təyinatı oldu. Bu addımı atmaqla prezident iqtisadi islahatların önəmini vurğulamaqla yanaşı bu prosesi bir mərkəzdən idarə olunacağını göstərdi. Natiq Əmirovun dərhal vəzifəsinin icrasına başlayaraq iqtisadi islahatlarla bağlı konsepsiyanın, təkliflərin hazırlanmasına start verməsi cəmiyyətdə gələcəklə bağlı nikbin notları gücləndirib. Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Xidmətinin cəmiyyətin ən müxtəlif təbəqələrindən gələn islahatlarla bağlı təkliflərə diqqətlə yanaşması isə cəmiyyətdə xüsusi rəğbətlə qarşılanır. Cəmiyyət görürürki, iqtidar hansı siyasi düşərgə tərəfindən irəli sürülməsindən asılı olmayaraq istənilən əsaslı təklifi müzakirə etməyə hazırdır. Məhz bu məqam da bizə bəzi təklifləri Prezidentin iqtisadi islahatlar üzrə köməkçisinin diqqətinə çatdırmağa həvəsləndirdi və ümidvarıq ki, təkliflərimiz diqqətlə müzakirə ediləcək.

Bu gün Azərbaycanın bir dövlət olaraq neftin dünya birjalarındakı qiymətindən asılı olmasının əsas səbəblərindən biri regionların iqtisadi geriliyidir. Regionların iqtisadi inkişafı ilə bağlı çoxsaylı proqram və layihələr həyata keçirilməsinə, bu sahəyə külli miqdarda dövlət və özəl sərmayə yönəldilməsinə baxmayaraq istənilən nəticə əldə edilməmişdir. Bunun ən bariz nümunəsi Abşeron və İmişli rayonları, Bakı, Sumqayıt, Şirvan və Mingəçevir şəhərləri istisna olmaqla digər şəhər və rayonların dövlət büdcəsinin dotasiyasına möhtac olmalarıdır. Buna görə də rayon və şəhərlərin öz potensiallarından tam istifadə edərək dotasiyadan çıxmaları indi əsas vəzifələrdən birinə çevrilməlidir. Artıq bununla bağlı Prezident Adminstarsiyasının rəsmiləri də bir sıra açıqlamalarla çıxış ediblər. Fikirimizcə, bu açıqlamalar, çağrışlar nə qədər önəmli olsa da, artıq sözdən işə keçilməlidir. İlk olaraq Prezidentin iqtisadi məsələlər üzrə Köməkçisi Xidməti bu gün çox böyük sərmayələr qoyulmuş rayonlarla bağlı ciddi araşdırmalar aparmalı və buna uyğun təkliflər hazırlamalıdır. Bu zaman isə ilkin olaraq Qəbələ, Şəki, Xaçmaz, Quba, Siyəzən, Qax, Zaqatala, Balakən, Oğuz, Gəncə, Cəlilabad, Lənkəran, Naxçıvan, Kürdəmir, Ağdaş, Qazax, Tovuz, Ucar, Beyləqan, Göyçay və Göygölün dövlət büdcəsindən asılılığının aradan qaldırılmasına mane olan səbəblər öyrənilməli, qısa zamanda aradan qaldırılmalıdır. Doğrudur, gələn ilin büdcə layihəsinə əsasən Gəncə, Qəbələ, Yevlax, Xaçmaz, Beyləqan və Şəkinin özünü təmin edəcəyi gözlənilir. Ancaq fikirimizcə büdcədən dotasiya alan şəhər və rayonların sayının azalması daha çox ola bilər. Əgər, adları yuxarıda qeyd etdiyimiz şəhər və rayonların iqtisadiyyatı ilə bağlı dəqiq və ciddi qərarlar qəbul edilsə, buna nail olmaq olar.

