“Ramiz Mehdiyev “bilək güləşi”ni dayandırmağa çağırıb” - NATİQ CƏFƏRLİDƏN SENSASİON AÇIQLAMALAR

“Ramiz Mehdiyev “bilək güləşi”ni dayandırmağa çağırıb” - NATİQ CƏFƏRLİDƏN SENSASİON AÇIQLAMALAR

 

Natiq Cəfərli: "Bu yazı hakimiyyət daxilindəki "bilək güləşi”nin ümumi sistemə ziyan vurduğunun mesajıdır”

"Öz fəaliyyətini siyasi müstəvidəki konyunktur dəyişiklikləri üzərində quran, daha çox qeyri-səmimiliyi, süst və ətalətli fəaliyyəti ilə seçilən, komanda prinsipini qətiyyən gözləməyən məmurlarla Azərbaycanın inkişafı naminə müəyyən edilmiş ali məqsədlərə çatmaq üçün vaxt baxımından çox böyük itkilərə yol verə bilərik”.

Bu fikirləri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev prezident seçkilərindən sonra mətbutada yayılan məqaləsində qeyd edib.

Görünür ki, prezident seçkilərindən sonra ənənəvi olaraq dövlət başçısı öz yeni komandasını formalaşdırmalı olduğu üçün, bu fikirlər kimlərinsə vəzifəsindən uzaqlaşdırılmasına bir mesajdır ki, yeni formalaşacaq komandada həmin şəxslər "arzuolunmaz” hesab edilirlər. Ona görə də onların vəzifələrində qalması böyük vaxt itkisi kimi qəbul olunur.

Bəzi ekspertlərə görə, baş nazir Artur Rasizadə yaşına və səhhətinə görə vəzifəsindən gedə bilər. "Amma Artur Rasizadə vəzifəsindən getsə belə, onu cavan bir Artur Rasizadə əvəzləyəcək. Məsələn bu, Mikayıl Cabbarov ola bilər” deyə düşünənlər də var. Məlumdur ki, Mikayıl Cabbarov hazırda vergilər naziridir. Maraqlıdır ki, yeni formalaşacaq hökumətdə digər daha müasir, gənc, çevik, savadlı, demokratik düşüncli şəxslər təmsil olunacaqlarmı?

Analitiklər yeni formalaşacaq hökumətdə birmənalı şəkildə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya yaxın kadrların təmsil olunacağını söyləyirlər. Əslində, həmin komandada olanlar daha gənc, çevik, Qərbdə təhsil alan gənclərdir ki, bu da bir növ ölkəmizin Qərbə inteqrasiyası üçün mühüm əhəmiyyət kəsb edir.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin məqaləsinə münasibətini ifadə edən REAL Partiyasının icra katibi Natiq Cəfərli "Hürriyyət”ə dedi ki, məqalənin təbliğat və tərif hissəsini çıxsaq, həm iqtisadi, həm siyasi, həm də idarəetmə ilə bağlı əsas tezisləri əslində, çox maraqlı və yadda qalandır: "Ciddi analiz olunmağa və müzakirələr aparmağa imkan yaradır. Sizin qeyd etdyiniz hissə ilə bağlı versiya bundan ibarət olur ki, kadr islahatları olacaq. Yəni növbəti prezident seçimi bitdi. Çox güman ki, yaxın zamanlarda Ali Məhkəmə də nəticələri təsdiq edəcək. Bundan sonra, qanunvericiliyin tələbinə uyğun olaraq Nazirlər Kabineti istefaya getməlidir. Yəni baş nazir və nazirlərin hamısı istefaya göndərilir və yeni baş nazir və nazirlər təyin olunur. Amma yeni insanların olub-olmayacağını demək çətindir. Çox güman ki, bu, gələcək kadr islahatlarının siqnalıdır. Amma bu kadr islahatları hansı formada aparılacaq, demək çətindir. O məqalədə paralel strukturlar haqqında maraqlı fikir var, "ölkədə parallel strukturlar yaradılır, çox zaman bu effekt vermir”. Bu fikir Prezident Aparatındakı strukturlaramı aiddir, yəni yeni vitse-prezidentlik institutlarının yaradılmasınamı işarədir, yoxsa "Asan Xidmət”ə verilən strukturların səlahiyyətlərinin köhnə strukturlarda da qalmasınamı işarə olunur, bunu da demək çətindir. Amma ən azından paralel strukturların olmasının effektliliyi aşağı salması fikrinin səsləndirilməsi də maraqlıdır.

Əlbəttə, məqalənin konkret kimlərə ünvanlandığını demək çətindir. Çox təəssüf ki, hakimiyyətin içərisində gedən prosesləri bölüşmürlər, başqa ölkələrdə olduğu kimi açıq müzakirələr getmir. Ancaq qapalı qapılar arxasında, çox dar çəriçivədə və həddindən artıq çətin dildə bir-birinə ötürülən mesajlarla bu proses yadda qalır. Seçkilərdən dərhal sonra çox böyük bir məqalənin dərc olunması hansısa dəyişikliklərin olacağı, komanda daxilində birliyin təmin olunması üçün ilkin siqnaldır. Çünki çox ciddi söhbətlər gəzir ki, elita heç də monolit deyil, daxilində müxtəlif qruplar, maraqlar mövcuddur. Sanki bunun qarşısını almaq üçün müəyyən addımların olacağına çağırışdır. Yaxın həftələlərdə bunun ilkin işarələrini görəcəyik”.

"Sizcə yeni formalaşacaq hökumətdə Qərbmeylli qüvvələr, yoxsa ruspərəst qüvvələr üstünlük təşkil edəcək” sualına N. Cəfərli belə cavab verdi: "Əslində, Nazirlə Kabinetinin yeni tərkibi təsdiqlənəndə və yaxud prezident tərəfindən parlamentə göndəriləndə bu barədə daha açıq danışmaq mümkün olacaq. Cəmiyyətdə belə bir fikir formalaşıb ki, elitanın içində köhnə və yeni komanda var. Əslində, bu, köhnə və yeni komandanın arasında gedən çəkişmələrin və yaxud da "bilək güləşi”nin ümumi sistemə ziyan vurduğunun mesajıdır. Sanki bir çağırışdır ki, bu "bilək güləşi” dayandırılsın. Amma burada hansı qüvvələrin önə çıxacağı prezidentin təyinatlarından asılı olacaq. Nazirlərin, baş nazirin təyinatı çox şeyi deyəcək. Əgər heç nə dəyişməyəcəksə, baz nazir, onun 5 müavini və bir çox "açar” nazirlər yerində qalacaqsa, deməli, köhnə komanda öz mövqeyini qorumuş olacaq. Bu da onu deməyə əsas verəcək ki, bu günə qədər aparılan daxili və xarici siyasətin davamını görəcəyik. Yox, əgər kadrlar səviyyəsində ciddi dəyişikliklər olacaqsa, bu, hər hansı yeni mərhələnin başlanğıcının işarəsi ola bilər. Ona görə də mən düşünürəm ki, yaxın həftələrdə prezidentin təyinatlarından sonra bununla bağlı ipucları olacaq”.

N.Cəfərli hesab edir ki, yaş prinsipi ilə əlaqədar olaraq baş nazir və onun müavinləri dəyişməlidir: "Baş nazir və onun müavinləri artıq neçə vaxtdır dəyişdirilmir. Məntiqlə yeni baş nazir və onun müavinlərinin təyinatı olmalıdır. Ola bilər ki, nazirliklərin sayında da azalmalar müşahidə olunsun. Həmin məqalədə idarəetmənin təkmilləşdirilməsi və təmərküzləşdirilməsi ilə bağlı müəyyən işarələr də var idi. O baxımdan, yeni nazirliklərin yaradılmasının, həm də birləşdirilməsinin şahidi ola bilərik. Gözləntilərdən biri odur ki, Gömrük Komitəsi ləğv olunacaq və Vergilər Nazirliyinə birləşdiriləcək və Vergilər Nazirliyinin daxilində bir departament kimi fəaliyyətə başlayacaq. Bu, olsa, doğru addım olar. İslahat deməzdim, belə bir dəyişikliklərin olacağı gözlənilir. Çünki islahat insanlarda pozitiv gözlənti yaradır. Dəyişikliklərin islahat olması üçün o pozitiv gözləntiləri doğrultmaq lazımdır. Yəni doğrudan atılan addımlar təkmilləşdirilməyə, idarəetmənin effektliliyinin artırılmasına xidmət etməlidir. Çox böyük ehtimal, bu dəyişikliklər olacaqsa, yəni baş nazir və onun müavinləri, Gömrük Komitəsi və digər strukturlarla bağlı dəyişikliklər olacaqsa, bu zaman artıq yeni mərhələnin başlanması ilə bağlı ehtimalları söyləmək mümkün olacaq”.

N. Cəfərli onu da nəzərə çatdırdı ki, baş nazirin funksiyaları və səlahiyyətləri xeyli azaldılıb:"İndiki çox sərt prezident üsul-idarəsində baş nazirin demək olar ki, səlahiyyətləri xeyli dərəcədə məhdudlaşdırılıb. İndi çox maraqlı bir stiuasiya yaranıb, ya baş nazirin və Nazirlər Kabinetinin funksiyası tamamilə minimuma endirilib, formal bir quruma çevrilməlidir, bunu əvəzini yeni yaradılacaq vitse-prezidentlik institutu tutmalıdır... Konstitusiya dəyişikliklərinə görə prezidentin səlahiyyəti var ki, istənilən sayda vitse-prezident təyin etsin. Hələlik Birinci vitse-prezident təyin olunub. Əgər vitse-prezidentlər təyin olunacaqsa, bunlar sahələr üzrə kurasiya sisteminə keçəcəksə, Nazirlər Kabinetinin ümumiyyətlə əhəmiyyəti qalmayacaq və Nazirlər Kabineti formal bir quruma çevriləcək. Sonrakı mərhələdə növbəti Konstitusiya dəyişikliklərində Nazirlər Kabineti ləğv oluna da bilər. Açığı, indiki sistemdə, yəni vitse-prezidentlər institutu sərt bir idarəetməni özündə ehtiva edirsə və buna gediləcəksə, Nazirlər Kabineti lazımsız bir stuktur kimi görsənir. Ona görə də kimin baş nazir olmasından daha çox, hansı səlahiyyətlərlə baş nazir olacağı daha maraqlıdır. Əgər bütün iqtisadi, sosial blok Nazirlər Kabinetinin kurasiyasına keçəcəksə və daha güclü, çevik, gənc, müasir baş nazirin olması və müavinlərin təyin olunması daha məqbul olacaq. Yox, əgər Nazirlər Kabineti formal bir qurum kimi fəaliyyət göstərib, əvəzində vitse-prezidentlik instutları formalaşdırılb və iqtisadi, sosial məsələlər vitse-prezidentlik instituna keçəcəksə, o zaman baş nazirin kimin olmasının heç bir əhəmiyyəti qalmır. Ola bilər ki, Artur Rasizdə də yerindəcə qalsın”.

N.Cəfərlinin fikrincə, Nazirlər Kabineti işlək, dinamik, çevik bir quruma çevriləcəksə, indiki nazirlərdən birinin, o cümlədən Mikayıl Cabbarovun da baş nazir olması ehtimalı var: "Bu, verilmiş qərardan asılı olacaq. Amma əgər Nazirlər Kabinetini formal struktura çevrimək düşüncəsi varsa, əvəzində bir neçə vitse-prezident təyin edib, idarəetməni daha sərt redikala otuzdurmaq fikri varsa, o zaman Nazirlər Kabinetində baş nazirin kimin olmasının heç bir əhəmiyyəti qalmayacaq. Çünki onun heç bir səlahiyyəti olamayacaq, proseslərə müdaxilə etmək imkanları məhdudlaşdırılacaq. Mən o anlamda deyirəm ki, verilmiş qərarlara uyğun kadr siyasəti olacaq. Nazirlə Kabineti tam idarəetmədən kənarlaşdırılacaqsa, ola bilər ki, Artur Rasizadə də sona qədər qalsın. Yox əgər onu bir dinamik quruma çevirməyi düşünəcəklərsə və əlavə vitse-prezidentlər institutu yaradılmayacaqsa, o zaman baş nazirin və müavinlərinin yeni insanların olması ehtimalı çox yükəskdir”.

"Yeni formalaşcaq hökumətdə birmənalı şəkildə Birinci vitse-prezidentə yaxın insanların təmsil olunacağını qeyd edirlər. Bu, ehtimal nə dərəcədə doğru ola bilər” sualını isə N. Cəfərli belə cavablandırdı: "Son illərdə belə bir tendensiya var və çox şərti olaraq idarəetmənin daxilində yeni və köhnə komanda bu kontekstdə cəmiyyətdə müzakirə olunur. Yeni komanda məhz Birinci vitse-prezidentin komandası kimi təqdim olunur. Son zamanlar onların kadrlarının müxtəlif vəzifələrə gəlməsi görünür. Ola bilər ki, yeni formalaşmış komanda da həmin insanların üstünlüyü olsun. Əslində, o komandanın içində doğurdan da gənc, savadlı insanlar var, amma onlar qərarverici deyillər. Onlar qərarverici olarkən hansı qərarı verəcəklər və idarəetmədə hansı dəyişikliklər olacaq, bu da sual altındadır. Bu, heç də o demək deyil ki, avtomatik olaraq hər şey daha yaxşı olacaq. Amma ən azından bu komandanın tərkibində daha gənc, dinamik və dünyanı başa düşən, xaricdə təhsil alan insanlar var. Onların üstünlük qazanması və vəzifələrə təyin olunmasından sonra ola bilər ki, idarəetmənin fəlsəfəsində və yanaşmasında müəyyən dəyişiklilər baş versin. Amma bu ehtimaldır, bunu əminliklə söyləmək mümkün deyi”.

Şamo EMİN, Hurriyyet.org



Oxşar Xəbərlər

Xəbər lenti