SƏRKƏRDƏ VƏ ORDUSU


 

“Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik”. 

                                                                                       İlham Əliyev

 

Atalar yaxşı deyiblər:“Sərkərdə necədirsə, ordusu da elə olar!”

Azərbaycan xalqı mübariz xalqdır! Əzmlidir! Dözümlüdür! Qanlı Yanvar günlərində əli yalın ölümün üstünə getdiklərini də gördük, I Qarabağ müharibəsində ov tüfəngi ilə düşmən üstünə şığıdığını da...Lakin dədələrimiz yaxşı bilirdilər ki, sərkərdədən çox şey asılıdır:

 

Əzizim Ordubada,

Yol gedir Ordubada.

Sərkərdə qoçaq olsa,

Heç verməz ordu bada.

 

Doğrudan da 44 günlük Vətən müharibəsindəki parlaq qələbəmizdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin çoxşaxəli fəaliyyəti və rolu danılmazdır. 

Silahlı Qüvvələr Günü münasibətilə etdiyi çıxışında Müzəffər Ali Baş Komandanın vurğuladığı kimi, Azərbaycan xalqının çoxəsrlik tarixində heç vaxt bu cür qələbə olmamışdır. Əslində elə dünya tarixi də belə qələbə ilə öyünə bilməz. Çünki bu qələbəni əldə etmək üçün uzun illər idi ki, dövlət başçısı səviyyəsində ölkədə və beynəlxalq müstəvidə böyük hazırlıq işləri görülürdü. Ordu quruculuğu sahəsində aparılan böyük islahatlar, beynəlxalq müstəvidə qazanılan uğurlar, Dağlıq Qarabağla bağlı dünyaya çatdırılan həqiqətlər, BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası kimi aparıcı təşkilat və qurumların bizim maraqlarımıza cavab verən qərar və qətnamələri, beynəlxalq mövqelərimizi möhkəmləndirənəlaqələr və digər bu kimi məqamlar bizi qələbəyə addım-addım yaxınlaşdırdı. 

Qələbəni təmin edən amillərin başında ordu quruculuğu durur. Ordumuzun indiki durumunu ifadə etmək üçün Ali Baş Komandanın bircə cümləsi kifayətdir: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik”. 

Təbii ki, müasir dövrdə güclü ordu döyüşçü sayı ilə ölçülmür. Bu gün dünyada silah istehsalı və satışı sahəsində öndə gedən ölkələr var. Ordunu günümüzün tələblərinə uyğun silah-sursatla təchis etmək üçün maliyyə vəsaiti lazımdır. İqtisadi cəhətdən güclü olmaq həm də alıcılıq qabiliyyətinin yüksək olmasından xəbər verir. Bir çox silah istehsal edən şirkətlər üçün müharibə edən ölkələrə silah satmaq həm də o silahların real döyüşdə özünü necə aparmasını izləmək, yəni onları sınaqdan keçirmək, uğurlu olarsa, hərbi silah-sursat bazarında yeni müştərilər qazanmaq deməkdir...

Ümummilli lider Heydər Əliyev də hər zaman ölkəmizi iqtisadiyyatı güclü ölkə kimi görmək istəyir, bunun üçün müxtəlif layihələrin həyata keçirilməsi üçün əlindən gələni edirdi. Nəticədə Azərbaycan nəinki bölgədə güclü iqtisadiyyatı ilə seçilməyə, eyni zamanda yaxın, uzaq iqtisadi cəhətdən güclü, özünə yeni bazarlar axtaran ölkələr üçün də cazibədar görünməyə başladı. Açıq demək lazımdır ki, kasıb və qeyri-stabil ölkə heç bir inkişaf etmiş ölkə üçün maraqlı deyil...

 Güclü iqtisadiyyatdan əldə olunan gəlirlər düzgün istiqamətləndirilərsə, bu həm də güclü ordu, güclü kənd təsərrüfatı, güclü sənaye və, beləliklə, əsas tələbat mallarından olan ərzaq mallarının xaricdən ixracını azaldaraq ölkənin bu yöndən asılılığı azaldılarsa, məqsədə doğru yollar daha da qısala bilərdi. Bu da uzaqgörən, qətiyyətli, ölkəsinin, xalqının şərəfini, qürurunu, qeyrətini özününkü kimi qəbul edən Ali Baş Komandanın qətiyyətli addımlarının, məqsədyönlü siyasətinin nəticəsində mümkün oldu. 

Bu və digər bu kimi addımların sayəsində müharibənin ilk saatlarından Türkiyə başda olmaqla Pakistan və Əfqanıstan, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Şurası və digər ölkələr Azərbaycana öz dəstəklərini bildirdilər.

Ermənistanda keçirilən seçkilərin nəticəsində məğlub sərkərdənin qalib gəlməsi də onu göstərdi ki, erməni xalqı, onlara maddi yardım göstərən, ideoloji yöndən istiqamətləndirən lobbidəkilər də Azərbaycanın həm hərbi, həm iqtisadi, həm beynəlxalq əlaqələr baxımından gücünü görür, bütün revanşist addımların uçuruma aparacağını dərk edir, Azərbaycanın öndərliyi ilə bölgədə aparılan yenidənqurma işlərindən, iqtisadi layihələrdən, yeni reallıqdan və yeni əlaqələrdən yararlanmaq   istəyir...

Azərbaycan bugün hər zamankından daha güclü, daha qüdrətlidir. Bu gücün, bu qüdrətin bünövrəsində xalq-iqtidar birliyi durur. Hələ uzun illər tarix bu birliyin sarsılmazlığına, qırılmazlığına şahidlik edəcək.

 

Güllü Yoloğlu

türkoloq, tarix elmləri doktoru



Oxşar Xəbərlər

Xəbər lenti