Səfalı yaylaqlardan Pirallahı adasına... - II HİSSƏ

Səfalı yaylaqlardan Pirallahı adasına... - II HİSSƏ

 

İstər miladdan əvvəl, istərsə də son iki min ildə bəşər tarixini ələk-vələk etsən də bizim millətə tay tapmaq müşkül məsələdir. On minlərlə insan həlak olub, dədə-baba torpaqlarının yarısı gedib, külli-aləmdə arsızlığımızla (bizim alimnümalar buna tolerantlıq deyirlər) ad çıxarmışıq. Başımız yeyib-içməkdən, boş-boşuna söz güləşdirməkdən, haramzadalıqdan ayılmır ki, ayılmır. Əyyami qədimdən onu da bilirik ki, qövmin, dövlətin işi çətinə düşəndə silaha sarılıb ayağa duranlar şəcərəli zadəganlar, qeyrətli kübarlar, ağızlarından od püskürən savadlı din xadimləri olublar. Rəiyyət də onlara baxıb qeyrətə gəlib... Rəiyyət görəndə ki, sərvət-saman sahibi olan-qalanını haqq işi uğrunda mübarizəyə sərf edib, vətən, din-iman naminə ölümə gedirsə, o da xariqələr yaradıb, tərəddüd etmədən hər əzaba qatlaşıb.

(Əvvəli bu linkdə: https://hurriyyet.org/xeber/sefali_yaylaqlardan_pirallahi_adasina)

Min il ərzində Roma imperiyasını qələbədən qələbəyə aparan, onun təhlükəsizliyini təmin edən ordusunun gücü üç amildən asılı idi, zəhmət, şücaət və bir də silah.

Bütün tarixi məxəzlərdə bu düstur latın dilində belə verilib: "Opus, virtus, arma”. Bizim iqtidarın gülməşəkər "savadlı” ideoloqları buradakı dərin mənanı aça bilərlər.

İndi isə gəlin bizim üsuli-idarəni, dudmanı süquta aparan əsas amillərdən danışaq: Siz sayın mən də barmaqlarımı qatlayım. Rüşvətxorluq, tayfabazlıq, korrupsiya, cəzasızlıq sindromu, pulgir məddahlar, min dəfə maskasını dətyişə bilən "ideoloqlar” və i.a. Amma, bütün bunlardan da ən dəhşətlisi ümumi biganəlik, laqeydlikdir. Vay o gündən ki, xalq əlini yelləyib desin, bu iqtidardan nəcib əməl gözləmək, ona arxayın olmaq bihudə zəhmətdir.

Dəfələrlə yazmışam, millətimin düşməni hər kəlmə başı "Ulu öndər!”, "Ulu öndər!” deyə-deyə zinakarlıq törədənlərdir.

... O gün yoxdur ki, yaşadığım Yeni Əhmədlidə min bəhanə ilə ağac kəsilməsin, həyətlərdə bütün yaşıllıqlar qəsdən qurudulur, elə bil millətin qəsdinə durublar. Çox istərdim ki, Milli Məclisdə oturmuş tüfeylilər buralara gəlib camaatın ağzından çıxan söyüşləri, lənətləri eşitsinlər.

... O gün yoxdur ki, sosial şəbəkədən, qəzetlərdən belə məlumatlar almayaq, filan komitə sədri, ya nazir xaricdə şirkət açıb, milyonları həzm-rabedən keçirib ölkəninin daxilində min fırıldağa imza atıb. Nə şikayətə baxan var, nə ərizələrə cavab verən.

... Telekanallarda isə vurçatlasındır. Milləti kövşəyən heyvan yerinə qoyanlar başa düşmürlər ki, vəzifəli quldurlar tezliklə sosial sunaminin qalxmasına bais olacaqlar.

...Dükanlarda, maqazinlərdə, azğınlaşmış nuvorişlərin obyektlərində səkkiz saatlıq iş günü daha yada düşmür. Hüququndan danışmağa heç kim cürət eləmir, ağzını açanı fövrən çölə atırlar. Bu idi müstəqillik? Vaxtilə orta məktəbdə oxuyanda ABŞ –ın vəziyyəti, oradakı istismar barədə müəllimlərimiz o ki var düzüb qoşirdular. 70 il bundan əqdəm tarix müəllimindən eşitdiyim bu sözləri indi də unutmamışam, ABŞ-da acından ölməmək üçün adi qoğalı oğurlayan beş il həbs cəzası alır. Böyük dəmir yol qovşağını ələ keçirən isə hörmət sahibi olur. Məgər bizdə belə deyil?

Hünərin var iqtidarın bir azğınının xoşuna gəlməyən söz de. Başına bir oyun açarlar ki, adın yadından çıxar. Amma milyonları içəri ötür, Fransada villa inşa elə, Londonda ən bahalı yerdə mülk al, vaxtında məlum fonda vəsait ötürsən, sənə ordendən zaddan verib lap yuxarı başa da keçirəcəklər, fəxri ad da öz yerində... Bir azdan haramzadalığın da unudulacaq.

Ermənilər Bakıya gəlməkdən niyə də imtina etməsinlər?

Bəli, onlar UNESKO-nun Bakıda keçirilən tədbirində iştirak etmədilər. Bizim siyasətbazlar üçün boş-boş danışmaq imkanı yarandı. Təyin olunmuş deputat Fərəc Quliyevin qəzet səhifəsində getmiş bir neçə "pürməna” sözü diqqətimi çəkməsəydi yəqin ki, susacaqdım. Bu subyekt çox yaxşı bilir hansı dalğanın üzərində, kimin "dabrosu” ilə gəlib Millli Məclisdə oturub. Beləsinə baş qoşmağı özümə yaraşdırmazdım. Amma, indi yeri gəlib, dillənməsəm olmayacaq.