Fikirimizcə, bir çox rayonların hələ də dövlətdən dotatsiya almasının iki əsas səbəbi var. Birincisi, həmin rayonların büdcələri əsassız şəkildə şişirdilib və bu hal da büdcə vəsaitlərinin faktiki olaraq mənimsənilməsinə səbəb olur. İkinci, əsas səbəb isə fikirimizcə, əyalətlərdəki müəssisələrin vergidən yayınma ehtimalıdır. Əlbətdə, bu bizim ehtimalımızdır. Ancaq bir sıra məqamlar bu qənaəti yaradır. Məsələn, Qəbələ rayonunun büdcəsi təxminən 20 milyon manatdır. Ancaq Azərbaycanın əsas turizm bölgələrindən biri və birincisi olan Qəbələ rayonu həmin vəsaitin təxminən 7 milyon manatını dövlət büdcəsindən dotatsiya şəklində alır. Halbuki, yalnız İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına Qəbələ rayonunda bir neçə layihə həyata keçirilib. Onların arasında Qəbələ rayonu, Böyük Əmili kəndindəki illik gücü 3.8 min ton olan südlük cins iribuynuzlu heyvandarlıq kompleksi, yenə həmin Böyük Əmili kəndində illik gücü 1.2 min və 1 min ton olan iki quş əti istehsalı müəssisəsi, rayonun Vəndam kəndində illik gücü 6.7 min ton süd olan heyvandarlıq kompleksi, yenə həmin Vəndam kəndində illik gücü 420 ton olan heyvandarlıq kompleksi, məşhur Nic kəndindəki illik gücü 0.9 min ton olan quş əti istehsalı müəssisəsi, Qaradeyin kəndindəki illik 700 min ədəd ting və 5.2 min ton alma olan tingçilik təsərrüfatı, Hacallı kəndində illik gücü 0.34 min ton olan üzüm bağları kimi istehsal layihələri yalnız Sahibkarlığa Kömək Milli Fondunun həyata keçirdiyi layihələrdir. Bunlardan başqa özəl sərmayələr hesabına yaradılmış və ya dövlət əmlakının özəlləşdirilməsindən sonra yenilənən müəssisələr var. Onlardan 210 min ton meyvə şirəsi istehsal etmək gücündə olan Gilan Qəbələ Konserv Zavodu, müxtəlif zavodların mövcud olduğu Gilan Qida Şəhərciyi, illik gücü 50 milyon litr olan Qəbələ su-limonad istehsalı zavodu, günlük gücü 10 ton olan Qəbələ çörək və şirniyyat istehsalı müəssisəsi, Qaradeyn kəndində üzüm emalı zavodu, Qəbələ Fındıq emalı zavodu, Azərbaycanın fəxri ola biləcək ildə 1200-1500 piano istehsal edən Beltman piano fabriki, ölkəmizi lift idxalatından azad edə biləcək Qəbələ Lift zavodunun fəaliyyət göstərməsinə baxmayaraq Qəbələ rayonu dövlətdən təxminən 7 milyon manat dotatsiya alır. Qeyd edək ki, bu qeyd etdiklərimiz yalnız istehsal müəssisələridir. Bu istehsal müəssisələrindən başqa Qəbələ rayonunda çoxsaylı hotel, turizm, istirahət və sağlamlıq mərkəzləri fəaliyyət göstərir. Onların arasında "Qafqaz Resort” hotel, "Qafqaz Riverside” hotel, "Qafqaz Sport” hotel, "Qafqaz Karvansaray” hotel, "Qafqaz Qebele City” hotel, "Qəbələ” hotel, Qafqaz Spa və Sağlamlıq Mərkəzi, "Qəbələ Xanlar” turizm istirahət mərkəzi, "Duyma” İstirahət və sağlamlıq mərkəzi və "Semerana” istirahət mərkəzi kimi tanınmış hotel və istirahət mərkəzlərindən başqa onlarla kiçik istirahət mərkəzləri də mövcuddur. Əgər buraya yüzlərlə ticarət obyektini, on minlərlə fərdi kəndli təsərrüfatlarını da əlavə etsək, Qəbələ rayonununiqtisadi potensialı ilə bağlı daha aydın təsəvvürlər yarana bilər. Ancaq çox maraqlıdır ki, bu qədər istehsal və