Niyazi Bayramovun yanlış kadr siyasəti narazılıq yaradıb

Niyazi Bayramovun yanlış  kadr siyasəti narazılıq yaradıb

Ölkənin ikinci böyük şəhərində səhiyyə kimə həvalə olunub?

 

Ötən ilin avqustun 28-də prezident İlham Əliyev Elmar Vəiyevi Gəncə şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad etdi və həmin tarixə kimi Mingəçevir şəhər İcra Hakimiyyətinə başçılıq edən Niyazi Bayramovu ölkənin ikinci böyük şəhərinə rəhbər təyin etdi. Bu təyinatdan dərhal sonra Gəncədə yerli məmur təbəqəsində sürətli kadr dəyişiklikləri müşahidə edilməyə başladı. Məlum oldu ki, Niyazi Bayramov Elmar Vəliyevin kadrları ilə yollarını ayırmaqda qərarlıdır. Gəncə şəhərinin yeni icra başçısının kadr siyasətinə bəraət qazandırmaq mümkün olmadığı kimi, bu kadr dəyişikliklərinin hansı prinsiplər əsasında həyata keçirildiyi də qaranlıqdır. Məlum olduğu kimi kadr siyasətinin əsasını ilkin olaraq peşəkarların və yüksək təşkilatçılıq qabiliyyətinə malik insanların önə çəkilməsi təşkil etməlidir. Niyazi Bayramovun kadr siyasətinin analiz edəndə Gəncədə kadr təyinatlarının bu prinsiplər əsasında aparılmadığı tam aydın görünür.

İcra başçısının yanlış kadr siyasəti Gəncə şəhər Səhiyyə idarəsinin rəisi ilə bağlı təyinatda daha aydın görünür. Niyazi Bayramov Gəncə şəhər icra hakimiyyətinin başçısı təyin olunduqdan ayyarım sonra səhiyyə idarəsinin rəisini dəyişmək qərarı verərək, Bəxtiyar Haqverdiyevi Nazim Əhmədovla əvəz edir. Qeyd edək ki, Bəxtiyar Haqverdiyev Gəncə şəhər Səhiyyə idarəsinin rəisi vəzifəsinə ötən ilin iyunun birinci yarısında təyin olunub. Bu vəzifədə cəmi dörd ay çalışan Bəxtiyar Haqverdiyevin oktyabrın birinci yarısında vəzifədən hansı səbəblərə görə çıxarılması qaranlıq qaldığı kimi, həmin vaxta qədər Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli Xəstəxananın baş həkimi vəzifəsində çalışan Nazim Əhmədovun Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi təyin olunması anlaşılan deyil və ciddi suallar doğurur.

İcra başçısının Gəncə şəhər Səhiyyə İdarəsinin rəhbərliyində həyata keçirdiyi kadr dəyişikliyinin ciddi sullar doğurması səbəbsiz deyil. Məsələ ondan ibarətdir ki, Niyazi Bayramovun Gəncə şəhər Səhiyyə İdarsəinin rəisi təyin etdiyi Nazim Əhmədovun uzun müddət rəhbərlik etdiyi Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli Xəstəxanasının adı xəstə ölümləri ilə bağlı ən çox gündəmə gələn səhiyyə qurumlarından biri olub və bir neçə cinayət işində adı keçib. Məsələn, 2016-cı ilin iyun ayının 4-də xəbər agentlikləri Gəncə şəhər Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasında ölüm hadisəsinin baş verdiyi haqda məlumat yaymışdılar. Həmin məlumatda qeyd edilirdi ki, 3 aylıq hamilə olan şəhər sakini, 1982-ci il təvəllüdlü Aynur Oktay qızı Kərimova sancısı olduğu üçün xəstəxanaya müraciət edib. Onu ginekologiya şöbəsinə yerləşdiriblər. Şöbədə ona uşaqlıqdan kənar hamiləlik diaqnozu qoyulub və əməliyyat edilib. Ancaq bu əməliyyat 34 yaşlı qadının ölümünə səbəb olub. Bundan sonra hadisə ilə bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılmasına qərar verilib. Təəssüf ki, Gəncə şəhər prokurorluğunun bu ölüm faktı ilə bağlı hansı hüquqi nəticəyə gəlməsi haqda məlumat yoxdur. Gənc bir qadının ölümünün hansı səbəbdən və kimlərin günahı ucbatından baş verməsi ilə bağlı cəmiyyətə heç bir məlumat verilməyib. Ancaq belə qəanət yaranır ki, ciddi tədbir görülməyib. Əks halda bu haqda cəmiyyətə müəyyən məlumatlar verilərdi. Görünür məhz ciddi tədbir görülməməsinin nəticəsidir ki, Gəncə şəhər Abbas Səhhət adına 1 Saylı Xəstəxananın adı bu hadisədən cəmi yeddi ay sonra, 2017-ci ilin əvvəlində yenidən ana ölümü ilə bağlı gündəmə gəlib. Belə ki, yanvarın 6-da Tovuz rayon, İbrahimhacılı kənd sakini, 24 yaşlı Səkinə Məmmədova Gəncə şəhər Abbas Səhhət adına 1 Saylı Xəstəxananın Doğum Şöbəsində geysəriyyə əməliyyatı ilə dünyaya uşaq gətirib. Sonra isə halı qəflətən pisləşən Səkinə Məmmədova ölüb. 24 yaşında həyatını itirən qadının iki azyaşlı körpəsi anasız qalıb. Çox maraqlıdır ki, bu ölüm hadisəsi ilə bağlı da Gəncə şəhər prokurorluğunda araşdırılma aparılıb. Ancaq bu araşdırmanın da hansı hüquqi nəticəyə gəldiyi haqda cəmiyyətə heç bir məlumat verilməyib.