Bu həşəmətli siyasət pəhləvanı ərz edir ki, əgər o, İrəvanda filan tədbirdə iştirak etməsəydi, Serj Sarkisyana "Sən işğalçısan!” sözünü deyə bilməyəcəkdi. Pah atonnan, böyük iş olub. Fərəc ağa gərək erməninin bu sözdən sonra xəcalətdən necə qəşş etdiyini də deyəydi. Doğrusunun desəm, mənim Fərəc ağanın bu misli-manəndi olmayan şücaətindən xəbərim olmayıb. Amma, indi sussam heç vaxt özümü bağışlaya bilməyəcəyəm.

Bəli, erməni bədnam, nankor qonşudur, bunu bilirik. Bəs Fərəc ağa izah edə bilərmi ki, hansı bunamusların əməlləri ucbatından Şuşa da, Ağdam da boş qaldı? Ermənilər boş qalmış bu iki şəhərə girəndə gözlərinə inanmamışdılar. Kəlbəcərin qız-gəlini, qocası, uşağı pərən-pərən düşəndə onun hansı "partaygennose” si saymazyana-saymzayana demişdi: "İndiyə qədər dağ zonasında yaşayanlar, qoy indi aranda yaşasınlar”.

Televizorda qaçqınların Pirallahı adasında məskunlaşmasından elə sevinclə danışırdılar ki, elə bil qoşun-ləşkərimiz elə bu dəqiqələrdə İrəvana girib. Vallah, billah bunu eşitməkdənsə ölüm yaxşıdır. Dəhşətə baxın, məmləkətin ən axarlı-baxarlı cənnət guşələri, meşələri, şəlalələri erməniyə verilib, min dəfə aldanmış, dədə-baba ocağı əlindən çıxmış bədbaxt azərbaycanlını adicə böyürtikan kolunun da bitmədiyi adaya atıb ondan minnətdarlıq ifadə edən sözləri də eşitmək istəyirlər. Qəhr olasan belə dövlət!

Fərəc Quliyev, bütün bunlar şəxsən sizin mənsub olduğunuz mənfur güruhun əməllərinin nəticəsidir. Yenə də neçə illər bundan əvvəl yazdıqlarıma qayıdıram. Yanvar qətliamından sonra əməlli-başlı təhqiqat aparılıb keşiş Qaponlar edam olunsaydılar, biz bu qədər bəlalarla üzləşməzdik.

Onda DTK sədri general Krasilnikova tövbə məktubu yazanlar xalqın balalarını güllə qabağına çıxardıb camaatın inamını qırdılar, indi də pulgir, mənən pozğun yaltaq sürüsü iqtidarın bütün savab işlərini urvatdan salır. Heç kim cürət edib respublikada gedən böyük quruculuq işlərini, mədəniyyət sahəsindəki uğurları, əlillərə, müharibə iştirakçılarına göstərilən qayğını inkar edə bilməz. Amma, indiki iqtidar ağzı ilə quş tutsa da xalq onun tüfeyli, bivec ideoloqlarına nəinki inanmır, hətta deyərəm ki, nifrətlə baxır.

Erməni qondarma "beynəlxalq” təşkilatların nə təqdirini, nə tənqidini saya almır, çünki istədiyini alıb, həm də yaxşı bilir ki səlib dünyası onu ayağa verməyəcək. Dərd bizim dərdimizdir, onu eşidirsən ki, qadınlı, kişili bir dəstə düşüb Avropada qapılara

Özləri üçün gəzirlər, yeyirlər, içirlər, bazarlıq edib geri qayıdanda başalyırlar basıb-kəsməyə, filan məclisdə erməniləri ifşa etdik, qonaqlara paxlava, şəkərbura payladıq, Qənirə xanım atəşin nitq irad edəndə tədbir iştirakçılarının neçəsinin halı xarab oldu və s.

...Ermənistanda rus dilində danışanın dilini peysərindən çıxarırlar. İyulun 6-da Moskvanın "Zvezda” telekanalında birinci dünya müharibəsi barədə sənədli xronika göstərilirdi. Antitürk, antiislam ritorika da yerində. Ruslar onları adam yerinə qoymayan ermənilərin qarşısında elə payəndaz olmuşdular ki, gəl görəsən. Bu birinci dəfə deyil, illər boyu belə olub, belə də olacaq.

Bəşər tarixində hələ görünməyib ki, kimsə özünü alçaldan, həmişə kimlərsə minnətdarlığını izhar edən xalqa hörmət eləsin. Biz bu gündəyik....

...Pirallahı son nöqtədir! Ölkənin ən gözəl yerləri erməni əlində, qalan az-maz yaralı yerləri də vəzifəli yırtıcılar zəbt edib. Küncə sıxışdırılmış yerli Bakı camaatını, şükranlıqla dolanmağa adətkarda olmuş dilsiz-ağızsı rəiyyəti Altay yamaclarına kğçürmək vaxtı çatmayıbmı? Burada çətin bir şey yoxdur, sonra alovlu vətənpərvərlər Mübariz Əhmədoğlunu, Elman Nəsirovu çıxardarıq telekanala, onlar da "Şuşaya yol Altaydan başlayır” mövzusunda moizələr deyib, iqtidaqrın şəninə "zəfərnamə”lər bağlayarlar.



Oxşar Xəbərlər

Xəbər lenti