NAXÇIVANA DƏHLİZİ AÇILACAQ…

Zəngəzur dəhlizinin açılması milli hədəf olmaqla yanaşı, həm də milli qürur məsələsidir.

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki parlaq qələbəsi ordumuzun və ölkəmizin gücünü dünyaya göstərməklə bərabər həm bölgədəki, həm də uzaqdakı, lakin milli-mənəvi yöndən yaxın olan ölkələrlə iqtisadi, nəqliyyat əlaqələrinin yaranmasında yeni imkanlar açmışdır. Belə ki,10 noyabr 2020-ci ildə imzalanan Üçtərəfli Sazişə görə bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilməli, Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verməli, nəqliyyat əlaqəsi üzrə nəzarət isə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilməli idi.

Sazişin 9-cu bəndi uzun illərdən bəri gözlədiyimiz Zəngəzur dəhlizi məsələsinin gündəmə gəlməsini şərtləndirdi. Beynəlxal əhəmiyyətə malik olan Zəngəzur dəhliziXəzər dənizini Aralıq dənizinə birləşdirəcəkbeynəlxalq miqyasda Asiya və Avropa arasındakı çoxşaxəli iqtisadi əlaqələrin inkişafına təkan verəcək, İpək yolu üzərindəki ölkələr üçün təhlükəsiz, ucuz və sürətli daşınmanı təmin edəcək, qələbəyə qədər Azərbaycanın böyük hissəsilə quru yolları bağlı olan, başqa ölkə vasitəsilə gedib-gəldiyimiz,həm regional, həm də beynəlxalq tranzit layihələrdən kənarda qalan Naxçıvanı gələcəkdə Şimal-Cənub nəqliyyat dəhlizinə, eləcə də layihəsi planlaşdırılan Qars-İğdır-Naxçıvan dəmiryol xətlərinə inteqrasiya vasitəsilə beynəlxalq yüklərin Türkiyəyə, oradan da Avropaya daşınmasında əhəmiyyətli bölgəyə çevirəcək nəhəng bir körpüdür. Ermənistan rəhbərliyində ağıllı, ölkəsinin, xalqının maddi rifahını, gələcəyini düşünən adamlar olsaydı, düşünmədən bu körpüdən keçmək üçün sıra tutardılar…

Zəngəzur dəhlizinin həm ölkədaxili, həm də beynəlxalq əhəmiyyətini qabaqcadan görən, təhlil edərək ümumi məqsədə addım-addım yaxınlaşan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantılarda Ermənistanın təcavüzkar siyasətindən, ərazi bütövlüyümüzün bərpa olunacağından danışarkən Zəngəzurun xalqımız üçün çox önəmli yeri olduğunu, Azərbaycanın ayrılmaz parçası olan Naxçıvanla quru əlaqələrimizin kəsilməsinin uzun illər hər iki tərəf üçün ciddi problemlər yaratdığını dəfələrlə vurğulamışdır.

Düşünürük ki, 2009-cu il oktyabrın 3-də Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə Görüşünün Naxçıvanda keçirilməsi də təsadüf deyildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışında qonaqları salamlayaraq “Azərbaycana, Azərbaycanın qədim torpağı olan Naxçıvana xoş gəlmisiniz... Naxçıvan qədim Azərbaycan torpağıdır, qədim tarixə və mədəniyyətə malikdir. Naxçıvanın tarixi abidələri Azərbaycan xalqının böyük istedadının nümunələridir…”deməsi həm də Naxçıvana iddia edən ermənilərə tutarlı cavab idi. Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvanın türk dünyasında çox böyük xüsusi yerinin, böyük tarixinin, strateji əhəmiyyətinin, zəngin mədəniyyətinin, tarixi abidələrininbütün türk xalqlarının dəyəri və sərvəti olduğunu vurğulayaraq onu da qeyd etmişdir ki, “vaxtilə Azərbaycanın tarixi torpağı, əzəli torpağı Zəngəzur bölgəsinin Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi demək olar ki, böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Yəni türk dünyasının vahid bir ailə kimi, vahid bir qüvvə kimi fəaliyyəti onilliklər ərzində dayandırılmışdır. Ancaq biz bu gün qəbul edilmiş qərarlarla, atılmış addımlarla bu bağlantını daha da gücləndiririk. Düzdür, coğrafi baxımdan bu gün bizim aramızda Azərbaycanın indi Ermənistanın tərkibində olan qədim diyarı - Zəngəzur bölgəsi yerləşir. Ancaq mənəvi baxımdan, siyasi baxımdan və iqtisadi layihələrin həyata keçirilməsi nəticəsində türk dünyasının birləşməsi və bir qüvvə kimi fəaliyyət göstərməsi bu gün reallıqdır, həqiqətdir”.

