Gülçöhrə Məmmədova sayağı islahat

Gülçöhrə Məmmədova sayağı islahat

 


Memarlıq və İnşaat Universitetində qocalara yer yoxdur

 

Prezident İlham Əliyevin insan kapitalına sərmayə qoyuluşunu dövlət siyasətinin əsas məqsədlərindən biri elan etməsinə baxmayaraq, bu sahədə vəziyət ürəkaçan deyil. Məlum olduğu kimi insan kapitalı dedikdə savadlı və sağlam insan nəzərdə tutulur. Azərbaycan səhiyyəsinin bərbad vəziyyəti hazırda sağlam vətəndaş haqqında danışmağa  imkan vermir. Ölkə səhiyyəsinin bərbad vəziyyətinin əsas səbəb isə  savadlı mütəxəssislərin məhdudluğudur. Ölkə səhiyyəsini mütəxəssislərlə təmin etməli olan Azərbaycan Tibb Universitetində tədrisin və təhsilinin vəziyyətinin necə acınacaqlı olması haqqında növbəti saylarımızın birində  aydınlıq gətirməyə çalışacağıq. Hələlik isə Memarlıq və İnşaat Universitetində yaranmış vəziyyətdən bəhs etmək istərdik.

Öncə onu qeyd edək ki, cəmi bir neçə aydan sonra Gülçöhrə Məmmədovanın Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru təyin olunmasının 20 ili tamam olacaq. Əgər 1932-34-cü illərdə fəaliyyət göstərmiş İnşaat İnstitutunun iki illik qısa mövcudluq dövrün nəzərə almasaq Memarlıq və İnşaat Universitetinin əsasını 1975-ci ildən, Azərbaycan İnşaat Mühəndisləri İnstitutu yaradılmasından götürmək olar. Memarlıq və İnşaat Universitetinin 43 illik tarixinin təxminən son 20 ili isə Gülçöhrə Məmmədovanın rektorluq dövrünə aiddir. Deməli Memarlıq və İnşaat Universitetinin uğurlarına və nöqsanlarına görə  də əsas cavabdeh şəxs 1999-cu ildən Universitetin rektoru olan Gülçöhrə Məmmədovadır. Azərbaycan Memarlıq və İnşaat Universitetinin sələfi olan Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun ilk məzunlarından olan Gülçöhrə Məmmədova əmək fəaliyyətinə sovet dövrünün idarəçilik orqanlarından biri olan "komsomol”da komitə katibi olaraq başlamış, 1979-cu ilə qədər həmin vəzifədə işləmişdir. 1979-cu ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun memarlıq konstitusiyaları və abidələrin bərpası kafedrasında assistent, 1987-ci ildən həmin kafedranın baş müəllimi, 1991-ci ildə dosenti olmuşdur. Gülçöhrə Məmmədova professor elmi rütbəsinə rektor təyin edildikdən bir il sonra  2000-ci ildə layiq görülüb.

Memarlıq və İnşaat Universitetinin müstəqil ali məktəb kimi ardıcıl fəaliyyət göstərdiyi 43 illik  tarixin təxminən 20 ili Gülçöhrə Məmmədovanın rəhbərliyi altında keçib. Bu 20 il ərzində Memarlıq və İnşaat Universitetinin reytinqi artmayıb. Bu istər ali məktəblərin reytinqlərini müəyyən etmək sahəsində tanınmış quruluşların hər il müəyyən etdiyi reytinq cədvəlindən görünür,  həm də ölkə daxilində reytinqini itirməsində öz əksini tapır. İndi Memarlıq və İnşaat Universitetinin tələbəsi olmaq istəyində olan çox az sayda, bəlkə də barmaqla sayılacaq qədər yeniyetməyə rast gəlmək olar. Memarlıq və İnşaat Universitetini bir qayda olaraq qəbul imtahanlarında az bal toplamış abiturientlər seçirlər. Bu seçimin özü də alternativin olmaması  səbəbindən baş verir. Ancaq məsələ bunda da deyil. Məsələ ondan ibarətdir ki, Memarlıq və İnşaat Universiteti bir məktəb kimi öz  mövqeyini sürətlə itirməkdədir. Məlumata görə,  Gülçöhrə Məmmədova rektor təyin edildikdən sonra bir neçə uğursuz "islahat”la diqqətləri çəkib. Onun son islahatlarından biri 75 yaşından yuxarı  olan müəllimləri yarımştata keçirməsi ilə bağlıdır. Bu zaman isə  həmin yarımştata keçirilən müəllimləri əvəz edəcək kadrların olub-olmadığı nəzərə alınmayıb. Məlumata görə, bunun nəticəsində bəzi fənləri ixtisasca başqa fənlərin müəllimləri  tədris etməyə başlayıblar. Bu isə heç şübhəsiz ki, təhsilin səviyyəsini aşağı salıb. Qeyd edək ki, Qərbin aparıcı ali məktəblərində professorlar bəzən ömürlük seçilir və onlar yaşlarından asılı olmayaq ixtisaslarını tədris etməkdə davam edirlər. Bu gün Qərbin ən nüfuzlu ali məktəblərində 80-90 yaşında çoxsaylı professorlar fəaliyyət göstərir və heç bir ali məktəbin rektorunun ağlına gəlmir ki, onları 75 yaşını keçdiklərinə görə yarımştata keçirsin. Belə islahatlar görünür ancaq Azərbaycanda mümkündür.

Memarlıq və İnşaat Universitetindən daxil  məlumatların biri isə tələbələrin dərsə davamiyyətinin gəlir mənbəyinə çevrilməsi ilə bağlıdır. Digər bir məlumata görə, əksər müəllimlər tələbələrə qeyri-kafi qiymət yazmağa sövq edilir ki, burda da gəlir mənbəyinə çevrilməsi haqqında iddialar da var. Hər iki məlumatla  bağlı daha geniş araşdırma aparmağa çalışırıq və Memarlıq və İnşaat Universitetində imtahanların yaxınlaşdığını nəzərə alıb, bu məsələni diqqətdə saxlamağa çalışacağıq. Eyni zamanda Memarlıq və İnşaat Universitetinin tələbələrini, onların yaxınlarının üzləşdikləri neqativ hallara bağlı məlumatları redaksiyamıza təqdim etməyə çağırırıq. Mövzunu isə gündəmdə saxlamağa çalışacağıq və Memarlıq və İnşaat Universitetinin rəhbərliyinin də mövqeyini dinləməyə hazırıq.

Azad Aydın,

"Yeni Sözçü” qəzeti




Oxşar Xəbərlər

Xəbər lenti