xidmət sahəsinə malik olmasına baxmayaraq Qəbələ rayonu büdcədə dotatsiyasından imtina etməyə çox da həvəsli görünmür. Əks halda buna çoxdan nail olmaq olardı. Qəbələ rayonun çox böyük iqtisadi gücü olmasına baxmayaraq bu günə kimi dövlət büdcəsindən çox böyük məbləğdə dotatsiya almasının səbəblərinə aydınlıq gətirmək istədik. Bununla bağlı adının açıqlanmasını istəməyən ekspert əsas səbəb kimi vergidən yayınmanı göstərdi. Ekspert iddia edir ki, əgər Qəbələdəki müəssisələrin real istehsalına, hotel və istirahət mərkəzlərinin gəlirlərinə dəqiq nəzarət edilsə və buna uyğun yerli büdcə vergiləri tutulsa, Qəbələnin büdcə gəlirləri 20 milyon manatdan ən azı bir neçə milyon manat çox olar. Ancaq təəssüf ki, bu günə kimi bu istiqamətdə gərəkli addımlar atılmayıb. Ekspert hesab edir ki, şəhər və rayon icra hakimiyyətləri başçılarının fəaliyyətinə qiymət verərkən, ilk növbədə əsas götürülməli olan məqamlardan biri fəaliyyətdə olan icra başçısının rəhbərlik etdiyi müddətdə şəhər və ya rayonun büdcəsinin yerli imkanlar hesabına hansı dərəcə formalaşmasına baxılmalıdır. Əgər bir şəxsin 4-5 beş illik rəhbərliyi dövründə rayonun büdcə gəlirləri yerli imkanlar hesabına artmayıbsa, deməli həmin şəxsin faəliyyəti uğursuz olub. Ekspert hesab edir ki, bundan sonra yerli icra hakimiyyətlərinə rəhbərlərin təyin olunmasında Prezidentin iqtisadi islahatlar üzrə Köməkçisinin mövqeyi əsas götürlməlidir. Prezidentin iqtisadi islahatlar üzrə Köməkçisinin mövqeyi isə icra hakimiyyətinin başçısı təyin ediləcək şəxsin rayonun iqtisadi inkişafı ilə bağlı təqdim edəcəyi fəaliyyət planı əsasında formalaşmalıdır. İcra başçısı Prezidentin iqtisadi islahatlar üzrə KöməkçisiXidmətinə rayonun iqtisadi inkişafı ilə bağlı özünün fəaliyyət planını təklif etməli, Xidmət isə bunu araşdırıb qiymətləndirməlidir. Belə olduqda icra başçılarının fəaliyyətinə bircə ilin içində qiymət vermək mümkün olar və əyalətlərin inkişafına müsbət təsir edə bilər. Ekspertin qeyd edir ki, Qəbələ rayonun indiki icra başçısı Səbuhi Abdullayev düz altı il əvvəl bu vəzifəyə təyin olunub. Ancaq bu şəxs altı ildə Qəbələ rayonu kimi çoxsaylı istehsal və turizm müəssisələri olan bir rayonu dövlətin dotatsiaysından azad edə bilməyib. Qəbələ rayonu da ərazisi işğal olunmuş rayonlar kimi dövlət büdcəsindən külli miqdarda pul almaqda davam edib. Ekspert hesab edir ki, artıq belə hallara son qoyulmalıdır. Bunun üçünsə Prezidentin iqtisadi islahatlar üzrə köməkçi Natiq Əmirov üzərinə düşən vəzifənin icrasında qətiyyət göstərməlidir. Əgər belə olarsa, onun hazırlayacağı iqtisadi islahatlar cəmiyyətin dəstəyini qazana bilər.

Azərbaycan tarixinin çox həsas dövrünü yaşayır və dövlətimizin üzləşdiyi çətinliklərin tez zamanda aradan qaldırılması üçün hər kəs öz üzərinə düşəni yerinə yetirməlidir. Biz də qələm əhli olaraq iqtisadi islahatlarla bağlı təklifləri müzakirəyə çıxarmağa çalışmalıyıq. Eyni zamanda iqtisadi inkişafımıza mane olan neqativ halları göstərməkdən çəkinməməliyik.

Arzuman Loğmanoglu,

"Yeni Sözçü" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti