8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Almaniyanın Federal Kansleri Angela Merkel BMT-nin 4 məlum Qətnaməsi, Xocalı soyqırımı, Ermənistanın 1 milyondan çox soydaşlarımızı öz doğma yurdlarından didərgin salması haqqında mətbuat konfransındakı suallara birbaşa cavablardan yayındı.
Angela Merkel Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağı və digər rayonlarımızı Ermənistanın işğal etməsi haqqında bircə kəlmə də demədi.
Angela Merkel Ermənistanın 1 milyon qaçqını öz doğma yurdlarından didərgin etməsi haqqında bircə kəlmə də demədi.
Angela Merkel Xocalı soyqırımı haqqındakı suala cavab vermədi.
Angela Merkel Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması haqqındakı 4 BMT Qətnaməsinin 20 ildən artıq bir müddətdə yerinə yetirilməməsi haqqındakı suala da bircə kəlmə ilə cavab vermədi.
Azərbaycanın taleyüklü problemləri haqqındakı sualların hamısından yayınan Angela Merkel dedi ki, Almaniya Minsk Qrupunun üzvü kimi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasına çalışacaq.
Azərbaycanın taleyüklü problemlərinin heç birini dilinə gətirməyən, Ermənistanın maraqlarına toxunan və Azərbaycanın haqqını müdafiə edən sualların heç birinə cavab verməyən Angela Merkelin Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə töhfə vermək istəyi də Azərbaycana müsbət mənada bir şey vəd etmir.
Angela Merkeli daha çox düşündürən dünyanın ən böyük qaz ehtiyatları olan, dünyanın ən böyük yeraltı və yerüstü sərvətləri olan Rusiyadır. Angela Merkel həm də yaxşı bilir ki, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həllinin açarı Rusiyadadır. Merkel böyük siyasətçidir, açıq danışmaqla Rusiya ilə, Putinlə münasibətlərini korlamaqdan çəkinir.
Yuxarıda deyilənləri nəzərə alsaq belə bir sual meydana çıxır. Angela Merkelin Azərbaycana gəlməsi tarixi bir hadisə hesab oluna bilərmi?
Almaniya Avropanın ən qüdrətli dövləti olduğuna görə, onun Federal Kanslerinin də Azərbaycana birinci səfəri həqiqətən də tarixi hadisədir. Merkelin Gürcüstana və Ermənistana gəlməsi də həm Gürcüstan, həm də Ermənistan üçün tarixi hadisədir. Azərbaycandan fərqli olaraq, Merkel Ermənistanda soyqırım hadisələrinin heç zaman unudulmayacağını, Gürcüstanın isə ərazi bütövlüyünü dəstəklədiyini bildirdi.
Angela Merkel istəsə də, istəməsə də Azərbaycan Cənubi Qafqazda Almaniyanın ən böyük iqdisadi tərəfdaşıdır. Angela Merkel bunu xüsusi olaraq qeyd etdi. Zənnimcə Azərbaycan Almaniyanın təkcə Qafqaz regionunda yox, həm də dünyadakı böyük iqtisadi tərəfdaşlarından biri olmalıdı. Almaniya Azərbaycanda yanacağı qənaətlə işlədən və faydalı iş əmsalı 54-68% olan buxar-qaz elektrik stansiyalarının yaradılmasına investisiyalar qoya bilər. Buna görə Azərbaycanın Avropaya ixrac etdiyi qazın böyük hissəsinin Almaniyaya verməsi məqsədə uyğun olar. Almaniya Azərbaycanda yüksək texnologiyaların yaradılmasına, yüksək texnologiyalar əsasında zavod və fabriklərin tikilməsinə investisiyalar qoya bilər. Almaniya Azərbaycanda avtomobil zavodlarının, maşınqayırma sənayesinin yaradılmasına, mini və böyük kənd təsərrüfatı maşınlarının yaradılmasına investisiyalar qoya bilər.
Dövlətimiz çalışmalıdır ki, Almaniya- Azərbaycan iqtisadi əlaqələri indikindən 10 dəfələrlə yüksək səviyyələrə qaldırılsın. Azərbaycanın nefti və qazı, Azərbaycanın Mərkəzi Asiya ilə Almaniya arasında əsas tranzit ölkə olması bu əlaqələri 10 dəfələrlə gücləndirməyə imkan verir.
Məqsədimiz isə belə olmalıdır: Böyük Almaniya ola bilməsək də, "Norveç” olmalıyıq. Örnək Norveçdi. Neft ölkəsi olan Norveç dünyada insan inkişafı indeksinə görə Almaniyadan da yuxarıda birinci yerdədir.
Prof.Dr. Qüdrət İsaqov