2019-cu il oktyabrın 15-də Türk Şurasının Bakıda keçirilən VII Zirvə Görüşündəki  çıxışında da qonaqları salamlayan Prezident İlham Əliyev Naxçıvan sammitinin nəticələrinə toxunarkən yenə də Zəngəzur məsələsini önə çəkərək deyir: “Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzur yerləşir. Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı… Türk Şurasının yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş Zirvə Görüşündə qəbul edilməsi türk dünyası üçün böyük rəmzi əhəmiyyətə malikdir”.

Bütün bunlar Vətən müharibəsinə qədər idi. Məhz bu çıxışların, bu fikirlərin nəticəsi idi ki, Üçtərəfli Sazişə 9-cu bəndində Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verməlidir” cümləsi yazılmışdır… Təsadüfi deyil ki, Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayında Zəngəzur dəhlizinin açılması məsələsinin Üçtərəfli Bəyanata salınmasını "tarixi nailiyyət" adlandırmışdır.

Üzdə görünən odur ki, Zəngəzur dəhlizindən dəmiryolu və avtomobil yolunun çəkilməsini Ermənistanda ərazi iddiası kimi qəbul edir, daha çox şimal tərəfdən - Qazax-İcevan və Yerevan istiqamətindən yol çəkilməsini istədikləriniönə sürürlər. Azərbaycan isə daha qısa olan Zəngəzur dəhlizinə üstünlük verir… Lakin məsələnin kökündə başqa qorxular da durur…

Ermənistanın MEA Şərqşünaslıq İnstitutunun direktoru Ruben Safrastyan 2021-ci il yanvar ayında Zəngəzur dəhlizi məsələsinə toxunaraq bir çoxlarının ehtiyat etdikləri məqamları belə ifadə etmişdir: “pantürkizm ideyasının həyata keçməsində nəhəng proqramın bir hissəsi olan bu layihə həyata keçərsə, mən çox təəccüblənərəm. Axı bu nöqteyi nəzərdən o tək Ermənistan üçün deyil, bölgənin digər ölkələri üçün, o cümlədən də İran üçün təhlükədir”... Təhlükədən başqa Naxçıvanın və, deməli, Azərbaycanın Naxçıvana görə asılılığının aradan qalxması da qonşu dövlətə sərf etmir...

Bütün bunlara baxmayaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zamankı kimi özünün və xalqının müstəqil mövqeyini açıq şəkildə ortaya qoyur: “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik… Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır” (2021-ci il aprelin 20-də Azərbaycan Televiziyasına müsahibəsindən)...

44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandan çoxlu sayda dost və qərəzli jurnalistləri qəbul edərək onların suallarını əsl tarixçi, siyasətçi, iqtisadçı, hərbçi və, nəhayət, Vətəninin böyük oğlu kimi cavablandırdı. Almaniyanın ARD televiziya kanalına müsahibəsi zamanı müxbirin "Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır” sualına İlham Əliyev sualla cavab verərək demişdir:

"- Elzas və Lotaringiya sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir... Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik”.

Bəli, Zəngəzur dəhlizinin açılması milli hədəf olmaqla yanaşı, həm də milli qürur məsələsidir. Biz uzun illərquru yolla əlaqələrimizə həsrət qalmış Naxçıvanımızı bizdən ayıranəzəli torpaqlarımız olan Zəngəzura qayıtmaqla tarixi  ədaləti bərpa edirik və biz 10 noyabr 2020-ildə imzalanan Üçtərəfli Sazişin 9-cu bəndini icra edirik.

BİZ ZƏNGƏZURA QAYIDIRIQ!.

Güllü Yoloğlu, 

tarix elmləri doktoru, DünyaTürkologiya Mərkəzinin rəhbəri



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}