24 yaşlı Səkinə Məmmədovanın Gəncə şəhər Abbas Səhhət adına 1 Saylı Xəstəxanasında ölümündən cəmi iki həftə sonra bu xəstəxanada daha bir gənc qadın, Goranboy rayon sakini 1989-cu il təvəllüdlü Əhmədova Elşanə Elşən qızı həyatını ititib.

Bir ay içərisində iki ölüm hadisəsinin baş verdiyi bir xəstəxana ilə bağlı prokurorluğun mövqeyi çox şübhəlidir. Ancaq Səhiyyə Nazirliyinin mövqeyi də anlaşılan deyil. Bu olaylarla bağlı Gəncə şəhər prokurorluğunda aparılan araşdırmalarla bağlı məluamt almağa çalışacağıq. Eyni zamanda Səhiyyə Nazirliyinin də həmin hadisələrlə bağlı hansı tədbirlər görməsini aşkara çıxarmağa çalışacağıq. Bütün bunlarla yanaşı son üç ildə üç insan ölümü ilə cəmiyyətdə ölkənin səhiyyə sistemi haqqında mənfi rəyi gücləndirən Gəncə şəhər Abbas Səhhət adına 1 Saylı Xəstəxanasının baş həkimi, 1957-ci il təvəllüdlü Nazim Əhmədovun Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi təyin olunması ilə bağlı icra başçısı Niyazi Bayramovu bu addımı atmağa vadar etmiş məqamları da araşdırıb üzə çıxarmağa çalışacağıq.

Qeyd edək ki, icra başçısı Niyazi Bayramov Nazim Əhmədovu Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi təyin etməklə kifayətlənməyib. Belə ki Nazim Əhməfovun kiçik qardaşı, 1967-cı il təvəllüdlü Natiq Əhmədovu da "Azərsu” ASC  "Birləşmiş Su Kanal” MMC-nin  "Gəncə Su Kanal”  Törəmə Səhimdar Cəmiyyətinə direktor təyin edib. Çox maraqlıdır ki, "Gəncə Su Kanal” TSC-nin əvvəlki direktoru Ağahüseyn Məhəmmədov bu vəzifəyə 2017-ci ilin iyulunda təyin olunubmuş. 2018-ci ilin avqustunda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı təyin olunan Niyazi Bayramovun bir ilə ailənin iki üzvünü iki yüksək vəzifəyə təyin etməsi heç şübhəsiz ki, təsadüfi deyil. Xüsusilə də, onu nəzərə alanda ki,  bu şəxslərdən birinin, 62 yaşlı Nazim Əhmədovun baş həkim olduğu Gəncə şəhər Abbas Səhhət adına 1 Saylı Xəstəxanasında son iki ildə üç ölüm hadisəsi olub. İcra başçısının bu təyinatları şəhər sakinləri arasında ciddi narazılıq yaradıb. Elmar Vəliyevin Yunis Səfərov tərəfindən güllənməsindən sonra Gəncə şəhərində belə məsuliyyətsiz kadr təyinatları həyata keçirilməsini isə heç bir məntiqlə izah etmək mümkün deyil. Yerli icra hakimiyyəti rəhbərinin məntiqsiz kadr təyinatına etinasız qalan Səhiyyə naziri Oqtay Şirəliyevin  da mövqeyi maraqlıdır. Ancaq Nazim Əhmədovun Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi vəzifəsinə təyin olunması ilə bağlı icra başçısı Niyazi Bayarmovun məsuliyyəti nə qədər böyükdürsə, Səhiyyə naziri Oqtay Şirəliyevin  məsuliyyəti ondan da az deyil. Biz isə Nazim Əhmədovun Səhiyyə İdarəsinin rəisi təyin olunmasının görüməyən məqamlarını və bu şəxsin baş həkim olduğu dövrdə  Gəncə şəhər Abbas Səhhət adına 1 Saylı Xəstəxanasında baş verən ölüm halları ilə bağlı araşdırmaların nəticələrini üzə çıxarmağa çalışacağıq. Yazıda adları keçən şəxslərin də mövqeyini dinləməyə hazırıq.

İlqar Əliabbas,

Yeni Sözçü qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti